Elmar Məmmədyarov: "Danışıqlar aparmaqla sülh alınmırsa, qarşı tərəfi sülhə məcbur etməlisən" — EKSKLÜZİV

GÜNDƏM 30 sen 2020, 17:33

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov işğal altında olan ərazilərimizdə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu anti-terror əməliyyatlarından danışıb. 


Elmar Məmmədyarov Demokrat.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın tutduğu mövqe ədalətlidir və beynəlxalq sənədlərin tələblərinə əsaslanır:


"Azərbaycanın mövqeyi birmənalıdır və torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Bu işğalın nəticəsində Azərbaycanın 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. bütün bunlar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə də öz əksini tapıb. Həmin qərarlar beynəlxalq hüquqa malikdir. Azərbaycan 30 ilə yaxındır ki, sülh danışıqlarını seçmişdi, ancaq bu müddətdə problem öz həllini tapmadı. Bilirsiniz, diplomatiyada "sülhə məcburetmə" adlanan anlayış var. Yəni, əgər danışıqlar prosesi ilə sülh alınmırsa, o zaman qarşı tərəfi gərək sülhə məcbur etməlisən. İndi Azərbaycan dövlətinin atdığı son addımlar tam şəkildə ədalətli və beynəlxalq hüququn tələblərinə uyğundur. Mən bu addımı tam şəkildə dəstəkləyirəm və Azərbaycan Ordusuna uğurlar arzu edirəm. Allahın köməyi ilə Azərbaycan Ordusunun uğurları indikindən də çox olacaq".


Elmar Məmmədyarov Fransa prezidenti Emmanüel Makronun Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən açıqlamasına da münasibət bildirib. 


Onun sözlərinə görə, Emmanüel Makronun Qarabağda baş vertən son hadisələrlə bağlı fikirləri Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindəki tərəfsiz olmaq prinsiplərinə tamamilə ziddir:


"Emmanüel Makronun həmin fikirləri ilə tanışam. Bilirsiniz ki, Fransada erməni diasporu güclüdür. Görünür ki, erməni diasporu bu məsələdə Makronu təzyiq altına salmağa çalışır. Amma Azərbaycanın atdığı son addımlar bütövlükdə ATƏT-in Minsk qrupunun prinsiplərinə uyğundur. Biz dəfələrlə Minsk qrupu həmsədrləri ilə görüşüb müzakirələr aparmışıq, onlar da işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe tutmasından məlumatlıdırlar. Ümumiyyətlə, Fransanın Minsk qrupundan kənar hər hansı addım atacağına inanmıram. Çünki ABŞ və Rusiya da Minsk qrupunun həmsədr dövlətləridir. Onlar hər hansı addım atan zaman birlikdə qərar verirlər. Minsk qrupunun digər həmsədr dövlətləri olan ABŞ və Rusiya isə Azərbaycanın haqlı mövqedə olduğunu anlayır. Ona görə də hələlik bu məsələyə Fransa kimi qərəzli yanaşmırlar".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top