Zibilliyin sinonimindən abadlığın sinoniminə — Bakı kəndlərinin siması dəyişir

TƏHLİL 26 sen 2020, 19:04

“Balaxanı zibilliyi”. Bu, ifadə Azərbaycanda natəmizliyin sinonimi halını almışdı. Həqiqətən də bir neçə il öncə Bakının Balaxanı qəsəbəsi zibilliyin “simvolu” olaraq tanınırdı. 


İndi nə Balaxanıdakı natəmizlikdən, nə də bu natəmizliyin sinonimi olan “Balaxanı zibilliyi” ifadəsindən əsər-əlamət qalmayıb. İndi Balaxanı Bakının ən təmiz və maraqlı yaşayış məkanlarından biridir və qəsəbəni abadlığın sinonimu hesab etmək olar. 


Qəsəbədə həyata keçirilən yenidənqurmaq artıq yerli turistlərin diqqətini cəlb edib. Son bir neçə həftədə paytaxt sakinləri Balaxanı yaradılan kreativ qəsəbəni görmək üçün axışır.


Natəmiz qəsəbə necə gözəlləşdirildi?


“Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə “Təmiz Şəhər” ASC yaradıldı. ASC-nin ilk mühüm addımı tam avtomatlaşdırılmış “Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu”nun fəaliyyətə başlaması idi.


Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı kəndlərinin abadlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Balaxanının təmizlənməsi və müasir qəsəbəyə çevrilməsi bu işdə ən gözəl nümunələrdən biridir.


Qəsəbə abadlaşdırılarkən onun tarixinin qorunmasına da xüsusi diqqət yetirilib. Tarixi memarlıq abidələri bərpa edilib.


1635-1636-cı illərdə inşa olunan Şah Səfi karvansarayı, XIV əsrə aid Hacı Şəhla Məscidi və Şakir ağa türbəsi, XIV əsrdə inşa olunmuş Ovdan bərpa olunub. Ovdanı mənbəyindən su götürmək üçün 40 pillə enmək lazımdır, bu da turistlər üçün xüsusi maraq yaradır.


Bununla yanaşı, qəsəbədə XIV əsrə aid 3 hissəli “Qum hamamı” yenidən qurulub. Mirzə Ələkbər Sabir adına park da yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib.


Məlumata görə, qəsəbədə görülən işlər nəticəsində mərkəzi kanalizasiya sistemi və fərdi evlərə çəkilən xətlər (35 min poqonmetr) təzələnib, mərkəzi elektrik xətti yenilənib və fərdi evlər ona qoşulub (31 min poqonmetr), 60 min poqonmetr uzunluğunda yeni rabitə xətləri çəkilib. Bu kommunikasiya xətlərinin əksəriyyəti yerin altına salınıb.


Qəsəbənin küçələrinə 70 min kvadratmetr yeni asfalt örtüyü salınıb, binaların fasadları bərpa edilib (50 min kvadratmetr), dam örtükləri yenilənib (42 min kvadratmetr). Tarixi küçələrə 15 min kvadratmetr daş örtüyü döşənib. Qəsəbədə 100 mindən artıq ağac və bitki (o cümlədən nar, zeytun, Eldar şamı və üzüm) əkilib. 

Həmçinin sakinlərin işlə təmin olunması çərçivəsində 120 min Lavanda və Rozmarin bitkisi və 15 min gül kolunun əkilməsi həyata keçirilib. 


Qəsəbədə kanalizasiya, elektrik, asfalt və rabitə işlərinin 95 faizi tamamlanıb, dam örtüklərinin 80 faizi yenilənib, digər dekorativ və tamamlanma işlərinin 70 faizi həyata keçirilib. İşlərin tam yekunlaşdırılması cari ilin sonuna nəzərdə tutulub.


Balaxanı artıq yeni turizm marşrutu kimi təsdiqlənib, hətta İtaliyanın məşhur “Si Viaggia” səyahət portalında qəsəbədə aparılan abadlıq işləri ilə bağlı “Turistləri və bloggerləri heyran edən Azərbaycan qəsəbəsi” sərlövhəli məqalə də dərc olunub.


Yaxın dövrdə bu gözəl qəsəbəyə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulması təşviq ediləcək.


Bakı kəndləri turizm məkanına çevrilir


Balaxanı ilə yanaşı, Bibiyehbət qəsəbəsinin dəyişən siması da heyranlıq doğurur. Vaxtilə neft ərazisi olan qəsəbə turizm məkanına çevrilir. Artıq Bibiheybət buxtası təmizlənib, ərazidə park salınıb, həmçinin incəsənət və idman şəhərcikləri, bulvar yaradılıb. Orada Bibiheybətin qədim neft mərkəzi olmasının simvolu kimi neft buruğunun maketi hazırlanıb. Hazırda qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb, yalnız bir küçə qalıb.


Ümumilikdə Bakı kəndlərinin abadlaşdırılması və turistlər üçün cəlbedici məkana çevrilməsi istiqamətində addımlar atılır. Paytaxtın 7 qəsəbəsində - Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə start verilib. Bu işlərin nəticəsində Bakı kəndlərinin turizm məkanlarına çevriləcəyi şübhəsizdir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top