İrəvana silah tədarükü: ABŞ Tiflisə təşəkkür etdi ki...

DÜNYA 26 sen 2020, 14:50

Gürcüstanın bir müddət öncə Rusiyadan Ermənistana daşınan silahları öz hava məkanından keçməsinə icazə verməməsi ABŞ-ın maraqlarına uyğundur. Bu, Azərbaycanın maraqlarına da uyğundur. Mövcud situasiya bizə daha ağıllı hərəkət edərək Ermənistana təzyiq etmək imkanları yaradır.


Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiyadan İrəvana daşınan hərbi yüklərə öz hava məkanını bağladığı üçün ABŞ Dövlət katibi Mayk Pompeonun Gürcüstana təşəkkür etməsini şərh edərkən deyib.


Politoloq qeyd edib ki, Pompeonun Gürcüstana təşəkkürü çox şeyə aydınlıq gətirmiş oldu:


“ABŞ çox yaxşı başa düşür ki, Rusiya Cənubi Qafqaz regionunu öz təsir dairəsində saxlayaraq idarə etmək üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən istifadə edir. Bundan əlavə, münaqişə tərəflərinə müntəzəm silah verərək bu və digər yollarla münaqişəni alovlandıraraq həm siyasi, həm də diplomatik təsirini hiss etdirməyə çalışır.


Gürcüstan isə rəsmi Moskvanın regionda apardığı siyasətə maneələr törədir. Təbii ki, rəsmi Tiflisə bu istiqamətdə ABŞ yaxından kömək göstərir. Bu gün ABŞ yaxşı başa düşür ki, güclü Ermənistan xarici siyasətdə birbaşa Kremlin maraqlarını xidmət edəcək. Bu baxımından onun güclənməsi ABŞ maraqlarına ziddir. ABŞ Dövlət katibi MaykPompeonun Gürcüstana təşəkkür etməsini bir daha onu göstərdi ki, Paşinyan administrasiyası ABŞ-ın və ümumilikdə Qərbin ondan gözləntilərini doğrulmur. Buna görə də o, bundan sonra Qərbdən ciddi dəstək ala bilməyəcək”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top