Gürcüstan Prezidenti Ceyhun Bayramovla görüşdü — FOTO

SİYASƏT 24 sen 2020, 20:35

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Salome Zurabişvili ilə görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Gürcüstan Prezidenti Salome Zurabişvili Ceyhun Bayramovu xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. Həmçinin nazirin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atılacağından ümidvar olduğunu ifadə edib. Salome Zurabişvili səmimi salamlarının Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş edib.


Öz növbəsində Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.


Nazir səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri üzrə olduqca faydalı müzakirələrin aparıldığını qeyd edib. İki ölkə arasında hər üç - siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olunub.


Tərəflər bölgədə mövcud olan həll olunmamış və regional təhlükəsizliyə ciddi təhdid olan münaqişələri qeyd edərək, bu münaqişələrin həll olunmasında oxşar mövqe sərgilədiklərini diqqətə çatdırıblar. Ölkələrimizin biri-birlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı vurğulanıb.


Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.


Hər iki ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi, enerji, nəqliyyat layihələrindən bəhs edilib. Regional dəhlizlərin imkanlarının daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin turizm, humanitar, mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Gürcüstan prezidenti bölgədə sülh və sabitliyin təmin olunmasının vacib olduğunu vurğulayıb.


Nazir Ceyhun Bayramov öz növbəsində, Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrinə diqqəti yönəldərək Ermənistan rəhbərliyinin son təxribatçı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.


Mövcud pandemiya şəraitində dövlətlərin həmrəylik və əməkdaşlığına olan yüksək ehtiyac qeyd olunub və bu xüsusda iki ölkə arasında yüksək əlaqələndirmə və əməkdaşlığın mövcud olduğu vurğulanıb.


Görüşün sonunda Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitse-prezidenti Gürcüstana səfərə dəvət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top