Ceyhun Bayramov Gürcüstan parlamentində görüş keçirdi — FOTO

SİYASƏT 24 sen 2020, 19:01

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədrinin müavini Kaxaber Kuçava ilə görüşüb.


XİN-dən Demokrat.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında dostluq və mehriban qonşuluq prinsipləri əsasında mövcud olan yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndiyini məmnunluqla qeyd ediblər. Bu xüsusda, ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin, həmçinin ölkələrin iştirakı ilə həyata keçirilən birgə regional layihələrin bölgədə sülh, təhlükəsizlik və rifaha töhfə verdiyi bildirilib.


İkitərəfli münasibətlərimizin əsasında beynəlxalq hüququn norma və prinsiplərinə hörmət prinsipinin dayandığı bildirilib və ölkələrimizin bir birinin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verdiyi vurğulanıb.


Azərbaycan-Gürcüstan Parlamentləri arasında əlaqələrə toxunan tərəflər bu əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etdirilməsi istiqamətində ikitərəfli səylərin artırılmasının vacibliyini səsləndiriblər. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin daha da gücləndirməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.


K.Kuçava Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən hadisələr ilə bağlı şəxsən nazirə və Azərbaycan xalqına başsağlığını bildirib və bölgədə mövcud olan münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.


C.Bayramov, öz növbəsində, dövlətlərimizin ortaq tarixi, mədəniyyət və ənənələri bölüşdüyü kimi, ortaq təhlükəsizlik təhdidləri ilə də qarşılaşdığını vurğulayaraq bu xüsusda bölgədə həll olunmamış münaqişələri qeyd edib.


Nazir Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari gərgin vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın hazırkı rəhbərliyinin davam edən təxribatçı bəyanat və fəaliyyətinin münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olunub.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün sonunda nazir C.Bayramov Gürcüstan Parlamentinin xətirə kitabını imzalayıb.


16:16


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri davam edir.


"Report"un yerli bürosu xəbər verir ki, nazir səfər çərçivəsində Gürcüstan parlamentinin sədr müavini Kaxaber Kuçava ilə görüş keçirir.


Görüşdə parlamentin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraya, azərbaycanlı deputatlar - Ruslan Hacıyev, Mahir Dərziyev, Azər Süleymanov və Savalan Mirzəyev də iştirak edirlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top