Cüdoçularımız Macarıstan və Qətərdəki yarışlara qatılacaq

İDMAN 23 sen 2020, 14:28

Azərbaycan idmançıları Dünya Cüdo Turunun Macarıstan və Qətərdəki mərhələlərində iştirak edəcəklər. 


Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.


O, milli komandanın Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə və Qətəin paytaxtı Dohadakı "World Judo Masters"ə tam heyətlə qatılmaq niyyətində olduğunu bildirib: "Hər iki yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Bizim idmançılara da müəyyən çəkilərdə xallar lazımdır. Məqsədimiz odur ki, həm cüdoçularımız olimpiadada iştirak hüququ qazansınlar, həm də lisenziyaya yaxın olanlar dünya və olimpiya reytinq cədvəlində mövqelərini möhkəmləndirsinlər".


Babanlı cüdoçuların açıq havada məşq etdiklərini vurğulayıb. Federasiya rəsmisi bəzi legioner cüdoçuların hələ də ölkə xaricində olduğunu, lakin onların adlarını açıqlamaq istəmədiyini sözlərinə əlavə edib: "Bu məsələ artıq həllini tapmaq üzrədir. Yaxın vaxtlarda milliyə qoşulub, məşq edəcəklər. Onların kənarda olmaları o demək deyil ki, məşqsiz qalıblar. Məşqçilərin nəzarətindədirlər".


Federasiya rəsmisi deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah icazə verəcəyi təqdirdə, ilin sonunda ölkə çempionatı keçirməyi planlaşdırırlar: "Qapalı məkanlarda məşq və yarışların keçirilməsinə nə vaxt icazə versələr, azarkeşsiz olsa belə, çempionatımızı keçirməyə hazırıq".


Qeyd edək ki, Budapeştdəki Böyük Dəbilqə 23 - 25 oktyabrda, Qətərdəki "World Judo Masters" isə 2021-ci il 11 - 13 yanvarda nəzərdə tutulub. 8 - 10 mayda Bakıda, 11 - 13 dekabrda isə Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan Böyük Dəbilqə yarışları isə ləğv edilib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top