Deputat: "Paşinyan faktiki olaraq danışıqların üstündən xətt çəkdi"

SİYASƏT 22 sen 2020, 19:19

"Bir neçə gün öncə cənab Prezidentin telekanallara verdiyi müsahibədə işğal olunmuş torpaqlarımızla bağlı olduqca ciddi və yeni məqamlara toxundu.  Demək olar ki, işğal olunmuş torpaqlarımızın yaranma tarixi, gedişi və bu gününə qədər onun ən mühüm səciyyəvi cəhətlərinin üzərində dayandı. Əlbəttə, bu yanaşma vaxtilə Dağlıq Qarabağ ətrafında separatçılığın başlamasını bilməyən, həmin dövrdə yaşamayan nəsillər üçün xüsusilə önəmlidir".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. 


Deputat, dövlət başçısının məsələyə ciddi şəkildə önəm verməsindən danışıb:


“Prezidentimiz haqlı olaraq, belə bir məsələyə ciddi əhəmiyyət verir ki, Dağlıq Qarabağ hər zaman ermənilər tərəfindən diqqət mərkəzində olub. Onlar ən müxtəlif yollarla, formalarla, hətta Mikoyan Sovet İttifaqında yüksək vəzifə tutanda belə, əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi gündəlikdə olub. Xüsusi olaraq, Ulu öndər Heydər Əliyevin Sovet İttifaqı dövründə hakimiyyətdə olduğu illərdə bu məsələ gündəlikdən tamamilə çıxarılmışdı. 1987-ci ildə Azərbaycan xalqının qanını tökmüş, cəllad Qorbaçovun hərtərəfli himayəsi ilə Dağlıq Qarabağın yenə də Azərbaycandan alınaraq Ermənistana verilməsi kampaniyasına start verildi. Bunun birbaşa önündə Qorbaçov və onun ətrafındakı ermənilər dayanırdı. Məhz Prezidentimizin də dediyi kimi, Ulu öndərimiz 1987-ci ildə Siyasi Bürodan istefa verdikdən sonra bu məsələ ermənilər tərəfindən ən müxtəlif səviyyədə qaldırıldı və onlar Qorbaçovdan ciddi dəstək əldə etdilər”. 


Partiya sədri, müstəqilliyin ilk dövrlərində baş verənləri bu cür şərh edib:


“Sonrakı illərdə eynən Moskvaya bağlı adamların yarıtmaz və anti-milli hərəkətləri bu separatizmin qarşısını ala bilmədi. Azərbacyan Xalq Cəbhəsi - Müsavat cütlüyünün hakimiyyəti illərində isə səriştəsizlik, eyni zamanda həmin dövrdə hakimiyyətdə təmsil olunan və Moskvanın kəşfiyyat orqanlarının alətinə çevrilən xəyanətkarların əməlləri nəticəsində işğala son qoyulmadı. 1993-cü ilədək böyük və geniş imkanlar qazanan ermənilər Yeltsin hakimiyyətinin gücü ilə işğalı genişləndirdilər. Ulu öndərimizin diplomatik səyləri və 1994-cü ildə ordumuzun əldə etdiyi ciddi uğurlar işğalın geniş miqyas almasına imkan vermədi. Əksinə, əks-hücum nəticəsində torpaqlarımızın bir qismi erməni və rus işğalından azad edildi. O zaman vəziyyət son dərəcə mürəkkəb idi və belə bir şəraitdə atəşkəs rejimi əldə olundu ki,  torpaqlarımızın digər qisminin işğalı mümkün olmasın”. 


F.Ağamalı hesab edir ki, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün Minsk Qrupu həmsədrlərinin himayəsindən istifadə edir:
 

“Artıq uzun illərdən bəri Ermənistanın işğalına son qoymaq və işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının təmin etmək missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də fəaliyyəti faktiki olaraq Ermənistanın stimullaşdırıb. Ermənistan isə status-kvonu qoruyub saxlamaq üçün Minsk Qrupu həmsədrlərinin himayəsindən bu günə qədər istifadə etməkdədir. Ermənistanda Köçəryan-Sarkisyan kriminal rejiminin dəyişilməsindən sonra hakimiyyətə gələn və gəlişi ilə hər zaman qeyri-adekvat addımları ilə diqqəti cəlb edən, diletant fəaliyyəti ilə gülüş doğuran Paşinyan faktiki olaraq danışıqların üstündən xətt çəkdi. Beləliklə, ən müxtəlif bəhanələrlə və reallaşması mümkün olmayan bəyanatlarla danışıqları dalana dirədi. Xüsusi olaraq, “Qarabağ, Ermənistandır!” kimi avanturist fikri ilə sülh danışıqlarına nöqtə qoydu. Sonrakı addımları ilə də onu davam etdirdi və hətta işğal olunmuş torpaqlarımıza ardıcıl səfərləri və orada verdiyi bəyanatlar, ortaya qoyduğu davranışlar ölkə Prezidentinin də dediyi kimi birmənalı şəkildə danışıqları mənasız etdi”. 


“Cənab Prezident, bir daha söylədi ki Azərbaycan danışıqlar xatirinə danışıqlara getməyəcək. Əgər Ermənistan danışıqlara getmirsə, Azərbaycan da buna təkid etməyəcək. Beləliklə, açılım müharibədir.  Bu gün Azərbaycan güclü dövlətdir, Azərbaycanın qüdrətli ordusu var, cəmiyyətimizi işğal olunmuş torpaqlarımızın azad edilməsinə tam mənada köklənib. Beləliklə, qətiyyətli, vətənpərvər, güclü lider olan Ali Baş Komandan, onun yaratdığı möhtəşəm və dünyanın 50 güclü ordusundan biri olan Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan xalqının iradəsi. Bu üç fenomen bu gün işğal olunmuş torpaqlarımızı azad etmək üçün kifayətdir. Məhz cənab Prezidentin telekanallara vermiş olduğu müsahibədən çıxarılan nəticə budur ki, biz müharibə yolu ilə torpaqlarımızı azad etməliyik. Bu, artıq qaçılmazdır. 200 ildən bugünədək tarixi torpaqlarımızı onu himayə etmiş dövlətlərin vasitəsilə mənimsəyib, işğal edib özünə dövlət yaradan ermənilər, nəhayət, ciddi və Ermənistanı sarsıdan, onun dövlətçiliyinə ciddi zərbə vuran şəkildə dərsini almalıdır. Bu gün çox da uzaqda deyil”- deyə, millət vəkili qeyd etdi. 

 

Zaur Zahidoğlu

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top