PKK-nın ümidinə qalan Ermənistanın yeni terror planı — Azərbaycan hər an anti-terror əməliyyatlarına başlaya bilər

TƏHLİL 21 sen 2020, 16:59

Bir neçə gün öncə Ermənistanın PKK terrorçularını Qarabağa gətirdiyinə dair məlumatlar yayıldı. Türkiyənin “Cumhuriyyet” qəzeti təhlükəsizlik mənbələrinə istinadən xəbər verirdi ki, PKK “xüsusi təyinatlıları” Azərbaycanın işğal edilmiş ərazilərinə gətirilib. İşğalçı ölkənin bu addımının səbəbləri məlumdur. Ermənistan ordusunda acınacaqlı vəziyyət yaranıb və bu gün postda dayanan əsgərlərin sayında belə çatışmazlıqlar var. 


Əgər müharibə başlayarsa, erməni hərbi birləşmələrinin canlı qüvvəsi azlıq edəcək. Erməni gənclərin müxtəlif yollarla hərbi xidmətdən yayınması da vəziyyəti çətinləşdirir. Bu baxımdan, işğalçı ölkə ümidini terror təşkilatına bağlayıb.

 

Açıklama yok.


Bununla yanaşı, Ermənistanın ümidini PKK-ya bağlaması bu ölkənin mayasının terrorla yoğrulmasından irəli gəlir. Hələ 1980-ci illərdə erməni terror təşkilatı ASALA ilə PKK Livanda razılaşma imzalamışdı. Məqsəd Türkiyəyə qarşı birgə hərəkət etmək idi. 


1990-cı illərdə isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsində PKK terrorçuları aktiv iştirak etdilər. 

 

Açıklama yok.


Ermənistanın terror üzərində qurulduğunu, tarix boyu terroru mübarizə vasitəsi olaraq seçmələri faktı fonunda da PKK-nın Qarabağa gətirilməsi təəccüblü deyil. Ermənilər zaman-zaman Türkiyəyə və Azərbaycana qarşı törətdiyi terror aktları da bunu sübut edir.


1973-cü ildən başlayaraq, 1985-ci ilə qədər ASALA və digər erməni terror təşkilatları Türkiyə diplomatlarına qarşı 30-dan çox terror hücumu həyata keçirib. ASALA-nın 1985-ci ilin 15 iyulunda Türk Hava Yollarının Paris Orli hava limanındakı bürosu qarşısında bomba partlatması nəticəsində iki türk, dörd fransız, bir amerikalı və bir isveçli olmaqla 8 nəfər öldü, 63 nəfər yaralandı. Bu terror aktı tarixə “Orli qətliamı” olaraq düşüb.

 

Açıklama yok.


XX əsrin əvvəlində Azərbaycanda mülki insanlara qarşı soyqırımı törədən ermənilər əsrin sonunda yenidən terrora əl atdı. 


1991-ci ilin 8 sentyabr tarixində Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər həyatını itirdi, 36 nəfər yaralandı. Buna qədər isə 9 belə terror aktı törədilmiş, 68 nəfər - xüsusilə qadınlar, uşaqlar, qocalar terrorun qurbanı olmuş, 132 nəfər müxtəlif bədən xəsarətləri almışdı.

 

Açıklama yok.


1991-ci il 20 noyabr tarixində Qarakənd yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyotunun vurulması nəticəsində mülki insanlar həlak olub. 


1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülkü vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərniş və 3 ekipaj üzvü həlak oldu. Erməni terrorçuları tərəfindən hava nəqliyyatında törədilən terror aktları nəticəsində, ümumilikdə 176 nəfər həlak olub.

 

Açıklama yok.


1992-ci il 8 yanvar tarixində “Krasnovodsk-Bakı” sərnişin bərəsinin partladılması 25 nəfərin həlak olması, 88 nəfərin ağır yaralanması ilə nəticələndi. 


1994-cü il 19 mart tarixində isə Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında daha bir terror aktı törədildi: 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. 


Həmin il iyulun 3-də Bakı metropoliteninin 28 May - Gənclik stansiyaları arasında elektrik qatarında daha bir partlayış törədildi. Nəticədə 13 nəfər həlak oldu, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

 

Açıklama yok.


Erməni terrorunun əsas hədəflərindən biri də məhz azyaşlılardır. Xocalı soyqırımında azərbaycanlı uşaqları qəddarcasına qətlə yetirən ermənilər 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq, Tovuz rayonu ərazisindən axan çaya buraxmaqla iki uşağın ölümü ilə nəticələnən terror aktı törətdilər. 


2011-ci ildə erməni terrorçular partlayıcı maddənin yerləşdirildiyi uşaq oyuncağından yenə istifadə etdilər. 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır bədən xəsarəti aldı. 

 

Açıklama yok.


2017-ci ildə erməni terrorçuların açdığı atəş nəticəsində 2015-ci il təvəllüdlü, 2 yaşlı Zəhra Quliyevə və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. 


2016-cı ilin “aprel döyüşləri” zamanı erməni hərbi birləşmələri ikisi uşaq olmaqla 6 mülki şəxsi qətlə yetirib, 26 mülki şəxs yaralanıb. Bu ilin 12 iyul tarixində Tovuz istiqamətində törətdikləri növbəti təxribat hücumu nəticəsində 1944-cü ilə təvəllüdlü Əzizov Əziz həlak olub.


Tovuz döyüşlərindən sonra ermənilərin Azərbaycanın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə və soydaşlarımıza hücumu da onların terror mahiyyətindən xəbər verir.

 

Açıklama yok.


Terroru dövlət siyasətinə çevirən Ermənistanın PKK-nı Qarabağa gətirməsi heç də təsadüfi deyil. Burada hədəflərdən biri də terrorla Azərbaycan tərəfində qorxu hissi yaratmaqdır. Ancaq bütün bunlar Azərbaycanı haqq mübarizəsindən çəkindirə bilməz. Azərbaycan bölgənin əsas gücüdür və Ordumuz son 4 ildə üç uğurlu əməliyyatla – “aprel müharibəsi”, Günnüt əməliyyatı və Tovuz döyüşləri – erməni hərbi birləşmələri üzərində gücünü göstərdi. Ermənistanı bundan sonra PKK belə xilas edə bilməyəcək. 


Azərbaycanın beynəlxalq hüquqa əsasən öz torpaqlarında anti-terror əməliyyatı keçirəcəyi gün uzaqda deyil.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top