Bəşəriyyətin xoşbəxt gələcəyi üçün Azərbaycan MODELİ

TƏHLİL 21 sen 2020, 12:33

Bütün dinlərin və etnik azlıqların bərabərhüquqlu şəraitdə yaşadığı, hər kəsin dini inancının dövlət tərəfindən qorunduğu ölkələr dünyada bir əlin barmağından da azdır. Xüsusilə demokratiya, insan haqlarından bəhs edən Avropanın inkişaf etmiş dövlətlərində anti-İslam dalğasının getdikcə güclənməsi fonunda dünyanın heç olmadığı qədər tolerantlığa, multikulturalizmə ehtiyacı var.


Bu mənada Azərbaycan bütün bəşəriyyət üçün nümunə olacaq, hətta deyərdik ki, sivilizasiyalar arası toqquşmaların olduğu dövrdə bəşəriyyətin xilasında əhəmiyyətli rol oynayacaq ölkədir.


Azərbaycanda tolerantlıq Konstitusiya ilə qorunur. Əsas Qanunun 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.


Ölkə rəhbərliyi bu hüququ dövlət səviyyəsində təmin edir. Nəticə etibarilə bu gün Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan xristianları, Alban-udi xristian dini icması, Avropa yəhudiləri - əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan krişnaçılar, bəhailər və s. dinlərin mənsubları tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahat şəkildə yerinə yetirirlər. Ölkədə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir. Qubada yəhudilərə məxsus olan “Qırmızı” qəsəbə isə tolerantlığın əsl nümunəsidir. Bu qəsəbə təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.


Sovet dövründə ölkədə cəmi 17 məscid olmasına baxmayaraq, müstəqillik dövründə onların sayı iki minə çatdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib.


1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulubdur. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən əsaslı şəkildə yenidən qurulub. 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. 


Dövlət başçısının sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində, həmçinin, Gəncə şəhər İmamzadə əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıbdır. Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunubdur.


Azəbaycan İslam dinin həmrəy olduğu yeganə ölkədir.

 

Açıklama yok.


Ölkədə İslamın ən böyük iki məzhəbi – sünni və şiələr vəhdət namazı qılır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESKO kimi aparıcı təşkilatların fəal üzvü olaraq İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. Təsadüfi deyil ki, Bakı 2009-cu ildə İslam Mədəniyyəti paytaxtı elan edildi. Həmçinin, İSESKO tərəfindən 2018-ci il üçün “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” elan olunub. Gəncə və Şəki də “İslam mədəniyyətinin paytaxtları” layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın İslam dininin və mədəniyyətinin qorunduğu, İslam dünyasında önəmli rol oynayan ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir. Azərbaycan müsəlman aləmində ilk ölkə olaraq, Vatikanda öz sərgisini nümayiş etdirməsi də ölkəmizin İslam dünyasındakı mühüm rolunu isbat edir.


İslam dini ilə yanaşı, digər dinlərin dövlət tərəfində qorunması da göz önündədir. Azərbaycanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb.


Dinlərarası, millətlərarası əlaqələrin inkişafında mühüm rol oynayan Azərbaycanın Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri kimi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil.


2008-ci ildə başlanan “Bakı prosesi” dünya üçün ən əhəmiyyətli platformadır. BMT də “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 


2008-ci ildə Bakıda Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısı keçirilərkən, Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin də mədəniyyət nazirləri dəvət edildi, beləliklə, ilk təmas yarandı. Həmin vaxtdan etibarən bu təmaslar sıxlaşdırıldı və ötən il 10 illiyi qeyd olunan “Bakı prosesi” artıq bəşəriyyət üçün əsas dialoq platforması rolunu oynayır.


Ötən il keçirilən “Dünya dini liderlərinin II Bakı Sammiti” tolerantlığın, multikulturalizmin qorunması və inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlardan idi. Sammitdə 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lideri və təmsilçiləri, eləcə də 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi iştirak edirdi.


Çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb. Ölkəmiz Etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir. Çünki Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir, bütün etnik azlıqların mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır. Məhz bu siyasətin nəticəsində Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb.


Bu gün Azərbaycan münaqişələrin davam etdiyi, dini-etnik ayrıseçkiliyin artdığı dünyada gələcək üçün yeganə xilas yolunu – tolerantlığı, multikulturalizmi qoruyan, inkişaf etdirən və bəşəriyyətə xilas modeli təqdim edən yeganə ölkədir...


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top