Şimali Koreya ABŞ bankları vasitəsilə 175 milyonu leqallaşdırıb

DÜNYA 21 sen 2020, 12:01

Şimali Koreya illərdir Nyu-Yorkdakı tanınmış banklar vasitəsilə çirkli pulların yuyulmasını həyata keçirib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə gizli bank sənədlərinə istinadən “NBC News” məlumat verib. Bildirilib ki, Şimali Koreya ilə əlaqəli təşkilatlar bir neçə il ərzində 174,8 milyon dollardan çox pul yuyublar. Üstəlik, əməliyyatların “JPMorgan Chase” və “Bank of New York Mellon” da daxil olmaqla Amerika bankları vasitəsi ilə həyata keçirildiyi bildirilib.


Sənədlər Barak Obama və Donald Tramp administrasiyalarının Şimali Koreyaya qarşı sanksiyaları tez-tez sərtləşdirdiyi 2008 - 2017-ci illəri əhatə edir. Ancaq buna baxmayaraq, Pxenyan Çin şirkətlərinin köməyi ilə sanksiyalardan yan keçməyi bacarıb.


“JPMorgan Chase”in məlumatına görə, 2011-ci ildən 2013-cü ilədək 89,2 milyon dollarlıq əməliyyat bankdan keçərək Şimali Koreya ilə əlaqəsi olan 11 şirkət və şəxsə fayda gətirib.


Qeyd edək ki, kanal tərəfindən baxılan sənədlər beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu, “BuzzFeed News” və "NBC News”un birgə layihəsi olan “FinCEN Files”in bir hissəsidir. Layihə çərçivəsində banklar tərəfindən Maliyyə Nazirliyinin “FinCEN" kimi tanınan maliyyə cinayətləri ilə mübarizə şəbəkəsinə təqdim edilən şübhəli fəaliyyətlə bağlı gizli sənədlər və digər istintaq sənədləri araşdırılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top