"Neftçi"nin baş məşqçisi: "Uşaq səhvləri etdik"

İDMAN 17 sen 2020, 23:01

"Matça çox ciddi hazırlaşmışdıq. Komanda olaraq, oyuna köklənmişdik, qələbə qazanmaq istəyirdik. Belə rəqiblər xırda səhvləri bağışlamırlar. Meydanda çox əzmkarlıq göstərdik, belə matçda xırda səhv edən məğlub olacaq. Kobud səhvlər məğlubiyyətə səbəb oldu. Qarşıdakı oyunlara köklənəcəyik".


"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.


43 yaşlı mütəxəssis bildirib ki, rəqibin orta xətti çox güclüdür: "Səhvlərdən istifadə edib, əks hücuma çıxmaq istəyirdik. İkinci hissədə hesabda geri düşəndən sonra komandaya inanırdım. Qurduğumuz plan rəqibin rahat oynamasına icazə verməməlidir. Uşaq səhvləri etdik, bu səviyyədə belə səhvlər olmamalıdır. Qol vurduqdan, qapıda tez qol görmək üzücüdür".


Məmmədov hücumçu Prins İbaradan razı qaldığını əlavə edib: "O, tapşırığı yerinə yetirdi, bizə uyğunlaşdıqdan sonra daha yaxşı olacaq".


Mütəxəssis Səlahət Ağayevin zədəli olduğunu söyləyib: "Yaxın günlərdə məşqlərə başlayacaq. S.Monrozun zədəsi var idi, "Sumqayıt"la görüşə iynə çıxmışdı. Qərar verdik ki, müalicə olunsun, həkimlərin dediyinə görə qarşıdakı günlərdə bizə qoşulmalıdır".


"Əvvəlki matçlarda motivasiya görünmürdü. Bu oyunda əvvəlki səhvləri etmirdik, ötürmələrdə xırda səhvlərə yol verdik. Çempionatda "Qarabağ"la qarşılaşacağıq. Meydana yalnız qələbə üçün çıxacağıq" deyən gənc baş məşqçi yeni transferlərin komandaya uyğunlaşmaq üçün vaxtın lazım olduğunu bildirib: "Zamanla onlar öz keyfiyyətlərini göstərəcək. Matçlar oynadıqca futbolçular daha yaxşı olacaq".


Məmmədov Emin Mahmudova hücumların qurulmasını tapşırıqdıqlarını əlavə edib: "Rəqib çox keyfiyyətli futbolçulardan ibarətdir. Onlar xırda səhvləri bağışlamırlar. Sabir Buqrini ona görə meydana buraxdım ki, Prins İbara yorulmuşdu, həm də sarı vərəqəsi var idi. O qırmızı vərəqə alsaydı, bir oyunçunu itirə bilərdik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top