Ramin Hacılı 35 nəfərin pulunu qaytarmadığına görə məhkəməyə verildi

HADİSƏ 14 sen 2020, 10:36

Azərbaycan Avropa Hərəkatının prezidenti, ictimai fəal Ramin Hacılının cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.


PARLA-nın əldə etdiyi məlumata görə, Hacılı Ramin Rasim oğlu və Qasımov Fəxrəddin Azad oğlunun cinayət işinə hakim Hafiz Kamranov sədrlik edəcək.


Qeyd edək ki, R.Hacılı və F.Qasımov barəsində cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində aparılıb.


İttiham aktına görə, Azərbaycan Avropa Hərəkatının prezidenti R.Hacılı şengen vizası almaq üçün 35 şəxsdən külli miqdarda pulu alıb qaytarmayıb. R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.


Dövlət Sərhəd Xidmətinin yaydığı açıqlamada qeyd olunub ki, 2018-ci ilin iyun ayında R.Hacılı saxlanılarkən 250 min manat borcu olduğunu bildirib və bu səbəbdən ölkədən qanunsuz çıxmaq istədiyini deyib.


Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları 2018-ci il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlunu saxlayıb. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəllsinin 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd), 178.2.4 və 178.2.2-ci ( bir qrup şəxsə qarşı təkrar dələduzluq etmə) maddələri ilə ittiham irəli sürülüb və hər iki şəxs məhkəmənin qərarı ilə həbs edilib. 2019-cu ilin aprel ayında isə zərərçəkmişlərə dəymiş ziyanın bir hissəsi ödənildiyi üçün istintaq müddətində həbs- qətimkan tədbiri başqa yerə getməmə imkan tədbiri ilə əvəzlənib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top