Vahid Əhmədov: "Dövlət tərəfindən buna çox sərt reaksiya verilməlidir"

SİYASƏT 13 sen 2020, 00:07

Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarına Livan, Suriya və s. dövlətdən erməniləri köçürməsi son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir. Maraqlıdır, öz vətəndaşlarının sosial-iqtisaid problemlərini həll edə bilməyən Ermənistan xarici dövlətlərdən gətirilən ermənilərin ehtiyaclarını qarşılamaq üçün gərəkli potensiala malikdirmi?  İşğal edilmiş Azərbaycan torpaqlarına erməni axını rəsmi İrəvanın iqtisadi və maliyyə vəziyyətini daha da ağırlaşdıra bilərmi?

 

Millət vəkili Vahid Əhmədov məlum problemin kifayət qədər ciddi olduğunu vurğuladı: “Bu, olduqca təhlükəli bir prosesdir. Bununla bağlı prezidentin köməkçisi Hikmət Hacıyev də açıqlama verdi, baş verənlərin mahiyyətinə aydınlıq gətirdi, Ermənistanın məkrli siyasətini ifşa etdi. Qarabağın Azərbaycan ərazisi olmasına baxmayaraq, onlar faktiki olaraq bu ərazini terror yuvasına döndərib. Ora yığılanların 90%-i terrorçulardır. Hesab edirəm ki, dövlət tərəfindən buna çox sərt reaksiya verilməlidir. Bu məsələnin araşdırılması üçün də beynəlxalq təşkilatlara müraciət edilməlidir. Düşmən görür ki, Qarabağın azadlığı istiqamətində Azərbaycanın dövlət başçısı çox ciddi iş aparmaqdadır. Türkiyə dövləti də bu məsələdə Azərbaycanın yanındadır. Ermənistan başa düşür ki, Azərbaycan qısa zaman ərzində işğaldakı torpaqlarını azad edəcək. Buna görə də işğaldakı ərazilərə terrorçuları, muzdluları yığmağa çalışırlar. Hansı ki, sabah müharibə başlasa, onları güllə qabağına verəcəklər.

 

Ermənistanın iqtisadi baxımdan acınacaqlı durumda olduğu hər kəsə bəllidir. Bu baxımdan ola bilsin ki, İrəvan işğal edilmiş Azərbaycan torpaqlarına köçürülən ermənilərin sosial-iqtisadi problemlərini xaricdəki erməni diasporları, müxtəlif ianələr və s. hesabına təmin etməyə çalışacaq. Təbii ki, Ermənistanın bu cəhdləri Azərbaycanın işğaldakı torpaqları azad etməsinə mane olmayacaq. Lakin istənilən halda dövlətimizin bu məsələni beynəlxalq təşkilatlar qarşısında ciddi şəkildə qaldırmasına ehtiyac var”. /Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top