Erməni əsiri videoya çəkən hərbçilərlə bağlı qərar nəyə xidmət edir?

TƏHLİL 12 sen 2020, 10:52

Hərb sənətinin öz qanunları var və bu qanunların ən birincisi hərbi sirrin qorunması, tabe olduğun komandirin əmrini yerinə yetirmək, yaxud əmr verilmədən hərəkət etməməkdir. Bu, orduda nizam-intizamın qızıl qaydasıdır. Nizam-intizam olmadıqda özbaşınalıq və xaos yaranır, nizamsız ordu nəinki döyüşə, adi müdafiə xarakterli fəaliyyətdə axsaya bilər.


90-cı illərdə intizamın olmadığı ordunun acı məğlubiyyətini bu ölkə yaşayıb. Ordu quruculuğu dövründə əsas prioritet məhz nizam-intizam olub. Bu gün Azərbaycan ordusu məhz dəmir intizamın sayəsində bölgənin ən peşəkar Silahlı Qüvvəsinə çevrilib.


Ordumuz avqustun 23-də cəbhənin Goranboy istiqamətində hücuma keçən erməni diversiya-kəşfiyyat qrupunun təxribat cəhdinin qarşısını aldı, qrupun komandiri Qurgin Alberyan əsir götürüldü. Bu, işğalçı Ermənistan üçün ciddi psixoloji-hərbi zərbə deməkdir.


Əsir götürülən diversiya qrupunun komandirinin ifadəsi sayəsində düşmənin bir çox sirri ələ keçirildi və Ermənistan çətin vəziyyətə düşdü.


Lakin bu uğurlu əməliyyatda nizam-intizamın pozulması halı da diqqətdən qaçmadı. Belə ki, erməni kəşfiyyatçını əsir götürən hərbiçilərimiz onu videolentə alır. Məsələ hərbiçilərimizin nə etdiyi yox, məhz orduda qadağan olunan smartfon tipli telefondan istifadə etməsidir.


Smartfon tipli telefondan istifadə qadağasını pozan hərbiçilərimiz hərbi xidmətdən ehtiyata buraxılıb. Bundan sonra məsələni yanlış formada təqdim etmək cəhdləri müşahidə olundu.


Müdafiə Nazirliyinin bununla bağlı rəsmi açıqlamasında qeyd olunur ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar: 


“Həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”.


Faktiki olaraq, hərbiçilərimiz ən vacib tələbləri pozub.


Həm smartfon tipli telefondan istifadə qadağasına əməl etməyiblər, həm də əsir götürülmüş erməni kəşfiyyatıçının görüntülərinin sosial şəbəkələrdə paylaşılmasına şərait yaradaraq, hərbi sirrin yayılmasına səbəb olub. Bunun təbii ki, hüquqi qiyməti olmalıdır. Məsələyə hüquqi qiymət verilməzsə, ilk növbədə ordunun ən vacib prinsipi olan nizam-intizamın pozulmasına presedent yaradılar. 


Smartfon tipli telefonlardan istifadə qadağasına gəlincə, bu, məhz hərbi sirlərin qorunması məqsədi daşıyır. Çünki bu tipli telefonlara müdaxilə etmək, telefon istifadəçisinin olduğu yeri müəyyənləşdirmək, hətta istənilən məlumatı əldə etmək imkanı var. Bu baxımdan, orduda belə telefonların istifadəsi qadağandır.


Həmin hərbiçilərin ordudan uzaqlaşdırılması və hüquqi məsuliyyətə cəlb olunması Silahlı Qüvvələrdə nizam-intizamın qorunmasına, eləcə də hərbi sirlərin yayılmasının qarşısını almağa xidmət edir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top