Prezidentin vahid komandasına qarşı çıxanlar kimlərdir?! — TƏHLİL

TƏHLİL 10 sen 2020, 10:50

Müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunması anlamına gələn dövlət anlayışı onu idarə edən hakimiyyət anlayışı ilə iç-içədir. Dövlət olmasa hakimiyyət olmaz, hakimiyyətin olmadığı dövlət də dövlət deyil. Yalnız güclü və vahid hakimiyyətin mövcud olduğu dövlətlər mövcudluğunu qoruya və inkişaf edə bilirlər.


Siyasi ədəbiyyatda buna monolit hakimiyyət, yaxud vahid komanda da deyilir. Təcrübəyə görə, monolit olmayan, vahid məqsəd və amal uğrunda hərəkət etməyən hakimiyyət idarə etdiyi dövlət üçün ciddi təhlükədir. 


MDB məkanında son 15-20 il ərzində dövlət üçün yaranan belə təhlükələri görmüş və nəticələr çıxartmışıq. İstər qonşu Gürcüstan, istər Ukrayna, istərsə post-sovet məkanında digər ölkələrin acı təcrübəsi göz önündədir. Bu acı təcrübə məhz neqativ idarəçiliyin, hakim komandanın tərkibində iki və daha çox tirəliyin olmasının, vətəndaşa xidmətin unudulması və qanunların işləməməsindən qaynaqlanırdı. 


Bununla yanaşı, sistemin daxildən köhnəlməsi həmişə dövlət üçün təhlükə mənbəyi hesab olunur.

 

Açıklama yok.


Prezident İlham Əliyevin uzaq görənliyi sayəsində Azərbaycan neqativ gözləntilərin önünə keçdi və belə demək mümkünsə, ölkədə islahatlarla inqilab edildi. Adətən inqilabla edilən islahatlar özü ilə xaos gətirir və uzunömürlü olmur. Əksinə, islahatla edilən inqilab dövlətin təməllərinin möhkəmlənməsində mühüm rol oynayır. Prezident islahatla etdiyi inqilabla Azərbaycan dövlətinin təməllərini möhkəmləndirdi. 


Köhnəlmiş sistem yeniləndi, yaşlı və müasir tələblərlə ayaqlaşa bilməyən kadrlar gənc, müasir dünyagörüşlü və cəmiyyət arasında nüfuzlu kadrlarla əvəzləndi, dövlət büdcəsinə yük olan qurumların ləğvi və vahid mərkəzdə birləşdirilməsi ilə struktur dəyişiklikləri həyata keçirildi. Beləliklə, qanunların işləkliyi artırıldı, vətəndaşa xidmətin keyfiyyəti və səviyyəsi yüksəldi, idarəçilikdə neqativ hallar aradan qalxdı.


Prezident İlham Əliyevin 2018-ci ildən start verdiyi, sosial-iqtisadi, eləcə də struktur və kadr dəyişikliyini özündə ehtiva edən genişmiqyaslı islahatlar paketinin hədəfi Azərbaycan dövlətinin güclənməsi, Azərbaycan xalqının daha yaxşı yaşamasıdır.

 

Açıklama yok.


Ancaq bəzi siyasətçilərin dilindən bu islahatları, xüsusilə kadr dəyişikliyini “köhnələr və yenilər”, “hakimiyyətin islahatçı komandası” və digər bu tipli izahlarla təqdim etdiyi müşahidə olunur. 


Prezident İlham Əliyevin strateji əsaslara söykənən dərin islahatları və onun gerçək hədəfləri fonunda belə fikirlərin absurd və cəfəng olduğu aydın görünür.


Birincisi, hakim komandanın monolitliyi heç vaxt pozulmayıb. Bunun əsas səbəbi bu komandanın liderinin Prezident İlham Əliyev olmasıdır və xalq həmişə onun yanındadır.


İkincisi, dəyişikliklər kimlərinsə “vurulması”, yaxud bəzi siyasətçilərin təbirincə desək “köhnələrin” idarəetmədən kənarlaşdırılması yox, daha effektiv idarəçiliyin qurulmasına hesablanıb və hakimiyyətdə “köhnələr və yenilər” anlayışı yoxdur. Gənc, savadlı, dünya görüşü zəngin olan peşəkar, əqidəli və vicdanlı kadrlar var, bu kadrlar idarəetməyə yeni gətirilməyib, əksinə hakimiyyətin indiyə qədər müxtəlif qollarında fəaliyyət göstəriblər.

 

Açıklama yok.


Üçüncüsü, idarəetmədən uzaqlaşdırılanların əksəriyyətinin yaşı tutduqları vəzifəyə adekvat deyildi və onların vəzifədən getməsi təbii haldır.


Dördüncüsü, fəaliyyətində ciddi nöqsanlara yol verən, dövlətin siyasətini sabotaj edən, insanları narazı salan, korrupsiya və rüşvətxor əməllərə meylli olan, işini layiqincə bacarmayanların Prezidentin komandasında yeri yoxdur. Bu, əvvəl də belə olub, indi də belədir. 


Dövlət başçısı hər-hansı vəzifəyə yeni təyinat zamanı qəbul etdiyi şəxslərə hər dəfə xəbərdarlıq edir ki, “nöqsanlara yol versəniz, cəzalandırılacaqsınız”. Kiminsə vəzifədən çıxarılması “köhnə” olduğuna görə yox, işini bacarmaması, qeyri-qanuni davranışlar sərgiləməsi, vətəndaşı narazı salmasından və digər neqativ əməllərindən qaynaqlanır.


Beşincisi, bu gün Prezidentin komandası “hakimiyyətin islahatçı komandası” yox, peşəkar, dünyagörüşlü və vicdanlı şəxslərin yer aldığı komandadır.

 

Açıklama yok.


Məhz bu yenilənmələrin nəticəsində ölkədə vətəndaşa xidmətin səviyyəsi yüksəldi, qanunların işlək mexanizmi gücləndi, ümumilikdə, dövlətin gələcəyi üçün təhlükəli olan neqativ hallar aradan qalxdı. 


Xalq həmişə öz liderini – Prezident İlham Əliyevi dəstəkləyir və dövlət başçısının idarəetmədə bacarıqlı kadrlara üstünlük verməsi xalq tərəfindən alqışlanır.


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top