Səfir: "Türkiyə və Azərbaycan pandemiya dövründə də...." — MÜSAHİBƏ

MÜSAHİBƏ 07 sen 2020, 16:25

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın e-huquq.az-a müsahibəsi:


- Cənab səfir, bildiyiniz kimi, bir millət iki dövlət olan Azərbaycan-Türkiyə münasibətləri daim artan dinamika üzrə inkişaf etməkdədir. Bu həm sosial, həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələrə aiddir. Hazırda iki ölkə arasında olan bu əlaqələrin gələcəkdə də möhkəm və davamlı inkişafını təmin etmək üçün qeyd etdiyimiz sahələr üzrə hansı planlar var?


- Türkiyə və Azərbaycan əlaqələri tarixi qardaşlığımızın təməlində hər sahədə çox yüksək səviyyədə inkişaf edir. Möhtərəm prezidentlərimizin güclü siyasi iradəsi və yaxın dostluğu təkcə ikitərəfli siyasi münasibətlərimizin deyil, eyni zamanda bir çox sahələrdə əməkdaşlığımızın sürətlənməsinə kömək etmişdir. Bu yaxınlarda münasibətlərimizdə çox əhəmiyyətli inkişafa şahidi olduq. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin, TANAP-ın, SOCAR-ın ən əhəmiyyətli sərmayəsi Türkiyədəki STAR neft emalı zavodunun açılışını bu inkişafın nümunəsi kimi göstərək olar. Bundan başqa, 2020-ci il fevralın 25-də VIII Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində 14 sənədə imza atmaqla əməkdaşlıq perspektivimizi daha da genişləndirdik. Bu sənədlər ticarət, idman, enerji, nəqliyyat, hərb, viza və bir çox digər sahələri əhatə edir.

 


Bu çərçivədə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı oaraq vizadan azadetmə haqqında" saziş ilə viza problemini aradan qaldırdıq. Güzəştli Ticarət Sazişinin ikitərəfli ticarət baxımından yeni imkanlar təqdim edəcəyini düşünürük. Güzəştli Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi və Sərbəst Ticarət Sazişinin imzalanması, daha böyük bir hədəf olaraq gündəmdə ola bilər. İndiyə qədər ikitərəfli münasibətlərdə qazandığımız irəliləyişi nəzərə alsaq, bu hədəflərin qeyri-mümkün və uzaq olmadığını düşünürəm. İşlərin Qars-Naxçıvan Dəmir Yolu Xətti üzrə Anlaşma Memorandumu kontekstində başa çatması ilə BTQ xəttinin Naxçıvana qədər uzanmasına imkan tapacağıq. Eyni zamanda, Iğdır və Naxçıvan arasında təbii qaz kəməri əlaqəsi yaratmaq üçün işlərə başlanıldı. Bu layihələr Naxçıvan Muxtar Respublikasındakı qardaşlarımızın həyatını asanlaşdıracaq, ikitərəfli əməkdaşlığımızı da gücləndirəcəkdir. Enerji və nəqliyyat sahəsində əməkdaşlığımızı, xüsusən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP boru kəmərləri və BTQ xəttində uğurla davam etdiririk. SOCAR-ın Türkiyədəki genişmiqyaslı və uğurlu investisiyaları görməkdən məmnunuq.


Azərbaycan müstəqillik qazandıqdan bu yana hərbi sahədə əməkdaşlığımız inkişaf edərək davam edir. Silahlı Qüvvələrimiz hər il birgə təlimlər təşkil edir. Bu sahədəki müsbət tempin müdafiə sənayesi sahəsinə də təsir etdiyinin şahidi oluruq. Xüsusən Türkiyənin son illər müdafiə sənayesi sahəsindəki qazandığı uğurlardan qardaş Azərbaycanın da faydalanmasını arzu edirik. Azərbaycan üçün yaxın dost və qardaş olan Türkiyənin etibarlı müdafiə sənayesi tədarükçüsü də olacağını bilirik.


Ulu Öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir" sözləri və Ümummilli Lider Heydər Əliyevin "bir millət, iki dövlət" şüarı bizim Azərbaycana baxışımızı yönləndirməyə davam etdirir. Azərbaycanın qazandığı uğurlara sevinirik və Azərbaycan kədərlənəndə biz də kədərlənirik. Azərbaycanlı qardaşlarımızdan eyni yanaşmanı görmək bizi çox sevindirir.


- Hər iki dövlət arasındakı ticarət dövriyyəsi hansı səviyyədədir?


- Türkiyə həm idxal, həm də ixracatda Azərbaycanın ikinci ən böyük xarici ticarət tərəfdaşıdır. TÜİK-in məlumatlarına görə, enerjinin daxil olmadığı yerlərdə, bu ilin yanvar-iyul aylarrı ərzində ikitərəfli ticarət həcmimiz 1,35 milyard dollar civarındadır. Enerjinin də daxil olduğu Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, yeddi aylıq dövrdə ikitərəfli ticarət həcmimiz əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 2,6 milyard dollara çatıb. COVID-19 pandemiyasına baxmayaraq, ticarət həcmimizin artması sevindiricidir. Digər bir sevindirici məqam isə Türkiyənin Azərbaycana təbii qaz idxalında birinci yerdə olmasıdır. Bunda TANAP-ın da böyük payı var. Cənab prezidentlərimiz tərəfindən irəli sürülən 15 milyard dollar həcmində ikitərəfli ticarət hədəfimiz var. Bu vacib məqsədə çatmaq üçün səylərimizi davam etdiririk.

 


- Türk iş adamları Azərbaycanda ən çox hansı sahələr maraqlandırır?


-Bu günə qədər Türkiyə Azərbaycana əhəmiyyətli investisiyalar yatırıb. Enerji sektorunda “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) tərəfindən böyük investisiyalar və ortaqlıqlarımız var. Azərbaycanda qeyri-neft və qaz sektorundan başqa digər sektorlara ən çox investisiya ayıran ölkə Türkiyədir. Buradakı iş adamlarımız iqtisadi həyatın hər sahəsində fəaliyyət göstərirlər. Ancaq bunu yetərli hesab etmirik. Qarşıdakı dövrdə Azərbaycanda qeyri-neft qaz sektorlarına investisyalarımızı artırmaq istəyirik. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illərdə çox böyük irəliləyiş əldə edib. Azərbaycanda iqtisadi islahatlar və işgüzar mühitin yaxşılaşdırılması ilə bağlı işlər davam edir. Biz də bu işləri izləyirik və uğurlu olması üçün hər cür dəstəyi verməyə hazırıq. İnanırıq ki, Azərbaycanın parlaq gələcəyi var və daha yaxşı gələcəyə doğru irəliləyir. Bu istiqamətdə iş adamlarımızı Azərbaycanda məşğulluq və istehsal potensialını təmin edəcək sərmayələr qoymağa təşviq edirik.


- Cənab səfir, bildiyiniz kimi, Ermənistan tərəfi Tovuz istiqamətində təxribat törətdi. Sevindirici haldır ki, Türkiyə rəhbərliyi cənab prezident Rəcəb Tayyib Ərdoğan və Müdafiə naziri cənab Hulisi Akar kəskin reaksiya verdi. Sizcə, cənab Prezident Ərdoğanın da qeyd etdiyi kimi, bu hadisə Ermənistanın səviyyəsini aşacaq bir hadisə idi? Bu təxribata səfir kimi sizin mövqeyiniz necədir?


- İlk olaraq, Ermənistanın hücumu zamanı şəhid olan Azərbaycan ordusunun üzvü olan qardaşlarımıza bir daha Allahdan rəhmət diləyirəm. Onlar bizim də şəhidlərimizidir. Məkanları cənnət olsun. Ermənistanın xain hücumuna qarşı qəhrəman Azərbaycan ordusu lazımi tədbirləri gördü. Ermənilərin belə bir təxribata əl atmasının səbəbi BMT də daxil olmaqla, beynəlxalq səviyyədə qəbul edilmiş bütün qətnamələrə baxmayaraq, Azərbaycan torpaqlarının işğalının illərlə həll olunmamış qalmasından cəsarətlənmələridir. Digər tərəfdən, 12 iyul hücumunun bu dəfə Yuxarı Qarabağ təmas xəttində deyil, birbaşa Azərbaycan-Ermənistan sərhədində ağır silahlarla həyata keçirilməsi Azərbaycana qarşı açıq və qəsdən törədilmiş addım olduğunu göstərdi. Bütün bunların fərqindəyik və ATƏT-in Minsk Qrupunun diplomatik sahədəki həmsöhbətlərimizə artıq daha konstruktiv və nəticəyönümlü davranmalarının lazım olduğu xəbərdarlığını edirik. Azadlıq əldə etdiyi ilk gündən etibarən Azərbaycanın yanında olduğumuzu Türkiyə olaraq, bir daha nəzərinizə çatdırıram. Hər fürsətdə həmrəyliyimizi və dəstəyimizi göstərməyə davam edəcəyik və bütün dünyanın diqqətini erməni təcavüzünə yönəldəcəyik. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqlarına, qanunlarına və torpaqlarına edilən hər cür hücumlara qarşı durmaqdan heç vaxt çəkinməyəcəyimizi, bütün siyasi, diplomatik və ictimai münasibətlərimizi bu istiqamətdə səfərbər edəcəyimizi və bütün imkanlarımızla Azərbaycanın yanında olacağımızı bildirdi. Xarici İşlər Nazirimiz Mövlüd Çavuşoğlu da qeyd etdi ki, Azərbaycanın işğal altında olan əraziləri və Yuxarı Qarabağla bağlı hansı həll variantını seçsə, yanında olacağıq. Əslində 12 iyul hadisəsindən sonra buradakı səfirliyimizə Azərbaycanı müdafiə etmək üçün cəbhəyə getmək istədiyini bildirən bir çox Tükiyə vətəndaşından müraciət gəldi. Bu həmrəyliyin Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən qiymətləndirildiyini görmək bizi çox sevindirir. Cənab Prezident İlham Əliyevin Ermənistanın hücumundan sonra Azərbaycana ilk dəstəyin Türkiyədən gəldiyini, digər ölkələrin bir-birlərinə bu qədər yaxın olmadıqlarını, özünün isə türk xalqına olan sevgisinin sirr olmadığını qeyd etdi. Bütün bunlardan da göründüyü kimi, düşünürəm ki, bir millət iki dövlət olaraq bir yumruq olduğumuz müddətdə, haradan gəlirsə gəlsin heç bir təxribat uğurlu olmayacaq və atılacaq hər hansı bir hərəkətin həmrəyliyimizi daha da gücləndirəcəkdir.

 


- Tovuz hadisələrindən sonra Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi. Bu təlimlər davamlı olacaqmı?


- Türkiyə ilə Azərbaycan arasında hər sahədə olduğu kimi, hərbi sahədə də uzun illərdir sıx əlaqələr mövcuddur. Hərbi əlaqələrimiz qardaş münasibətlərimizə uyğun olaraq daim inkişaf edir. Müdafiə sənayesi sahəsində də əməkdaşlığımızı artırırıq. Biz Azərbaycanla təkcə ikitərəfli səviyyədə deyil, həm də NATO çərçivəsində hərbi sahədə əməkdaşlıq edirik. Əfqanıstandakı NATO missiyası çərçivəsində birlikdə çalışan silahlı qüvvələrimiz dünyanın hər bölgəsində və hər şərtdə qarşılıqlı fəaliyyət təcrübəsini artırır. Birgə təlimlər hərbi əlaqələrimizin vacib hissəsidir. Beləliklə, silahlı qüvvələrimizin birlikdə cavab vermə təcrübəsini və qabiliyyətini artırırıq. Hər il həm Türkiyədə, həm də Azərbaycanda planlaşdırılan 10-dan çox hərbi təlim həyata keçirilir. Birgə məşqlərimiz ənənə halını almışdır. Avqust ayında Azərbaycanda keçirilən "TurAz Qartalı-2020" təlimləri də illik planlanan məşqlər sırasındadır. Ortaq təlimlər 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanan “Strateji Əməkdaşlıq Sazişi” əsasında illərdir həyata keçirilir. Başqa sözlə, bu təlimlər iyul ayından əvvəl mövcud idi və gələcəkdə gündəmimizdə olacaq. Milli Müdafiə nazirimiz sona qədər azərbaycanlı silahdaşlarımızın yanında olacağımızı və birgə təlimlərimizin lazımi qədər davam edəcəyini bildirdi.


- Bildiyiniz kimi, Ermənistanın ən yaxın dəstəkçisi Rusiyadır. Onlar arasında hərbi ittifaq var. Bəs Azərbaycan və Türkiyə arasında hərbi ittifaq gözlənilirmi?


- Türkiyə və Azərbaycan "Bir Millət, İki Dövlət" dir. Bu sadəcə sözdə deyil, əməldə də belədir. Mövcud reallığı bütün elementləri ilə ortaya qoyur. Ortaq tariximiz qardaşlıq nümunələri ilə doludur. Hər il Bakının azad edilməsinin ildönümünü şəhidlərimizin əziz xatirəsini yad etməklə qeyd edirik. Qardaş münasibətlərimizə görə hər sahədə bir-birimizin müttəfiqiyik. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyə və Azərbaycan yalnız öz maraqları üçün deyil, regionun təhlükəsizliyi üçün də nə lazımdırsa, edəcək.

 


- Yaxın zamanda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü gözlənilirmi?


- Bildiyiniz kimi, hörmətli Prezidentlərimiz arasında xüsusi dostluq münasibətləri və daimi əlaqələr mövcuddur. Bu şəkildə Azərbaycanla əlaqələrimiz hər sahədə əla səviyyədə irəliləyir. Hörmətli Prezidentlərimiz mütəmadi olaraq ölkələrimizdə və bölgəmizdə baş verən inkişaflar barədə fikir mübadiləsi aparırlar. Sıx əlaqələr siyasi münasibətlərimizdə bir ənənə halını aldı. Yaşadığımız inkişaflar da bunu zəruri edir.


- Məlum olduğu kimi, ötən il Azərbaycan-Türkiyə arasında viza rejimi ləğv edilib. Hazırda isə Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı ziyarətlərdə şəxsiyyət vəsiqəsindən istifadəsi barədə təkliflər səsləndirilir...


- Fevralın 25-də Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası çərçivəsində Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında" Sazişlə Azərbaycan vətəndaşlarının vizasız qalma müddətini 30 gündən 90 günə qaldırdıq. Bu razılaşma 13 avqustda qüvvəyə mindi. İndi qarşılıqlı şəxsiyyət vəsiqəsi ilə səyahət hədəfimiz var. İndiyə kimi Gürcüstan, Ukrayna və Moldova ilə şəxsiyyət vəsiqəsi ilə səyahət təcrübəsinə başlamışıq. Ümid edirik ki, yaxın gələcəkdə ən yaxın dostumuz və qardaşımız Azərbaycanla da bunu həyata keçirəcəyik. Hazırda bununla bağlı hər iki ölkədə işlər davam edir. Bu baş verərsə, iki qardaş xalq arasındakı əlaqələri asanlaşdırmaq yolunda önəmli bir mərhələni geridə qoymuş olarıq. Qeyd etdiyiniz kimi, 2020-ci il çətinliklərlə üzləşdiyimiz bir il oldu. Bunların arasında ən başlıca görünməyən düşmən COVID-19 idi. Pandemiyada dünyada ciddi itkilər verildi. Türkiyə və Azərbaycan epidemiyaya qarşı vaxtında görülən tədbirlər ilə nisbətən az itki verdilər. Pandemiyaya qarşı mübarizəmiz hələ də davam edir. COVID-19 yoluxma nəticəsində həyatını itirən Azərbaycan vətəndaşlarına Allahdan rəhmət diləyir, karantin xəstəxanalarında müalicə alan xəstələrə şəfa diləyirəm. İndiki mərhələdə Azərbaycanda gündəlik xəstələnmə sayının əvvəlki aylarla müqayisədə daha aşağı səviyyədə olması bizi sevindirir. Şübhəsiz, ümidimiz budur ki, heç bir insan xəstələnməsin. Türkiyə və Azərbaycan həm də pandemiya zamanı əməkdaşlıq və qardaşlıq sərgilədi. Səhiyyə Nazirliklərimiz və elmi heyətlərimiz müntəzəm olaraq görüş keçirirdi. Koronavirusa qarşı mübarizə sahəsində bilik və təcrübə mübadiləsi məqsədilə iyunun 23-də Səhiyyə Nazirliyinin rəsmiləri, elmi heyətlərin üzvləri və Azərbaycan səhiyyə orqanları arasında videokonfrans keçirildi. Ümümdünya Səhiyyə təşkilatının (ÜST) Azərbaycanla keçirdiyi REACT-19 layihəsi çərçivəsində Türkiyədə təhsil alan bir qrup azərbaycanlı həkim tərəfindən koronavirus xəstələrinə verilən xidmətlərə təlimçi və məsləhətçi olaraq kömək etmələrindən məmnunluq duyduq. Üç Elmi Heyət üzvümüz 7-10 iyul tarixləri arasında Azərbaycanı ziyarət etdilər. Bir qrup mütəxəssis həkimimiz də Azərbaycana gəldi və xəstəxanalardakı koronavirus xəstələrinin müalicəsinə dəstək oldu. İyulun 5-də Türkiyədən və Azərbaycandan tibbi ləvazimat gətirdik və Azərbaycan tərəfinə təslim etdik. Yəni, "Bir Millət, İki Dövlət" olaraq, həm yaxşı həm pis gündə bir-birimizə kömək oluruq.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top