Cəzasızlıq Ermənistanın aqressiyasını artırır: Həmsədrlərin laqeydliyinin nəticəsi

TƏHLİL 07 sen 2020, 13:50

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin başına sığal çəkdiyi işğalçı Ermənistan aqressiv siyasətini davam etdirir.


Cəzasızlıq özbaşınalıqla nəticələnir və işğalçı Ermənistanın indiyə qədər cəzalandırılmaması bu ölkənin Azərbaycana qarşı təxribatlarını davam etdirməsi üçün münbit şərait yaradır. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin rəhbəri Araik Arutunyanın son bəyanatı cəzasızlığın səbəb olduğu özbaşınalığın növbəti mənzərəsidir.


Danışıqların əleyhinə çıxan Arutunyan deyib: “Realist olaq – danışıqları müzakirə etmək yox, müharibəyə hazırlaşmaq lazımdır. Danışıqlar olmayacaq. Nə qədər ki Bakı aqressiv ritorikadan əl çəkməyib, danışıqlar haqda söhbət belə gedə bilməz”.


Separatçı rejimin rəhbəri rəsmi İrəvanın sözlərini təkrarlayır və bu bəyanat əslində, Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlişindən sonra yürütdüyü siyasətin məntiqi davamıdır.


Paşinyan hakimiyyətə gələrkən sələflərindən fərqli mövqe nümayiş etdirəcəyi, münaqişənin həlli üçün konkret nəticələrə dayanan danışıqlar aparacağı gözləntiləri var idi. Həm beynəlxalq siyasətdəki vəziyyət, həm regiondakı mənzərə, həm də Ermənistanda işğalla hakimiyyətə gələn “Qarbağ klanı”nın hakimiyyət taxtından endirilməsi bu ehtimalları artırırdı da. Lakin Paşinyan daha radikal mövqe nümayiş etdirdi və hazırda sülh danışıqlarının pozulmasına yönəlmiş siyasət yürüdür.


Hakimiyyətə gələndən sonra münaqişə ilə bağlı aparılan danışıqları müxtəlif təxribat və bəhanələrlə pozmağa çalışdı, belə cəhdlər indi də davam edir. Masadakı bütün sənədlərdən imtina edib. Bu, faktiki olaraq uzun illər ATƏT-in MQ həmsədrlərinin iştirakı ilə aparılan danışıqlar prosesinin  pozulması deməkdir. Amma beynəlxalq vasitəçilər bu qeyri-konstruktivliyə görə Ermənistan rəhbərliyinə sərt etiraz bildirməyi lazım bilməyib.

 

Açıklama yok.


Vasitəçilərin heç nə etməməsinin nəticəsi ortadadır: işğalçı ölkə işğal etdiyi ərazilərin anneksiyasından bəhs edir.


Paşinyanın sülh formatını dəyişərək danışıqlar masasına gətirməyə çalışdığı Dağlıq Qarabağ separatçılarının yeni rəhbəri Araik Arutunyan hesab edir ki, danışıqlar yalnız bir məqsədə qulluq edə bilər- işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistana biləşdirilməsinə. Yəni indiyədək “müstəqil dövlət” qurmaq, Qarabağ ermənilərinin “təhlükəsizliyini təmin etmək”, Dağlıq Qarabağ “xalqının” hüquqlarını qorumaq və s. danışan separatçılar, indi faktiki olaraq anneksiyanı qanuniləşdirməkdən danışırlar. Yeri gəlmişkən, ötən ay Araik Arutunyan daha bir bəyanatı ilə gündəmə gəlmişdi – o, lazım olsa, Gəncəyə zərbə endirəcəklərini bildirib.


Əslində, anneksiyaya işarə elə Paşinyanın özündən gəlmişdi – onun “Qarabağ Ermənistandır – vəssəlam” kimi sərsəm bəyanatı hələ yaddan çıxmayıb. Faktiki olaraq, Ermənistan rəhbərliyinin başladığı bu kursu indi Qarabağ separatçıları davam edir. Bu, birgə kombinasiyadır və bunun başında Paşinyan dayanır...
 

Paşinyan və komandası aqressiv mövqeyini  ilk gündən gizlətməyib. Müdafiə naziri David Tonoyan nazir vəzifəsinə təyin olunan kimi bəyan etmişdi ki, erməni ordusu müharibəyə yanaşmanı dəyişir – “Erməni ordusu hücum silahları alacaq, çünki psixologiya dəyişir, yanaşma dəyişir, biz artıq müdafiə mövqeyində dayanmayacağıq. Hərbi əməliyyatların bərpası lazım olsa, tərəddüd etməyəcəyik”. Nazirin faktiki olaraq, müharibə anonsu verməsi də beynəlxalq vasitəçilərin “gözündən qaçıb”. 


İyulda Tovuz istiqamətində baş verən döyüşlər də indiyədək Ermənistanda həm sözdə, həm əməldə nümayiş etdirilən aqressiv yanaşmanın beynəlxalq müşahidəçilər və həmsədr dövlətlər tərəfindən səssiz izlənməsinin məntiqi nəticəsidir. Hətta, Tovuz istiqamətində genişmiqyaslı hərbi əməliyyatlardan sonra da Ermənistana etiraz etməyən vasitəçilər, əksinə, onu müxtəlif yollarla silahlandırmağa davam edirlər. Rusiyanın həmin günlər Ermənistana gizli yolla daşıdığı, amma Azərbaycanın nəzərindən yayınmayan silah reysləri buna dəlalət edir.


Sülh danışıqlarını pozan, masadakı sənədləri rədd edən, “Qarabağ Ermənistandır, vəssəlam” kimi marazmatik bəyanat səsləndirən, “ordumuz müdafiəyə yox, hücuma hazırlaşmalıdır” kimi aqressiv bəyanat verən, Gəncəni və Mingəçevirə zərbələrin vurula biləcəyi haqda hədə-qorxu gələn, nəhayət, açıq şəkildə Azərbaycanın dövlət sərhədini pozaraq, Tovuz istiqamətində hücuma keçməyə cəhd edən Ermənistanın əməlləri həmsədr dövlətlər tərəfindən pislənmədi, əksinə, həmsədrlərdən biri işğalçı orduya silah-sursat da ayırdı.


Paşinyan bir qədər də irəli gedərək, 100 minlik “xalq ordusu” yaradır, onun “sülhpərvər” xanımı Anna Paşinyan isə Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərbi düşərgədə hərbi təlim keçir.


Bütün bunlar beynəlxalq vasitəçilərin və həmsədr dövlətlərin işğalçı Ermənistana qarşı qeyri-adekvat münasibətinin, bu münasibətin yaratdığı cəzasızlıq mühitinin bəhrəsidir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top