Çingiz Qənizadə: "Qoşulmama Hərəkatı bu baxımdan xüsusi əhəmiyyətə malikdir"

GÜNDƏM 07 sen 2020, 12:17

1961-ci il sentyabrın 6-da Belqradda təsis edilmiş Qoşulmama Hərəkatının ideoloji əsasını 1955-ci ildə qəbul olunmuş Bandunq prinsipləri təşkil edir. Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyətə malikdir. Hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir. Azərbaycanın Hərəkata üzvlüyü ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.


Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.


Ç.Qənizadə qeyd edib ki, “soyuq müharibə” illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multulateralizmi müdafiə edən Qoşulmama Hərəkatı “soyuq müharibə” bitdikdən sonra da öz aktuallığını itirməyib. Qoşulmama Hərəkatının BMT-dən sonra tərkibində ən çox dövləti (120 ölkə) birləşdirən bir siyasi təsisat olması faktı özü-özlüyündə çox şey deməkdir.


2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Qoşulmama Hərəkatında böyük nüfuz qazanan Azərbaycan 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün Hərəkata sədr seçildi. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.


2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı sammiti keçirildi. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisidir. Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Prezident Azərbaycanın sədrlik zamanı Qoşulmama Hərəkatı üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi. Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı.


2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi. Zirvə görüşündə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək Qoşulmama Hərəkatı üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz bir nümunəsi idi. Azərbaycan Prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. İyulun 10-da BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başladı. Xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu-Yorkda ölkələr arasında müzakirə olunur.


Çingiz Qənizadə bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edib və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıblar. Bakıda keçirilmiş Zirvə görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Onu da qeyd etmək vacibdir ki, təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top