“Tahir Kərimli Şamaxıda balaca daxma da tikə bilməyib, amma sənin orada...” — Qurban Məmmədova CAVAB

GÜNDƏM 07 sen 2020, 12:06

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli mühacirətdə olan hüquqşünas Qurban Məmmədovun Bakıdakı mülkünün sökülməsi məsələsinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, əvvəlcə Qurban Məmmədovun əmlakı ilə bağlı məsələyə fikir bildirmək istəməyib.

 

T.Kərimli Q.Məmmədovun ona şər-böhtan atdığını bildirib: “Ancaq bir məsəl var, deyir: "Döymə mənim qapımı, döyməyim sənin qapını" . Qurban Məmmədov deyir ki, Əli Əliyev onu nahaqdan  təhqir edir. Bəs Qurban Məmmədov sən Tahir Kərimlini nahaqdan niyə tənqid edirdin? Bilmirdin ki, özünə qayıdacaq? Sənin bu boyda 5 mərtəbəli mülkün və digərləri var. Sənlə həmyaşıddır Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli. O da Milli Azadlıq hərəkatında canını qoyub. Necə oldu ki, sən bu qədər mülk, mal sahibi oldun, onun Bakıda 50 kvadrat metrilik evi də yoxdu? Ağsuda olan evi də 2 ildən çoxdur ki, zəlzələdə uçub dağılıb, heç düzəldəni də yoxdur. 1993-cü ildən bura Tahir Kərimlinin qardaşlarının biri də işləmir. Bəs necə olur, Tahir Kərimli, 3 qardaş və onun balaları indiyə kimi ata-baba yurdunda-Şamaxıda bir balaca daxma da tikə bilməyiblər, amma sənin orada nə qədər əmlakın var. Yerlilərin həmin onların ata -baba mülkünün yanında 2 və 3 mərtəbəli evlər tikiblər. Adam insafla danışar. Bilmirdin ki, bumerang kimi hər şey adamın özünə qayıdır. Tahir Kərimlinin qardaşları indiyə qədər işsizdirlər. Biri Göyçayda bir təhər iş tapıb, onun da 9 aydır maaşını vermirlər. Tahir Kərimli də xəcalət çəkir ki, deputat ola-ola onun qardaşları işsizdir. Ona görə də adam şər-böhtan atmaz, sən isə bildirdin ki, Tahir Kərimlinin qardaşının tikinti şirkəti var. Hanı o şirkət? Mənim ürəyim ağrayır, hər hansı bir adamın əlindən mülkünün alınması, uçurulmasını istəməzdim. Amma onu bilməlisən ki, ilahi bir ədalət var. Sən başqalarını nahaqdan tənqid edib incitdiyin, üstünə nahaq söz dediyin kimi, bəli, Əli Əliyev kimilər və başqaları da sənə bu cür münasibət bəsləyəcək. Ona görə də hər zaman dürüst olmaq daha yaxşıdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top