Ramiz Mehdiyevin kürəkəninin hədələdiyi jurnalistlər ona cavab verdilər

GÜNDƏM 06 sen 2020, 21:08

Məlum olduğu kimi, Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev bu gün həbsxanadan çıxandan sonra jurnalistləri hədələyib. O, adından yazılan "kefim yaxşıdır, yaxşı qalsın" sözlərini təkzib edib və bunu yazanları cəzalandıracağını deyib. O, eyni zamanda həbsxananın qarşısında verdiyi açıqlamanı təhrif edəcək jurnalistləri də cəzalandıracağı ilə hədələyib.

 

Musavat.com xatırladır ki, karantin qaydalarını pozaraq qızına toy etməsi barədə yayılan xəbərlərdən sonra o, ilk dəfə Demokrat.az-a danışmışdı.

 

Demokrat.az yazıb ki, sabiq deputat hələ o zaman hər şeyin yaxşı olduğunu söyləmişdi: "Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın. Bu barədə heç də danışmayaq, başını buraxın, getsin. Hər şey qaydasındadır. Heç kimə cavab vermək istəmirik. Sağ olun!"

 

Demokrat.az sabiq deputat İlham Əliyevin sözügedən açıqlamasının səsyazısını təqdim edib. Saytın rəhbəri Vasif Həsənli Musavat.com-a açıqlamasında bildirdi ki, artıq ortaya sübut qoyublar:

 

No description available.

 

"Məsələni şəxsiləşdirmək istəmirəm. Redaksiya olaraq ona cavab verdik. Bundan sonra gedib versin məhkəməyə".


"Yeni Müsavat" qəzetinin əməkdaşı, İ.Əliyevdən məhkəmənin önündə açıqlama alan jurnalistlərdən olan İlkin Muradov isə Musavat.com-a açıqlamasında bildirdi ki, kürəkən İlham Əliyevin indən belə ya hüquqi müstəvidə, ya da öz ağlındakı üsullarla kimisə cəzalandıra biləcəyinə inanmır.

No description available.

 

Onun sözlərinə görə, artıq nəinki sabiq deputat İlham Əliyev, həm də Ramiz Mehdiyev bundan sonrakı proseslərin sakit, səssiz olmağını arzulayacaqlar:


"İnanmıram ki, bundan sonra nəinki açıqlama vermək, kimisə məhkəməyə vermək, cəzalandırmaq fikirləri olsun. İlham Əliyevin bugünkü bir qədər qəzəbli çıxışı onun 15 sutkalıq cəza çəkməsi ilə bağlıdır. Düşünmürəm ki, ölkə rəhbərliyindən, vitse-prezidentdən və Azərbaycan xalqından bağışlanmasını istəyən İlham Əliyev hansısa media orqanını cəzalandırsın. Bu, qətiyyən məntiqli görünmür. Mən uzun illər məhkəmə proseslərindən yazan bir jurnalist təcrübəsi ilə deyirəm ki, hətta İlham Əliyevdən daha yüksək səviyyədə olan məmurların məhkəmədəki davranışlarını izləmişəm.


İlham Əliyev oliqarx həyatı yaşayan bir məmur idi. 15 gün ərzində yaşadığı stress, Azərbaycan cəmiyyətinin gözü qarşısında qandallanıb həbsxanaya göndərilməsi, xüsusən də Ramiz Mehdiyevin kürəkəni olaraq həbsə göndərilməsi onun üçün dəhşətli bir şey idi. O, həyatı boyu bunu xəyalına gətirməzdi. İndən belə bunu xatırlayanda da ona hər şey yuxu kimi gələcək. Bu, sırf onun yaşadığı streslə bağlı idi".


İ.Muradov dedi ki, İlham Əliyev indən belə hətta mətbuata hücum etsə belə, bundan zərərli çıxacaq. Onun ən böyük istəyi odur ki, bu məsələ artıq qapadılsın, məsələ ictimaiyyətin müzakirəsindən düşsün:


"Nəinki medianı, heç Aysel Teymurzadəni də cəzalandırmaq istəməyəcək. Çünki ən çox arzuladıqları bu mövzunun qapanmasıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top