“Məmurların ehtiyatsız çıxışları iqtidarın ayağına yazılır” — Deputatdan etiraz

GÜNDƏM 05 sen 2020, 13:02

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin ehtiyatsız çıxışı xalqla iqtidarı üz-üzə qoyub. Onun “taksiyə əvvəl olduğu kimi, varlılar minməlidir”, “əli işə çatmayan kreditlə maşın götürüb taksi işlədir” fikirləri cəmiyyətdə qəzəb doğurub.


“Yeni Müsavat” yada salır ki, bir nəqliyyat sektoruna cavabdehlik daşıyan qurumun şöbə müdirinin ucbatından bütün günahlar hakimiyyətin boynuna biçilib. H.Babayevin məsuliyyətsiz açıqlamasına görə sosial mediada hökumət “topa tutulur”, uğursuz kadrlara vəzifə verilməsi tənqid olunur.


Amma dövlət rəsmiləri, iqtidarı müdafiə edən nüfuzlu şəxslər məmurların yersiz çıxışlarına, xalqı qıcıqlandırmalarına münasibət bildirmirlər. Nəticədə H.Babayev statusunda məmurların xalqı aşağılayan sözlərinə görə bütün günahlar hakimiyyətin ayağına yazılır.


Vaxtilə bəzi deputatlar da əhalinin əsəblərini tarıma çəkən açıqlamalar verirdilər və onların üzündən hakimiyyət hədəfə çıxarılırdı, xalq iqtidarı qınayırdı. Niyə belə məmurların cavabı verilmir?


Ana Vətən Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının fikrincə, ayrı-ayrı məmurların xətalarının, nöqsanlarının hakimiyyətin ayağına yazılması düzgün yanaşma deyil. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, hər məmur davranışına, çıxışına görə özü məsuliyyət daşıyır, cavabdehdir.


“Ranqından asılı olmayaraq məmurlar birdəfəlik anlamalıdırlar ki, onların çıxışları cəmiyyət tərəfindən diqqətlə izlənilir, yol vermiş olduqları xətalar özlərindən daha çox iqtidarın üzərinə yönəlir. Hər bir səlahiyyət sahibi məsuliyyətli davranmalıdır, sözünü ölçüb-biçib işlətməlidir ki, bu hallar təkrarlanmasın, onların səhvlərinə görə hakimiyyət günahkar çıxarılmasın”, - deyə F.Ağamalı vurğuladı.


Deputat hesab edir ki, BNA-nın şöbə müdirinin məsuliyyətsiz çıxışı haqlı olaraq sosial şəbəkələrdə narazılıq doğurub: “Bu gün Bakıda fərqli bir taksi xidməti özünü göstərməkdədir. Ayrı-ayrı taksi xidmətləri yaranıb, telefonla sifariş qəbul edirlər. Mən özüm də zaman-zaman həmin taksi xidmətlərindən istifadə etmişəm. Sözsüz ki, MMC-lər tərəfindən cəlb olan avtomobillərin arasında komfortsuz, səliqəsizləri az deyil. Bəzi taksi sürücüləri maşında siqaret çəkir, qeyri-etik davranışlara yol verir. Belə hallar mövcuddur. Amma düşünürəm ki, bunlar keçicidir. Şirkətlər işə götürəndə avtomobillərin texniki göstəriciləri ilə yanaşı sürücülərin səviyyəsini də nəzərə almalıdırlar”.


Komitə üzvü düşünür ki, BNA əməkdaşının məsuliyyətsiz çıxışına görə yaranmış xoşagəlməz müzakirələrdən sonra izahat verdi, səhvi düzəltdi: “Qurum açıqlama verdi ki, şöbə müdirinin dedikləri onun şəxsi fikridir, hətta mətbuatdan oxuduğuma görə, Hikmət Babayev inzibati cəhətdən cəzalandırılıb. Onun ”taksiyə imkanlı adamlar minməlidir" ifadəsi yanlış, yerində olmayan sözdür, insanları aşağılamaqdır. Adam var ki, tələsir və taksiyə ehtiyacı var, bu zaman maddi imkanına baxmır. Bu yanaşma normal düşüncə deyil, belə insanlar o xidmətlərdə çalışmamalıdır".


Deputatın fikrincə, bu gün taksilərdə qiymətlər əlçatandır: “Ümidvaram ki, taksilərin həm texniki, həm sürücülərin səviyyəsi yüksək olsun. Eyni zamanda, karantin dövründə qaydalara riayət etməlidirlər, maska taxılmalı, avtomobildə dezinfeksiyaedici məhlul qoyulmalı, salonda siqaret çəkilməsinə qadağa tətbiq edilməli, hətta şirkətlər tərəfindən kamera quraşdırılmalıdır ki, öz sürücülərinin davranışları izlənilsin. Yəni indiki yanaşma ilə taksi xidmətinin keyfiyyəti yüksəlməlidir. Qiymətlər isə yaxşıdır. Üstəlik, şirkətə zəng edən müştəriyə məbləğ deyilir, əgər razılaşsa təsdiqlənir. Məsələn, şəhərin içindən Novxanıya gedirsən, ənənəvi taksilər 12-15 manata aparır, şirkətə zəng edəndə isə 7-8 manat olur. Ona görə qiymətlərdə əlçatanlıq inkişaf etməlidir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top