"Dövlətə meydan oxumaq istəyənlər gedib nəvə-nəticələri ilə vaxt keçirsinlər" — Vahid Əhmədovla MÜSAHİBƏ

MÜSAHİBƏ 04 sen 2020, 12:02

Azərbaycan Respublikasının  Baş nazirinin  keçmiş birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədovun "Demokrat.az" xəbər portalına müsahibəsi:

 

— Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edərkən qardaş Türkiyəyə açıq dəstəyini ifadə edib. Ölkə başçısının bu addımı Türkiyə ictimaiyyəti tərəfindən çox müsbət qarşılanıb...


— Mən o çıxışa qulaq asdım, cənab Prezident Yunanıstan səfirini qəbul edərkən çox ciddi iradlarını bildirdi. İlk dəfə idi ki, səfirlərlə görüşündə mən belə iradları eşidirdim. Ölkə başçısı açıq şəkildə bildirdi ki, Yunanıstan, işğalçı Ermənistan və Kiprlə hərbi əməkdaşlıqla bağlı razılığa gəliblər. Cənab Prezident bu addımına görə Yunanıstan tərəfinə çox sərt iradını bildirdi. Ölkə başçısının digər ən ciddi iradı isə SOCAR-la bağlı oldu. Mənim də yaxşı yadımdadır, 2014-cü ildə TANAP və TAP layihələri həyata keçiriləndə SOCAR Yunanıstanın “DESFA” şirkətinin səhmlərini almaq istəyirdi. Hətta, bunun xahişini də Yunanıstan tərəfi etmişdi. Ona görə də tender keçirildi və SOCAR tenderi uddu. Ancaq sonradan Yunanıstanda hakimiyyət dəyişildi və yeni hökumət SOCAR-ı qanunsuz olaraq kənarlaşdırdı. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti hümanistlik nümayiş etdirib Yunanıstana qarşı heç bir addım atmadı. Cənab Prezident bu məsələni də səfirin diqqətinə çatdırdı. 


Bütövlükdə, ölkə Prezidenti bir daha qardaş Türkiyəyə öz açıq dəstəyini verdi. Bununla cənab Prezident bütün dünyaya göstərdi ki, Azərbaycan-Türkiyə bir millət, iki dövlət dost və qardaş ölkələrdir. Azərbaycan və Türkiyə hər zaman bir-birlərini açıq müdafiə edir. Siz diqqət etsəniz görərsiz ki, cənab Prezident harada olursa, Türkiyəni hər zaman müdafiə edir. Bu isə çox əhəmiyyətli və cəsarətli addımlardır. Bunu hər dövlətin başçısı bacarmır. Hesab edirəm ki, bununla cənab Prezident çox doğru və Azərbaycan xalqının ürəyincə olan addım atır. 


Qardaş Türkiyə də öz növbəsində Azərbaycana qarşı açıq dəstəyini nümayiş etdirir. Cənab Prezidentin Yunanıstan səfirinə dediyi sözlərdən az sonra Türkiyənin dövlət rəsmiləri təşəkkürlərini bildirdilər. Bu, qardaşlığımızın nümunəsidir. 


Tovuz hadisələri zamanı Türkiyə dövlət və hökumət rəsmilərinin Azərbaycana açıq dəstəyi, Türkiyə Ordusunun Azərbaycana gəlməsi və sairə addımlar çox məsələdən xəbər verir. Artıq Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun uzun illərdən bəri apardıqları sülh danışıqlarının heç bir əhəmiyyəti qalmayıb. Bu danışqlar nə qədər davam etdirilsə də, Azərbaycana heçnə verməyəcək. Cənab Prezident də bunu çox yaxşı anlayır. Ona görə də bizim yeganə xilas yolumuz Türkiyə ilə birgə hərəkət etməkdir. Ölkə başçısı Minsk qrupu dövlətlərinə real vəziyyəti göstərmək istəyir. Biz gec-tez tarixi torpaqlarımızı işğaldan azad etməliyik. Ermənistan sülh yolu ilə torpaqları qaytarmaq istəmir, o zaman Azərbaycan ordusu məcbur qalıb müharibə yolu ilə öz ərazilərini geri qaytaracaq. Bunun üçün yüksək səviyyədə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı həyata keçirilir, ən müasir silahlar alınır. Ona görə də müharibə hər an gözləniləndir. Hətta mən düşünürəm ki, biz bu məsələdə bir qədər gecikmişik. Tovuz hadisələri zamanı Ermənistan Rusiyanın dəstəyi ilə təxribat törətdi və Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı. Burada Türkiyə dövləti bizə çox böyük dəstək verdi. Hesab edirəm ki, artıq Azərbaycan və Türkiyə arasında hərbi ittifaq müqaviləsi imzalanmalıdır. Bununla bağlı parlament də öz sözünü deməlidir. Onsuz da müharibə hər an gözləniləndir. Türkiyə ilə ən yüksək səviyyədə hərtərəfli əməkdaşlığa ehtiyac var.     


— Sizcə, Azərbaycanda Türkiyə ilə yaxınlaşmanı istəməyən və qardaş ölkə ilə hərbi əməkdaşlığa qarşı çıxan qüvvələr nə qədər güclüdür?


— Düzdür, Azərbaycanda elə qüvvələr var və onlar çox çalışırlar ki, Azərbaycan-Türkiyə yaxınlaşmasının qarşısını alsınlar. Cənab Prezident bir neçə dəfə deyib ki, "beşinci kalon" Azərbaycanın inkişafına çox mane olur. Son proseslərdə artıq "beşinci kalon" özünü ifşa etdi. Məlum oldu ki, Azərbaycanda "beşinci kalon" kimlərdir. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları onların ifşası ilə ciddi məşğuldur. Əminəm ki, gec-tez onların adları ictimaiyyətə də açıqlanacaq. Bəzi deputatların da çıxışlarına baxanda görürsən ki, Rusiyaya meyillidirlər. Bu cür şəxslər təkcə parlamentdə deyil, bir çox sahələrdə var. Bunlar qəbuledilməzdir. Qanında azərbaycanlı qanı olan hər bir insan yaxşı bilməlidir ki, Azərbaycanın ən yaxın dostu Türkiyədir. Son dövrlər Türkiyə açıq şəkildə Azərbaycanın arxasında dayanaraq öz sözünü deyir. Türkiyə NATO-nun üzvü olan dövlətdir. Bu gün Türkiyə Ordusu NATO-da ən güclü ordulardan  biri  kimi  qəbul olunur. Bütövlükdə baxanda, artıq baş verən proseslər özünün kulminasiya mərhələsinə çatır. 


Digər tərəfdən isə İsrailin də Azərbaycana olan dostluq münasibətlərini qeyd etmək lazımdır. Bu gün İsrail də Azərbaycanın yanındadır. İsrail hərbi sahədə Azərbaycana çox böyük dəstək verir. Azərbaycanın hərbi-sənaye sahəsinin inkişafında İsrailin böyük rolu var. Sevindirici  haldır  ki, son  vaxtlar  Türkiyə  və  İsrail  arasında  yaxınlaşmalar  var.Mən  hesab  edirəm  ki, bu  iki  dövlət  arasındakı  müsbət  yaxınlaşmalarda  ölkə  prezidenti  cənab  İlham  Əliyevin  də  böyük  əməyi  var.


— Bu yaxınlarda AMEA prezidenti Ramiz Mehdiyev Rusiyanı tənqid edən şəxsləri Azərbaycan dövlətinin müstəqilliyini itirə bilməklə hədələdi, təhdid etdi. Sizə elə gəlmirmi ki, Rusiyanın Azərbaycandakı "beşinci kalonu"nun başında məhz Ramiz Mehdiyev dayanır?


— Son  hadisələr  göstərdi  ki, Azərbaycan  ilə  Rusiya  arasında  strateji  münasibətlərin  olmasına  baxmayaraq, Rusiya  Ermənistana  silah  verməkdə  davam  etdi. Cənab  Prezidentin  qeyd  etdiyi  kimi  yalnız  bir  gün  qabaq silahların daşınması  dayandırıldı.  Mən bir dəfə öz çıxışımda demişdim ki, hər hansı vətəndaş hansı vəzifə tutmasından asılı olmayaraq bizi Rusiyanın belə  hərəkətlərinə  qarşı  çıxış etməkdə günahlandırırsa, mən o insanları qəbul etmirəm. Bu cür adamlar hər zaman qarşılarında bizi görəcəklər. Sabah cənab Prezident bəyan etsə ki, Azərbaycan Türkiyə ilə bərabər formada addımlamaq üçün hərbi əməkdaşlıq müqaviləsi imzalayır, əmin olun ki, əhalimizin 99 faizi bu qərarı tərəddüd etmədən dəstəkləyəcək. Azərbaycan xalqı Türkiyəni sevir. Biz Türkiyə ilə münasibətlərin ən yüksək səviyyədə olmasının, hərbi-siyasi əlaqələrin daha da genişləndirilməsinin tərəfdarıyıq. Bu, Azərbaycan-Türkiyə konfederasiyası formasında da ola bilər, digər formalarda da. Yəqin ki, cənab Prezidentin bu məsələ ilə bağlı öz mövqeyi  var. Azərbaycanın müstəqilliyi illərində Türkiyədə təhsil almış kifayət qədər hərbçilərimiz var. Hesab edirəm ki, Azərbaycan Ordusunda rəhbər vəzifələrə Türkiyədə təhsil alan hərbçilər də gətirilməlidir.  Onlar kifayət  qədər  təcrübəli  və  milli ruhlu  adamlardır. 


Bu gün Rusiyanın Azərbaycanda artıq nə maraqları ola bilər? İndi Rusiyanın Azərbaycanda heç bir hərbi bazası yoxdur və bundan sonra da mümkün olan məsələ deyil. Müstəqilliyini  çox  böyük  qanlar bahasına  əldə etmiş Azərbaycan xalqı heç vaxt Rusiya hərbçilərinin ölkəyə gəlməsinə razı olmaz  və  Azərbaycan Prezidenti də buna əsla imkan verməz. Rusiyanın Azərbaycandakı son hərbi bazası olan Qəbələ RLS-i də məhz cənab İlham Əliyev ölkədən çıxarıb. Ona görə də Rusiya  meyilli  qüvvələr reallığı anlamalıdırlar. Bilməlidirlər ki, onlar Azərbaycanda heç nəyə nail ola bilməyəcəklər. Bu gün Azərbaycan Prezidentinin əsas siyasəti odur ki, Qarabağ erməni işğalından azad olunsun. Ümumiyyətlə, Qarabağı ermənilər işğal etməyib, Rusiya işğal edib. Tovuzda törədilən son təxribatlar da bir daha sübut etdi ki, Rusiyanın hərbi dəstəyi olmasa, Ermənistan bir gün belə tab gətirə bilməz. 


Tovuz təxribatının törədilməsində əsas məqsəd Rusiyanın  və  Ermənistanın həmin ərazidən keçən beynəlxalq layihələri nəzarəti altına keçirmək istəyi idi. Amma onlar buna nail ola bilmədilər. Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı. Düşünürəm ki, Qarabağ məsələsinin də həllinə çox az vaxt qalıb. Yəqin ki, yaxın bir neçə ayda Qarabağla bağlı müsbət addımlar atılacaq.  Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın bir əmrini gözləyir ki, ayağa qalxıb öz sözünü desin. Millətimiz hamılıqla cənab  İlham Əliyevi dəstəkləyir. Dövlət başçısı çox ciddi islahatlara start verib. Əgər ölkə başçısı yaşlı adamları vəzifədən kənarlaşdırırsa, onlar da başa düşməlidir ki, artıq onların dövrü bitib. İndi yeni dövr başlayıb, cavan kadrlar irəli çəkilir, bütün sahələrdə islahatlar aparılır, korrupsiyaya qarşı çox ciddi mübarizə həyata keçirilir. 


Ona görə də dövlətə dirəniş göstərmək istəyən adamlar yalnız özlərinə pislik edirlər, özlərini biabır edirlər. Onlar dövlətə qarşı heçnə edə bilməzlər. Azərbaycan 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycanın güclü hquq-mühafizə orqanları və ordusu var, beynəlxalq aləmdə tanınan güclü dövlətdir. İndi Azərbaycanı dünyada təkcə neft-qaz ehtiyatlarına görə deyil, həm də dövlət başçısının tutduğu mövqeyinə görə tanıyıb hörmət edirlər. Ona görə də dövlətə qarşı kimsə baş qaldırsa, yalnız özünü və ətrafını məhv edəcək. Ona görə də məsləhət görərdim ki, dövlətə meydan oxumaq istəyən həmin insanlar gedib nəvə-nəticələri ilə vaxt keçirsinlər, dövlət başçısına mane olmasınlar.  


—  Sizcə, indi Milli Məclisin yenidən buraxılması realdırmı?      


— Məncə, indi parlamentin buraxılması real deyil. İndiki məqamda ən realı Qarabağ məsələsinin həllidir. Bəlkə də tarixdə indiki qədər şansımız olmayacaq. Əvvəlcə Qarabağ məsələsini həll edək, sonra dövlət başçısı parlamenti də buraxa bilər. Artıq cəmiyyətdə yeni demokratik qüvvələr peyda olub. Yəqin ki, gələcəkdə onlar da seçkilərdə iştirak edəcəklər. Hesab edirəm ki, parlamentin buraxılması məsələsinə yalnız Qarabağ problemi həll edildikdən sonra baxılmalıdır. Bu, mənim şəxsi fikirlərimdir. Bu gün Milli Məclisin deputatları Qarabağ məsələsində yekdildir, hamılıqla cənab Prezidentin addımlarını dəstəkləyirik. Bu baxımdan da Qarabağ məsələsi ilə bağlı deputatlarda hər hansı fikir ayrılığı ola bilməz. Hər kəs ölkə başçısının mövqeyini dəstəkləyir. Ümumiyyətlə, Qarabağ məsələsindən sonra parlamentin səlahiyyətlərinin artırılması da mümkün ola bilər. Yəqin ki, bu məsələlərə gələcəkdə baxılacaq.

  

— Azərbaycanda media sahəsində aparılan islahatları necə qiymətləndirirsiniz? 


—  Bütün sahələrdə olduğu kimi, media sahəsində də islahatlar aparılmalı idi. Bu vacib məsələ idi. Çünki mediamızın da yeniləşməsinə və milliləşməsinə ehtiyac var. Mediada islahatlara ehtiyac yaranıb. Bizim Elçin Şıxlı, Mehman Əliyev, Arif Əliyev, Qulu Məhərrəmli kimi vətənpərvər və peşəkar jurnalistlərimiz var. Eyni zamanda mediamızda sizin kimi cavan və milli jurnalistlər var. Bu insanlara şərait yaradılmalıdır, dəstək verilməlidir. Mediamızın inkişaf etdirilməsi üçün bu şəxslərdən faydalanmaq lazımdır. Yəni, Azərbaycan mediası ələkdən keçirilməli və milliləşdirilməlidir. Mediamızda milli olmayan mövqeysiz insanlar çoxdur. Onlara dəstək verilməməlidir. Çünki o adamların bəzı   dövlətlər  qarşısında müəyyən öhdəlikləri var. 


Bəzi KİV-lərdə mütləq araşdırmalar aparılmalıdır. Hansısa xarici dövlətin təsiri  altinda  olan  KİV-i gəlib Azərbaycanda istədiyini edəcəksə, buna qarşı mütləq addımlar atılmalıdır. Hər bir dövlətin öz daxili siyasəti var. Biz digər dövlətlərin daxili siyasətinə qarışmadığımız.     
   

İndi media sahəsi də Prezidentin köməkçisi Hikmət Hacıyevə həvalə olunub. Mən onun çıxışlarına baxıram. Hikmət Hacıyev kifayət qədər savadlı və qabiliyyətli milli kadrdır. Onu hələ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olandan tanıyıram. Bacarıqlı və sadə insandır, milli keyfiyyətlərə malikdir. Hətta, media sahəsi birdəfəlik ona həvalə olunsa, əminəm ki, Hikmət Hacıyev bu məsələnin də öhdəsindən layiqincə gələ bilər. Ona uğurlar arzu edirəm. 


—  Bir neçə gün əvvəl Qurban Məmmədov canlı efir vasitəsilə sizin adınızı çəkərək, Əli Həsənovun ona ev bağışlaması barədə ittihamlara cavab verib...


—  Qurban Məmmədovun həmin çıxışını mən də izləmişəm. Orada “Sfera.az” saytında gedən bir yazıdan bəhs olunur. Həmin yazıda mənim də fikirlərim yer alıb. Ancaq mən Əli Həsənovun Qurban Məmmədova ev verməsi barədə heç bir fikir səsləndirməmişəm. Bununla bağlı mənim heç bir fikirlərim olmayıb. Bu, saytın özünün  yazdığı fikirlərdir. Mən həmin saytın sualına cavabımda bildirmişəm ki, Əli Həsənovla bağlı istintaq gedir, yol verilmiş qanunsuzluqlar aşkarlanaraq üzə çıxarılacaq.  


Vasif Həsənli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top