"Yuxarıda oturanlar, deyəsən, Ramiz Mehdiyevə cavab verməkdən qorxurlar"

GÜNDƏM 04 sen 2020, 00:15

İsi Məlikzadənin «Quyu» povestində belə bir yer var. Allaha bir adam  lazım olur, əlini atır yerdən birini götürür, qaldırır ki, baxsın axtardığıdı, yoxsa yox. Qaldırdıqca camaat da deyir, vay dədəm, vay, görün kimi  hara  qaldırırlar. Allah qaldırır, qaldırır, çatdırır özünə, üzünü çevirib baxır, görür axtardığı adam deyil, elə ordan çırpır yerə.


İndi Ulu Öndər Heydər Əliyev Ramiz Mehdiyevi qaldırdı, qaldırdı, əsl üzünü görməyə  vaxtı  çatmadı. Sonra  bu missiya düşdü Möhtərəm Prezident İlham Əliyevin üstünə. İlham Əliyev də onu qaldırdı, qaldırdı və nəhayət, çevirib üzünə  baxdı, gördü onun axtardığı  və istədiyi adam deyil, amma day yerə çırpmadı, göndərdi  ölkənin ən strateji bir təşkilatı olan Milli Elmlər  Akademiyasına prezident. Heydər Əliyev ordeni ilə təltif elədi, xoş  sözlərlə yola saldı.


Bir maraqlı film var, Meksikanın milli  azadlıq hərəkatı barədədi. Xalq ölkənin müstəqilliyini  qazanmaq üçün ayağa qalxır. Ordu generalı  xalqın  tərəfinə  keçir. Kəsəsi, ölkə müstəqilliyini  əldə edir və generaldan tələb və xahiş edirlər ki,  prezident olsun.  General qəbul etmir, deyir:


– Mənə Meksikanın müstəqilliyi  lazımdı, onu da gördüm. İndi yaşım keçib, nəvələrimlə  oynamaq  istəyirəm, qarğıdalı əkmək istəyirəm, inək sağmaq istəyirəm.


İndi Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə  bilərdi, qarğıdalı  əkməyə də, Akademiyanın  əkin sahələri də  çoxdu.


Göndərmədi, hörmətlə  yola saldı.


Bəs, bu hörmətin qarşısında akademik neylədi?! İncikləri yığdı  başına, gövdə göstərisi  yapdı. Dəvədən  tam  düşmədiyinə görə, «höt-höt»ündən  qalmadı və qalmır. Demək olar  bir gündən bir Akademiyanın saytında hikkəylə hamıya meydan sulayır və aşağılamadığı  ziyalı, jurnalist, millət vəkili qalmayıb. Möhtərəm Prezidentə çamur atmaqdan da çəkinmir.


Bir «Elm» qəzeti vardı, rəhmətlik Aydın Səlimzadə də redaktor idi. Zori Balayan «Ocaq» kitabında xalqımızı təhqir edib aşağılayanda, Dağlıq Qarabağda separatizmin ocağını  qalayanda bizim mətbuat  ermənilərə  mədhiyyə oxuyurdu. Həmin vaxt  İsa Qəmbər Zori Balayana çox savadlı və elmi  əsaslara söykənən cavab yazdı, heç bir mətbuat  çap eləmədi. Rəhmətlik Aydın Səlimzadə kəfənini  boğazına  dolayıb İsa Qəmbərin Zori Balayana cavabını «Elm» qəzetində çap elədi.  Qəzet  əldən-ələ  gəzdi və qəzetin üzü  çıxardılıb çoxaldıldı və  demək olar ki, Azərbaycanın  hər yerinə yayıldı. Və «Elm» qəzeti  tarixə düşdü.


İndi də Akademiyanın bir saytı var və həmin sayt da Ramiz Mehdiyevin ixtiyarındadı. Və bu gün yəqin ki, ən çox giriş yapılan saytdı.


İsa Qəmbər «Elm» qəzetindən  istifadə edib bu milləti qorudu və milli azadlıq hərəkatının öncüllərindən birinə  çevrildi. Yəni İsa Qəmbəri İsa Qəmbər edən həmin məqalə oldu.


İndi isə Ramiz Mehdiyev də «Elm» qəzetini əvəz edən həmin saytdan istifadə edərək dövlətçiliyimizi, müstəqilliyimizi və Möhtərəm Prezidenti hədəf götürüb.


Başqa bir sayt olsaydı Rabitə Nazirliyi çoxdan həmin saytı məhv eləmişdi, ya da filtr qoymuşdu.


Əslində Rabitə Nazirliyi düz eləyir. Ramiz Mehdiyev hər  məqalə ilə  çıxışında özünün isti aşına bir az da su qatır və bataqlıqdakı adam kimi  bir az da çamura  batır.


«Nəsimi» filmində belə bir yer var. Əmir Teymur Şeyxə deyir:


– Göndərərəm səni Qarabağa, gedib orda mehtərlik edərsən.


Əslində bu biabırçılıqdan sonra Ramiz Mehdiyev istefa  verməli idi. Nəinki istefa verdi,  əksinə, iqtidarın üzərinə daha total hücuma keçib.


Özü istefa vermir, belə davam  edərsə yəqin ki, Ramiz Mehdiyevi də göndərərlər qarğıdalı  əkməyə.


Və çox qəribədir ki, hətta əlində geniş imkanları olan yuxarıda oturanlar deyəsən, Ramiz Mehdiyevə cavab verməkdən qorxurlar.


Aqil Abbas
Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top