Rusiya ya ədalətli vasitəçi, yaxud da neytral qonşu olmaq arasında seçim etməlidir — TƏHLİL

TƏHLİL 31 avq 2020, 19:43

Bakının Moskvadan gözlədiyi cavab – Rusiya ya ədalətli vasitəçi, yaxud da neytral qonşu olmaq arasında seçim etməlidir.


Tovuz hadisələrindən dərhal sonra Rusiyanın Ermənistana silah-sursat göndərməsi Azərbaycanda ciddi məyusluq və qəzəblə qarşılandı. Əlbəttə, Rusiyanın Ermənistanı silahlandırması ilk hadisə deyil. Cənubi Qafqazda az qala bütün qonşularına qarşı ərazi iddiası edən və bu sərsəm iddiasını konstitusiyasına daxil edən ölkənin varlığını Rusiyaya borclu olduğu həqiqətini Azərbaycanda hər kəs bilir. 


Amma ən azı indi bu hərəkətin təsiri daha ağır oldu. Çünki hadisədən bir ay sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov özü etiraf etdi ki, (avqustun 20-də “Trud” qəzetinə müsahibəsində - R.Quliyev) Tovuz təxribatını ermənilər başladıb. Yəni Moskvada hər kəs Tovuz hadisələrinin günahkarının Ermənistan olduğunu, daha dəqiqi onun ipə-sapa yatmayan baş naziri Paşinyan olduğunu bilirlər. Və bilə-bilə də hadisədən dərhal sonra Ermənistana əlavə silah-sursat göndərdilər. 


Digər tərəfdən, Azərbaycanda bir çoxları ümid edirdi ki, Putin hakimiyyəti ən azı indi Paşinyanı yerində oturtmaq üçün açıq tərəfkeşlik etməz. 


Bütün bu ehtimalların yanında isə daha bir acı həqiqət var: Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas vasitəçilərindən biri, hətta birincisidir. Vasitəçi isə obyektiv olmağa borcludur. Obyektiv olmasa onun münsifliyi artıq gözdən düşür, əhəmiyyətini itirir. 


Rusiyanın Ermənistana göndərdiyi yüklərlə bağlı izahatı Azərbaycan dövlətini haqlı olaraq qane etməyib. Bunu ötən həftə sonu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.


H.Hacıyev bildirib ki, son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir. Onun sözlərinə görə, bu məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti Vladimir Putin qarşısında da qaldırılsa da, Rusiya tərəfinin açıqlamaları bizi tam qane etmir.


“Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv şəkildə silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.


Hacıyevin açıqlamasından belə görünür ki, Azərbaycan diplomatik vasitələrlə Moskvadan əsaslı izahat gözləyir. Düzdür, təcrübəyə əsasən demək olar ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun açıqlamasından sonra Moskvanın yenidən mövzuya qayıdacağı ehtimalı azdır. Lakin o da var ki, bu sual həm də xəbərdarlıqdır, ya da tələb. Moskva bu məsələyə görə izahat verməli, ən azı yaranmış vəziyyəti düzəltməlidir. Əks təqdirdə Azərbaycanla münasibətlərinə ciddi kölgə düşəcəyini göz önünə almalıdır. 


Məlum olduğu kimi, Azərbaycanın xarici siyasəti praktik maraqlara əsaslanır və Bakı qonşu ölkələrlə münasibətdə qarşılıqlı faydalara əsaslanan əməkdaşlıq siyasəti aparır. Təcavüzkar Ermənistan istisna olmaqla digər qonşularla münasibətdə bu siyasət aparılır.


Azərbaycan MDB və digər regional platformalarda Rusiya ilə yaxından tərəfdaşlıq edir, Rusiya silahlarının əsas alıcılarından biridir. Eyni zamanda Moskva ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Bu faktlar Bakının Moskva ilə həssas davranmağa vadar edir. 


Lakin bir tərəfdaş və dost ölkə kimi Azərbaycanın Rusiyadan tələbləri var. Rusiya bir vasitəçi, eləcə də tarixi baxımdan Cənubi Qafqazdakı proseslərin əsas iştirakçılarından biri kimi, münaqişənin həllində obyektiv arbitr rolunu oynamalıdır. Başqa sözlə, indi top Moskvadadır. Əgər Rusiya rəhbərliyi bu fürsəti dəyərləndirib münaqişənin həllində tərəfsiz arbitr kimi çıxış etməyəcəksə, o zaman Cənubi Qafqazdakı mövqeləri daha da zəifləyəcək. 


Moskva yəqin ki, yaxın zamanlarda Bakını qane edən izahat verməsə, o zaman Azərbaycan Rusiyaya qarşı cavab addımları atmağa başlayacaq. Bunların siyahısında başda Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığın, hərbi məhsulların sifarişinin azaldılması ola bilər. Məlum olduğu kimi, ötən illərdə Azərbaycan Rusiyadan 5 milyard dollar dəyərində silah və texnika alıb. Bakı indi çox rahat şəkildə digər alıcılara - hansı ki, onlar heç də az deyil və məhsulları keyfiyyət baxımdan daha etibarlıdır – üz tuta bilər. Yeri gəlmişkən, 2018-ci ildə ABŞ prezidentinin o zamankı milli təhlükəsizlik müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfəri zamanı açıq şəkildə Bakıya ABŞ silahlarını təklif etmişdi. Yəni indiki vaxtda Bakının rus silahından imtinası heç də çətin deyil. Əvəzində sifarişlərin dayandırılması Rusiya hərbi sənayesi üçün ağır zərbə ola bilər. Həmçinin Bakı və Moskva arasında digər enerji, nəqliyyat, tikinti sahəsində ortaq layihələr mövcuddur, hansılar ki, Rusiya üçün çox vacib əhəmiyyət daşıyır. Əgər Bakı bu layihələrdən çəkilərsə, itirən böyük ölçüdə Rusiya ola bilər.


Situasiya elə gətirib ki, indi Moskva seçim etməlidir. Bir tərəfdə kiçik, sürüşkən siyasəti olan Paşinyan Ermənistanı, digər tərəfdə, Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan. Zaman artıq dəyişib, Azərbaycan artıq işğalın davam etməsi ilə barışmaq istəmir. Münaqişənin həlli isə Rusiyadadır. Moskva ya bir addım irəli gəlib vasitəçi dövlət kimi təcavüzkar Ermənistanı sülhə məcbur etməli, ya da geri çəkilib, Azərbaycanı güc yolu ilə torpaqlarını azad etməsinə mane olmamalıdır. Əgər, Rusiya indi rasional yanaşma göstərməsə, Cənubi Qafqazda Azərbaycanı itirə bilər. 


“Qarabağ kartı” 30 il işlədi, amma daha artıq işləyəcəyi sual altındadır. 


Rəşad Quliyev

Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top