“Riyakar adamlar YAP-ın rəhbərliyindən çıxarılmalıdır”

GÜNDƏM 31 avq 2020, 14:55

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) dəyişikliklərin ediləcəyi barədə məlumatların ardı-arası kəsilmir. Bəzi məlumatlarda YAP-ın rəhbər strukturlarının bütövlükdə dəyişəcəyi deyilsə də, hakim partiyanın buraxılacağı da iddia edilir. Bildirilir ki, YAP artıq özünü doğrultmadığında onun bazasında yeni iqtidar pariyası yaradıla bilər. 


Hakim partiyanın qurucularından olan keçmiş icra başçısı Musa Musayev isə Yenisabah.az-a açıqlamasında bildirib ki, təşkilatın buraxılacağı barədə deyilənlər əsassızdır. “Bu, Heydər Əliyevin qurduğu partiyadır. Prezident İlham Əliyev də onun siyasətinin davamçısıdır. Bu baxımdan, partiyanın buraxılacağını düşünmürəm”, - deyə Musa Musayev bildirib.


YAP-da dəyişikliklərə gəlincə, keçmiş icra başçısı hesab edir ki, bu, artıq çoxdan zərurətə çevrilib: “Mən hələ aylar əvvəl bu barədə danışmışam. Partiyada islahatlara ehtiyac olduğunu vurğulamışam. Bir çox qocaman YAP-çılar, partiyanın qurulmasında fəallıq göstərənlər də mənə dəstək verib. Hesab edirəm ki, YAP-ın yenilənməsi artıq tarixi zərurətdir”.  


Musa Musayev hesab edir ki, koronavirus pandemiyası üzündən xüsusi karantin rejimi tətbiq edildiyinı görə YAP-ın qurultayının keçirilməsi  müşkülə çevrilib. Lakin keçmiş icra başçısının fikrincə, çıxış yolu var. “Partiyamızın Nizamnamə və Proqramında göstərilir ki, İdarə Heyətini və İcra Katibliyini Siyasi Şura seçir. Siyasi Şuranın tərkibi isə qurultayla müəyyənləşir. Hesab edirəm ki, karantin qaydalarına riayət etmək şərtilə Siyasi Şura toplanmalı, YAPın İdarə Heyətini, İcra Katibliyini və müavinləri seçib, yeni tərkiblər partiyanın Mərkəzi Aparatında da dəyişiklik edib pandemiyadan sonra növbəti qurultayımızı keçirə bilərik. Dəyişikliklər vaxtında edilməlidir. Hazırda buna zərurət varsa, biz bunu etməliyik. Qara niyyətli , əqidəsiz , mövqesiz və riyakar şəxslər partiyamızın rəhbər qurumlarından - Siyasi Şuradan, İdarə Heyətindən və İcra Katibliyindən uzaqlaşdırılmalı, YAP-ın Nizamnamə və Proqramına zidd gedənlər partiya sıralarından çıxarılmalıdır .


YAP-ın Nizamnamə və Proqramını yazan  "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” deyən bizə əmanət edən Ulu Öndərin, partiyamızın sədri Prezident İlham Eliyevin adına layiq təşkilata çevrilməlidir”, - deyə Musa Musayev qeyd edib. 


Keçmiş icra başçısı daha sonra bildirib ki, YAP-ın rəhbərliyində təmsil olunanlar başqa vəzifə tutmalıdır: “Bunu mən demirəm. Bunu pariyanın qurucusu Heydər Əliyev deyir. 21 noyabr 2002-ci ildə YAP-ın yaranmasının 10 illiyi ilə bağlı keçirilən tədbirdə mərhum Heydər Əliyev bildirmişdi ki, icra katibi və müavinlər dövlət vəzifəsi daşımamalıdır. Onlar yalnız partiyamızda yaradıcılıq və quruculuq işləri ilə məşğul olmalıdırlar”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top