“Koronavirus 10 il davam etsə..." — Deputat

MÜSAHİBƏ 31 avq 2020, 13:55

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev sualları cavablandırıb.

 

Onunla müsahibəni təqdim edirik:

 

- Musa müəllim, ölkəmizdə hazırda pandemiya ilə bağlı vəziyyəti necə qiymətləndirmək olar? Yoluxma halı demək olar ki, azalıb. Bu tendensiyanı saxlamaq üçün hansı qaydaların davamlılığı təmin edilməlidir?

 

- Ölkəmizdə koronavirusla mübarizə mart ayından davam edir. Əvvəl tətbiq edilmiş sərt karantin dövründən sonra yumşalmanın olması yoluxma halında faiz nisbətinin artmasına səbəb oldu. Ona görə də sonradan sərt karantin rejimi tətbiq edilməyə başlanıldı. Aprel ayındakı sərt karantindən sonra mayda məsələyə məsuliyyətli yanaşılsaydı, sonradan sərt karantinə keçidə ehtiyac qalmayacaqdı. Çünki insanlar dövlətin, millət vəkillərinin, həkimlərin çağırışlarından daha çox şayiələrə inanmağa üstünlük verdilər. Sosial şəbəkələrdə və digər platformalarda belə iddilar səslənirdi ki, “koronavirus yoxdur, bu, bir siyasətdir, oyundur”. Eyni zamanda bu hal təkcə Azərbaycanda yaşanmadı. Dünya ölkələrinin əksəriyyətində belə fikirlər mövcud idi. Amma sonra həm dünyada, həm də ölkəmizdə yoluxma ilə bağlı vəziyyət kəskinləşəndən sonra artıq hər kəs inanası oldu.

 

Hər kəs anladı ki, bu, doğrudan da çox təhlükəli xəstəlik və bir epidemiyadır. Bundan sonra isə vətəndaşlar özləri şüurlu şəkildə bu prosesə qoşuldular. Karantin daha da sərtləşdikdə virusa yoluxmada da faiz nisbəti azalmağa başladı. Çünki yoluxmanın çoxalması bəzi xəstəxanalarda yer probleminin yaranmasında da gətirib çıxarmışdı. Az qala gündəlik yoluxma sayı 700 nəfərə yaxınlaşırdı. Bütün bu çətinliklərə baxmayaraq dövlətimiz lazımı addımları zamanında atmaqla ən zəruri qərarların verilməsi təmin edildi. İqtisadiyyatın qorunması, sosial ehtiyacların qarşılanması üçün lazımi addımlar atıldı. Özəl və dövlət sektorunda çalışanların əmək haqqlarının, sosial müavinətlərin ödənilməsində də heç bir məhdudiyyət baş vermədi. Hətta sərt karantin dövründə ayrı-ayrı ailələr ərzaq və digər yardımlarla təmin edildi. Heydər Əliyev Fondu, sahibkarlar, həmkarlar inistitutları bu missiyada fəal iştirak etdi. Məhz bu cür ümumi birlik nümayiş etdirməklə biz bu çətin dönəmdən çıxmağı bacardıq.

 

Artıq koronavirusun demək olar ki, son mərhələsinə gəlib çatmışıq. Amma bu da bizim məsuliyyətimizi azaltmamalıdır. Bütün dünya alimləri və digər aidiyyatı strukturlar da bildirir ki, virus müxtəlif formalarda davam edəcək. Nə qədər ki COVID-19-a qarşı əhəmiyyətli vaksin, patogenetik müalicəni həyata keçirən dərmanlar icad olunmayıb, biz özümüzü öyrəşdiyimiz vasitələrlə qorumalıyıq. Sosial məsafə, maska və dezinfeksiyaedici vasitələrdən istifadə həyatımızın bir hissəsinə çevrilməlidir.

 

- Karantin rejimi sentyabrın 30-dək uzadıldı. Bu müddətdə hansı yumşalmalara gedilməlidir?

 

- Karantinlə bağlı artıq yumşaldılma dövrünə keçid daha məqbul olar. Artıq sərt karantindən, "evdə qal" rejimindən söhbət gedə bilməz. Amma müəyyən məhdudiyyətlərin qalması da vacibdir. Xüsusən insanların kütləvi şəkildə bir yerə toplanmasının qarşısını alan məhdudiyyətlərin qalması daha yaxşı olardı. Müxtəlif idman, konsert tədbirləri, qapalı məkanlarda toyların və yasların keçirilməsi ilə bağlı bir forma tapılmalıdır.

 

Eləcə də rayonlara gediş-gəlişlə bağlı qadağalar ləğv edilməlidir. Yoluxma halı ciddi müşahidə olunmayan rayonlara gediş-gəliş tam sərbəstləşdirilməlidir. Ümumiyyətlə, artıq pandemiyadan əvvəlki sosial-iqtisadi, mənəvi həyatımıza qayıtmaq haqqında düşünməliyik. Amma unutmaq olmaz ki, bu virus hələ də bizimlədir. Ona görə də, özümüzü qorumaq məsələsinə həssas yanaşmalıyıq.

 

- Yeri gəlmişkən, Türkiyədə toyların məhdud sayda insanın iştirakı və qidalarla bağlı müəyyən məhdudiyyətlərlə keçirilməsinə başlanılıb. Ölkəmizdə də analoji prinsiplərin tətbiqi mümkündürmü?

 

- Ölkəmizdə də toyların ciddi məhdudiyyətlər tətbiq etməklə keçirilməsinə icazə verilməsi məqbul ola bilər. Çünki bu, çox həsas bir məsələdir. Toyların keçirilmə saatında, insanların sayında da ciddi məhdudiyyətlərin olması tövsiyə olunan haldır. Toylarda təqdim edilən qida ilə bağlı da qərar verilməlidir. Çünki qidadan da yoluxma hallarının olması ilə bağlı fikirlər var. Azərbaycan toylarında 40-50 cür yemək çeşidləri təqdim edilir. Bunu birdən-birə tamamilə qadağan etsək hansı şəkil ala bilər? Amma hər halda bununla bağlı da düşünüb-daşınıb məqbul bir qərar verilməlidir. Toylarda əsas vaxt və məhdudiyyət sayda insanın olması daha vacibdir. Vaxt məhdudiyyəti olacaqsa, qida ilə bağlı da məhdudiyyətlər qoyula bilər.

 

- Rusiya vaksinlə əlaqədar növbəti mərhələdə olduğunu bəyan etdi, Türkiyə və Qərb ölkələri də peyvəndlə bağlı çalışmaları davam etdirir. İndiki halda effektiv vaksinin hazırlanıb tətbiq edilməsi nə dərəcədə real görünür?

 

- Bu məsələ ilə bağlı hər bir dövlətin öz mövqeyi var. Burada da müəyyən siyasət, təbliğat və reklam ola bilər. Əsas Ümumdünya Səhiyyə Təşkilatının qərarı gözlənilməlidir. Hansı ölkənin vaksini ÜST tərəfindən daha məqsədəuyğun hesab ediləcəksə, bu istiqamətdə də addımlar atılacaq. Rusiya, Türkiyə və bir sıra Qərb ölkələri hələlik vaksinlə bağlı fikirlərini və müəyyən mərhələyə keçdiklərini bilidirirlər. ÜST-ün analiz və profilaktikasından sonra veriləcək tövsiyələrə uyğun addım atmaq daha məqbuldur. Azərbaycanda koronavirusla mübarizə ÜST-ün tövsiyə və qərarlarına əsaslanıb. Vaksinlə də bağlı atılacaq addım da buna əsaslanıb atılmalıdır. Biz ölkə olaraq sözsüz ki, ayrı-ayrı ölkələrin sınaq dövründə olan tövsiyələrindənsə ÜST-ün verdiyi qərarlara üstünlük verəcəyik. Çünki bu vaksinlər hələ sınaqdan tam çıxmayıb, onun yan təsirləri ilə bağlı hələlik heç bir geniş bilgi yoxdur. Bu vaksinin ağırlaşmaları, hansı müddətə insanda immunitet yaradacağı ilə bağlı praktik nəticələr olmalıdır. Praktikada nəzəri cəhətdən tətbiq edilən müddəaların çoxu özünü doğrultmur. Ona görə də ÜST-ün vaksinlə bağlı qərarı nə olacaqsa, ona uyğun tətbi edilmə həyata keçirilə bilər.

 

- Məktəblərin açılması bağlı ilə verilən qərarı necə qiymətləndirirsiniz?

 

- Düşünək ki, pandemiya bundan sonra 10 il davam edəcək. Neyləyək, həmin müddətə qədər məktəbləri bağlı saxlayaq? Ötən dövrdə də müşahidə olundu ki, sağalanlarla, yoluxanların sayında artım mövcuddur. Xüsusən uşaqların və gənclərin bu virusu simptomsuz keçirməsi ilə bağlı fikirlər var. Amma məktəblərin açılması müqabilində də sosial məsafə və maskadan istifadə hallarına ciddi nəzarət edilməlidir. Təhsil Nazirliyi də açıqladı ki, dərslərin bir qismi onlayn formada və digər qismi isə növbəlilik əsasında olacaq. İstənilən halda isə məktəblərin açılması məqbul haldır. Çünki uşaqlar təkcə məktəblərdə bilik əldə etmir, eyni zamanda sosiallaşır, psixoloji durumu, vətənpərvərlik hissləri formalaşır. Uşaqları evə qapatsaq, sonra onları evdən çıxarmaq çətin olacaq. Qoruyucu tədbirlərin ciddi tətbiqi ilə məktəblərin fəaliyyətinin bərpası olduqca vacibdir.

 

- Post-pandemiya dövründə iqtisadi fəallığın təminatı hansı formada həyata keçirilməlidir?

 

- Post-pandemiya dövrü hələ başlamayıb. Amma bu dövr üçün iqtisadi güzəştlər və liberallaşma şərtləri ilə təmin etmək daha məqsədyönlü nəticəyə gətirib çıxara bilər. Bu, yenidən iqtisadi fəallığın bərpasına, iqtisadi canlanmaya şərait yaradacaq. Çünki bir neçə aydır ki, demək olar iqtisadi və sosial sferada yaranmış durğunluğu məhz bu formada bərpa etmək olar.(teleqraf.com)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top