“RUSİYA RAMİZ MEHDİYEVİN ÜZƏRİNDƏN ƏLİNİ ÇƏKİB...” — “Ən prinsipsiz insanları toplayaraq elita yaratmışdı”

MÜSAHİBƏ 31 avq 2020, 13:04

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun sabiq direktoru, hazırda isə həmin institutun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, professor Əli Abbasov AMEA prezidenti Ramiz Mehdiyevin mərkəzində dayandığı son proseslərlə bağlı “AzPolitika.info”-nun suallarını cavablandırıb.


Professorla müsahibəni təqdim edirik:


- Əli müəllim, Ramiz Mehdiyevin karantin rejimində nəvəsinə toy məclisi qurmasından sonra məlum proses başlandı. Mehdiyevi tənqid etdilər və o da tənqidlərə cavab verməyə, bir növ “güc” nümayiş etdirməyə çalışdı. Bu baş verənləri necə qiymətləndirirsiniz?


- Söhbətin məğzi ondan ibarətdir ki, Ramiz Mehdiyevin üzə çıxardığı, elitaya daxil etdiyi şəxslər indi ona qarşı fikirlər səsləndirirlər. Mehdiyev üçün problem budur. Çünki onun zamanında kadr seçimi məhz belə olub. Ən prinsipsiz insanları toplayaraq elita yaratmışdı. İndi də bu şəxslər Mehdiyevə qarşı fikirlər söyləyirlər, Mehdiyev də onlara cavab verir. Müşahidə olunan mənzərə budur.


- Sizin Ramiz Mehdiyevlə şəxsi tanışlığınız hansı səviyyədədir və ona münasibətiniz necə olub?


- Mən onunla Sovetlər Birliyi dövründə görüşmüşəm. Ondan sonra Mehdiyevlə heç bir əlaqəm olmayıb. Mənim ona münasibətim neytral olub. Onu yaxından tanımıram, əlaqəm olmayıb. Ancaq gördüyü işlərə münasibətim çox mənfi olub və bunu da zaman-zaman mətbuatda demişəm.


- Hansı işlərini nəzərdə tutursunuz?


- Bütün işlərini! Məsələn, kadr siyasətini. Çox bərbad siyasət aparıb. Bunu qoyaq bir kənara. Ramiz Mehdiyev eyni zamanda Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmalı olan dövlət komissiyasının sədri olub. Onun korrupsiya komissiyasının sədri olduğu ölkədəki vəziyyət göz önündədir. Əgər mən belə komissiyanın sədriyəmsə və korrupsiya dayanmaq əvəzinə inkişaf edibsə, deməli, mənim də günahım var.


Onun seçdiyi, irəli çəkdiyi kadrlara baxanda hər şey məlum olur. İstiqanlı, işini yaxşı bilən, mədəni və yüksək təhsilli kadrlar heç vaxt irəli çəkilməyib. Bunu da konkret kimin etdiyini yaxşı bilirsiniz. Odur ki, indi Ramiz Mehdiyev üzləşdiyi situasiyaya görə, özündən başqa heç kimi günahlandırmamalıdır.


Qeyd edim ki, məsələ toy məclisindən sonra başlandı. Sözsüz ki, karantin rejimində toy etmək olmaz. Amma insafən sizə deyim ki, mən bağda idim və yaxınlıqda toy səsi gəlirdi. Kimsə toy edirdi. Demək olar ki, axşam saat 22:00-dan sonra da dayanmadılar. Mehdiyev də özünün birinci açıqlamasında bildirdi ki, onlarla yanaşı daha bir neçə nəfər toy məclisi qurub, amma nədənsə məhz onun məclisi gündəm olub. Mən belə başa düşürəm ki, Mehdiyevin toy etməsi bir səhv olub və bundan da istifadə ediblər.
 

- Bəs Sizcə, vəzifədən çıxarılan və bundan narazı qalan şəxslərin Mehdiyevin toy məclisində görünməsi nədən xəbər verirdi?


- Açığını deyim ki, onların heç bir gücü qalmayıb. Biz yaxşı bilirik ki, uzun müddət vəzifədə olan və sonradan çıxarılan zəngin insanları özbaşına buraxmırlar. Mən indiyə qədər görməmişəm ki, yüksək vəzifədə işləyən insan vəzifədən çıxarıldıqdan sonra başını qaldırsın. Onlar başlarını aşağı salıb, çörəklərini yeyirlər...


- Amma Ramiz Mehdiyevin fərqli fiqur olduğu iddia olunur...


- Mən buna qətiyyən inanmıram. Çünki onun potensialı, resursu yoxdur. Nədən istifadə edə bilər? Qulluq etdiyi Rusiya da bundan əlini çəkib. Əlini götürməsəydi, vəzifəsində qalardı. Neçə illər idi ki, Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılacağına dair söz-söhbətlər gəzirdi. Amma bu, baş vermirdi. Lakin indi çıxardılar. Deməli, Rusiya əlini onun üzərindən çəkib.


- Siz də hesab edirsiniz ki, Ramiz Mehdiyev Rusiyaya bağlı şəxs olub?...


-Təbii. Bəs necə? Başqa fikir varmı? Onun yaratdığı mənzərəyə baxmaq lazımdır. Mehdiyev yazdığı məqalələrində daim Qərbə qarşı olub. Qərbə qarşı yazmaq elə Rusiyanı dəstəkləməkdir. Bu, reallıqdır.


- Mehdiyevin şəxsən Sizə pisliyi dəyibmi?


- Bax, bunu dəqiq deyə bilmərəm. Bəllidir ki, zamanında məni işdən çıxarıblar. Amma bu məsələdə Mehdiyevin nə dərəcədə rolu olduğunu deyə bilmərəm.


- O zaman söz-söhbət gəzirdi ki, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru Əli Abbasovu işdən çıxarıb yerinə Mehdiyevə yaxınlığı ilə seçilən Rəbiyyət Aslanovanı təyin edəcəklər...


- Mən çıxdıqdan sonra o vəzifədə bir müddət İlham Məmmədzadə işlədi. Sonra Yusif Rüstəmov gəldi. Yusif müəllimdən sonra yenidən İlham Məmmədzadə qayıtdı. Söhbət vardı ki, Rəbiyyət Aslanova direktor gələcək. Amma gəlmədi. Rəbiyyət xanım BDU-da kafedra müdiridir. O vaxt da deyirdilər ki, AMEA-ya elə Ramiz Mehdiyev nəzarət edir. Mən bunu dəqiq bilmirdim.

 

 

- Niyə hazırda AMEA-da işləyən, lakin Ramiz Mehdiyevi tənqid edə biləcək şəxslər yoxdur. Sizcə, buna səbəb nədir?


- Musa Quliyev tənqid edib. AMEA-da institut direktorudur. Eləcə də Etibar Əliyev tənqid edib. Çoxunun heç onu tənqid etmək imkanı da yoxdur. Baxın, Ramiz Mehdiyevin özü nə qədər imkanları olan adamdır, ancaq açıqlamasını AMEA-nın saytında yayır. İmkanı olsaydı, elə bu məqalələrini “Azərbaycan” və digər bu kimi qəzetlərdə, saytlarda yayardı. Əslində, Mehdiyevin açıqlamalarını “Turan” Agentliyi çap etməsəydi, bizim heç bundan xəbərimiz olmayacaqdı. Nəzərə alın ki, biz neçə aylardır heç akademiyaya getmirik.


- Akademiyadakı alimlər arasında Mehdiyevlə bağlı narazılıq varmı?


- Mehdiyev akademiyaya yenicə gəlmişdi, bizsə mart ayından pandemiyaya görə işə getmədik. Mən bilmirəm nələr edib. Bildiyim qədər bəzi institutları bağlamaq istəyirdi, amma bu, baş tutmadı. Müəyyən kadr dəyişiklikləri etdi. Bəzi adamları öz yanına gətirdi. Onu bilirəm ki, akademiyanın aparatını şişirdib 200-300 nəfərə maaş veriblər. Bunu açıqladılar. Deyilənə görə, Mehdiyev həmin şəxsləri işdən çıxarıb. Yəni aparatın şişirdilməsinin qarşısını alıb.


- Sizcə, AMEA prezidenti ətrafında yaranan problem necə həll edilə bilər?


- Hər şey ölkə Prezidentinin verəcəyi qərardan asılıdır. Əgər qərar sona qədər getmək olsa, çoxlu addımlar atıla bilər. Məsələn, kitablarını qaldırıb müzakirə etmək, akademik titulundan mərhum etmək olar. Bu, Prezidentin qərarından asılı olacaq. Akademiya əslində ölü təşkilatdır. Ümumiyyətlə... məsələn, Qazaxıstanda akademiya ilə Təhsil Nazirliyi birləşdirilib...


- Son günlər Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsindən uzaqlaşdırılmasına dair fikirlər səsləndirilir...


- Deyim ki, bir il əvvəl bütün filosoflar ağız dolusu deyirdilər ki, Mehdiyev bir nömrədir, yol göstərən, nəzəriyyəçidir və s. İndi bunlar yoxdur. Bildirim ki, bu günə qədər akademiya rəhbərliyində heç vaxt humanitar elmlərlə məşğul olan şəxs olmayıb. Akademiya rəhbəri hər zaman kimyaçı, fizik, riyaziyyatçı olub. Yəni dəqiq elmlərin nümayəndəsi olub. Çünki akademiyada ciddi sahələr var.


- Mehdiyevin akademiya sistemində işləyən və onu tənqid edənləri cəzalandıracağını gözləmək olarmı?


- Yox. Əlində bu qədər imkanı olmayacaq. Onu tənqid edənlərin əksəriyyəti təkcə akademiyada işləmirlər, eyni zamanda deputatdırlar. Ramiz Mehdiyev özü də bilir ki, onu tənqid etmək hər adamın işi deyil. Özü məqaləsində yazmışdı ki, bu şəxslər vəziyyətə və tələbə uyğun addım atırlar.


- Amma siz də onu tənqid edirsiniz...


- Mənə nə pislik lazımdırsa, zamanında edilib. Onların əlindən infarkt keçirdim, şəkər xəstəliyinə tutuldum. Bundan sonra mənə neyləyə bilər ki? O ağır günlərdən sonra, əksinə, mənim dilim açıldı. Danışıram və nə düşünürəmsə açıq deyirəm.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top