Yaltaqlıq istedadı

GÜNDƏM 31 avq 2020, 12:59

Kənar adam cəmiyyətimizi – televiziyanı, qəzet-jurnalı, toy-yas məclislərini, müşavirə-iclası, konfrans-seminarı, bir sözlə, rəsmi və qeyri-rəsmi tədbirləri müşahidə eləsə, “bunlarda fitri tərif demək istedadı var” deyər.


Bu gün cəmiyyətimizə hakim bir insan duyğusu – yaltaqlıqdır. Elə bil bu duyğuyla nəfəs alırıq, yatıb-dururuq, beynimiz yalnız bunun yeni növlərini axtarmaqla məşğuldur. Orijinal bir yaltaqlıq forması tapanda uşaq kimi sevinirik. Sanki həyatda uğur qazanmağımız bu hala, ovqata köklənə bilməyimizə bağlıdır.


Biz yaltaqlığı insani duyğular sırasına çıxarmağı bacarmışıq, o biri duyğuları Tanrı özü verib bizə.


İlahi, biz nə qədər bacarıqlıyıq, yalmanmanın necə kreativ üsullarını bilirik! Yaltaqlıq elm kimi tanınsaydı və bu elmlə, məsələn, Günəşə uçan aparat düzəltmək mümkün olsaydı, bunu bacarardıq.


Biz heyvan adlarından da bu sözə sinonimlər qayıra bilən camaatıq, “pişiklənmək” kimi.


Yaltaqlıq tək alçalma forması deyil, həm də insan qorxusunun üst geyimidir. Yaltaqlığın əks üzü qorxaqlıqdır. Qorxan adam yalmanır! Çexovun “Məmurun ölümü” hekayəsindən Çervyakovu xatırlayırsınız yəqin. Öz Qurbanəli bəyimizi demirəm heç.


Tanınmış çex heykəltəraşı David Çernı yaltaqlığı insanlığın ən naqis keyfiyyətlərindən sayaraq ona heykəl ucaldıb. “Yalmanma” adlanan 5 metrlik heykəl Praqanın “Futura” qalereyasında nümayiş olunur. Bu, ikiqat əyilmiş başsız adam heykəlidir. Heykəltəraş bununla demək istəyir ki, yaltaq adamda nə baş olar, nə sima. Gündəyməzi açıqdır deyə heykəlin şəklini dərc etmirəm bu yazıda. “Quql”da “David Černý. Brown-nosers” yazıb özünüz taparsınız.


Elə bil yarınmaq genetik halımızdır; atadan oğula, anadan qıza ötürülür.


Yaltaqlıq sanki genetik halımızdır dedim, yəqin elə buna görədir: bir xalq kimi – istər evdə ata olsun, istər dövlətdə rəhbər – “üzüyumşaq” başçıları sevmərik, atılıb boynuna minərik. Bizimki zorlu-hallı adamdır, sinov gedərik, rəğbət bəslərik, təzim edərik.


Şiə kimi də qəribə şiəyik, qəlbində Əli rəhmi olana yox, Yezid kimi zalıma biət edərik.


İki il dözə bildik Rəsulzadələrin bəxş etdiyi azadlığa. Heç nə demirəm, elə parlament dinləmələrini stenoqramdan oxuyun yetər. Özümüz öz əlimizlə verdik azadlığımızı bolşevik ruslara.


Sovet illərində, irəli getmiş xalqların hələ tam baş açmadığı kompüter texnologiyalarından danışan Vəzirovun da “üzüyumşaqlığı” iki ilə yaxın çəkdi.


Humanist Elçibəyin bəxti heç gətirmədi. Xalq “ürəyiyumşaq” hakimiyyətlə bircə il dolana bildi.


“Dəmir əlli” hakimiyyətə sevgimizi isə özünüz də bilirsiniz, görürsünüz, yaşayırsınız!


Yazının bu yerinə qədərki hissəsi hələ 3 il qabaq qaraladığım “Məğrur yaltaqlıq məktəbi” adlı məqalədəndir. Son günlər ölkədə mənəvi-etik halımıza güzgü tutan hadisələrin axarında o yazıya yenidən qayıtdım.

 
Bu sözləri əlavə eləmək istədim: yaltaq ən zalım adamdır, yaltaqlıq zalımlıqla eyni bətndə yetişir, əkiz doğulur.


Sovet dövründə partiya nərdivanına, onun ən hündür pilləsinədək dırmaşmağa Kremldəkilərə yaltaqlanmağı ən yaxşı bacaranlar nail olurdu. Qorxu üstündə qurulan bütün siyasi rejimlərdə karyeranın tək yolu budur. Kommunist ənənəsini yaşadan cəmiyyətlərdə proses sonuclanmadı, davam etdirildi.


Əyilə-əyilə, sına-sına “qalxmış”ların özündən aşağılara divan tutmasına yüzlərlə misalı son 27 ildə bu ölkədə yaşamış hər kəs gətirə bilər. Adlar çəkmək istəmirəm, hamıya məlum adlardır. Hakimiyyət pillələrində yaltaqlıqla ucalanlar bir gün leş kimi yerə düşəndə başqalarına ehtiyac olmur, elə özləri kimiləri onları didib-parçalayır.


30 il qabaq məğrur insanların, azad vətəndaşların yaşayacağına ümid etdiyimiz ölkəni müti, yazıq, gözüqıpıq, ələbaxan insanlar ölkəsinə çevirmişləri lənətləyərək qaraladım bu yazını…


Vahid Qazi (pressklub.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top