Keçmiş köməkçinin yeni köməkçiyə qarşı revanşı — Əli Həsənov dövlətin media siyasətini sabotaj edir

TƏHLİL 29 avq 2020, 12:05

Prezidentin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyevə media ilə əlaqələrin tənzimlənməsi işinin verilməsi jurnalist cameəsi tərəfindən olduqca müsbət qarşılandı. Bu münasibət səbəbsiz deyil. Çünki media Prezidentin keçmiş köməkçisi Əli Həsənovun yarıtmaz siyasətindən yenicə xilas olub.


Bununla yanaşı, Hikmət Hacıyev həm cəmiyyətdə, həm də media nümayəndələri arasında olduqca pozitiv və sadə dövlət məmuru imicinə sahibdir. Bu baxımdan media ilə əlaqələrin belə bir şəxsə həvalə edilməsi Əli Həsənovun gedişindən sonra müsbətə doğru dəyişikliklərin davam edəcəyi deməkdir.


Hikmət Hacıyevin bu missiyasını həyata keçirməsindən narahat olan yeganə şəxs isə elə Əli Həsənovun özüdür. Çünki o, hələ də “bəlkə də qaytardılar” arzusu ilə yaşayır. Lakin onun vəzifəsinin Hikmət Hacıyevə həvalə olunmasını Əli Həsənov öz arzusu önündə böyük əngəl hesab edir.


Əli Həsənov hesab edir ki, ondan sonra mətbuat nə qədər pərakəndə və dağınıq olarsa, o cümlədən, nə qədər problem yaşanarsa, onun “yeri görünəcək” və bəlkə bir gün yenidən geri çağıracaqlar. Amma bu arzusu və niyyəti üçün şərait yetişmədi, onun gedişindən sonra media normal vəziyyətinə qayıtmağa başladı, Hikmət Hacıyevin media ilə əlaqələri həyata keçirməsi müsbətə doğru bu dəyişiklikləri daha da sürətləndirəcək.

 

Açıklama yok.


İndi son ümidi də ölən Əli Həsənov artıq trolları vasitəsilə Hikmət Hacıyev üzərindən kampaniyaya başlayıb. Onun media resurslarında yayımlanan “Hikmət Hacıyevin qarşısındakı ən böyük əngəl - favoritizm!” sərlövhəli məqaləni təhlil edəndə hədəfin və niyyətin nə olduğunu anlamaq çətin deyil.


Məqalədə Hikmət Hacıyev əvvəlcə təriflənir, lakin nəticə olaraq qeyd olunur ki, “o, Əli Həsənov qədər təcrübəli isim” deyil.


Əli Həsənov bununla demək istəyir ki, Hikmət Hacıyev cəmiyyətdə müsbət obraza sahib olsa da, “mənim bildiyimi bilmir”. 


Anadolu türkcəsində deyildiyi kimi, “tərifləyə-tərifləyə gömmək” budur. Məqalədən çıxan əsas nəticə odur ki, “Əli Həsənovun yeri görünür”. 

 

Açıklama yok.


Təsadüfi deyil ki, məqalədə Əli Həsənovun heç bir revanşist addım atmadığı və hazırda müalicəsi ilə məşğul olduğu xüsusi vurğulanır, bununla revanş addımlarını pərdələmək istəyir.


Ardınca Hikmət Hacıyevə dolayısı yolla “yeni komanda” ilə işləməmək tövsiyə olunur və cəmiyyətdə ziyalı kimi tanınan şəxslər hədəfə alınır.


Misal üçün, Əli Həsənova bağlı olan bəzi saytlarda Elçin Şıxlı, Qulu Məhərrəmli və bu kimi mediaya dərindən bələd olan şəxslər, həmçinin tanınmış hüquqşünas Aslan İsmayılov və Prezident İlham Əliyevin islahatlarını dəstəkləyən digər ictimai fəallar haqqında yumşaq desək, dezinformasiyalara söykənən kampaniya həyata keçirilir. Bu da təsadüfi deyil. Çünki medianın Əli Həsənovdan xilas olmasından bu və digər ziyalılar sözün gerçək mənasında “alın təri tökdülər”. Nəticədə qazanan gerçək media oldu.

 

Açıklama yok.


İndi Əli Həsənov bu ziyalılardan qisas alır, lakin məqsədi təkcə qisas almaq yox, həm də media ilə əlaqaləri həyata keçirəcək Hikmət Hacıyevə belə demək mümkünsə “oyun qurmaq”dır. Çünki ölkə mediasında normal mühitin yaradılmasının yolu gerçək media ilə işləməkdən keçir.


Keçmiş köməkçisinin əsas səhvi məhz gerçək medianı nəzərə almamaq, haqlıları haqsızların qarşısında əzməyə çalışmaq, öz şəxsi maraqlarını media üzərindən diktə etmək idi. Bunun sonu Əli Həsənovun vəzifəsini itirməsi ilə nəticələndi.


İndi Əli Həsənov “geri qayıtmaq” xəyalı ilə Hikmət Hacıyevin də onun səhvlərini təkrarlamasını, nəticədə öz aləmində ona ehtiyacın yaranmasına çalışır. Çünki bilir ki, Hikmət Hacıyevin gerçək media və bu medianın siması olan ziyalılarla işləməsi həm medianın inkişafı, həm də işinin uğurlu olması deməkdir. Keçmiş köməkçi məhz bunu istəmir, onun məqsədi “media nə qədər pis olsa, o qədər mənə sərf edir” prinsipinə söykənir. 


Məlum məqalə və təhlil adı ilə həyata keçirilən qarayaxma kampaniyasının hədəfi məhz budur və burada əsas məqsəd Hikmət Hacıyevin qarşısına ən böyük əngəli çıxarmaqdır. Amma Əli Həsənov bir şeyi hələ də anlamaq istəmir ki, onun qatarı çoxdan gedib...


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top