"Şoyqu Bakıya qulağımıza "sırğa" asmağa gəlmişdi"

MÜSAHİBƏ 27 avq 2020, 20:42

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu avqustun 25-də Azərbaycana bir günlük işgüzar səfərə gəldi. O, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Prezident İlham Əliyev tərəfindən qəbul edildi və səfər zamanı bir sıra görüşlər keçirildi.


Görüşdə Tovuz hadisələri zamanı Rusiyanın Ermənistana silah göndərməsi ilə yanaşı, bir sıra vacib məsələlər də müzakirə edildi. Şoyqunun səfərinin, əsasən “Dəniz Kuboku” yarışının açılış mərasimində iştirakla bağlı olduğu bildirilsə də, Türkiyə ordusunun və yüksək səviyyəli hərbi nümayəndə heyətinin Bakıya gəlişindən sonraya təsadüf etməsi əlavə suallara səbəb oldu.

 
Demokrat.az bildirir ki, AYNA-nın mövzuya dair suallarını politoloq Natiq Miri cavablandırıb.


- Natiq bəy, fikrinizcə, Sergey Şoyqunun Bakı səfəri nə ilə bağlı idi və necə yadda qaldı?

 
- Sergey Şoyqunun Bakı səfəri rəsmi olaraq, guya idman yarışları ilə bağlı olsa da, əslində Rusiyanın niyyətləri baxımından səhnə arxasında tamamilə başqa bir vəziyyət ortaya çıxır. Düşünürəm ki, Şoyqunun təcili sürətdə bir günlük Azərbaycana səfər etməsi, Tovuz rayonu istiqamətində Ermənistanın təxribatından sonra yaranmış geosiyasi vəziyyətlə bağlıdır. Çünki Tovuz hadisələrindən əvvəl və sonra Rusiyanın Ermənistana 400 tondan artıq hərbi yük daşıması, Rusiyanı çox çətin vəziyyətə salıb. Bu vəziyyət isə Azərbaycanla Türkiyənin yaxınlaşması kontekstində Rusiyanın regiondakı geosiyasi maraqlarına bir növ təhdid hesab olundu. Çünki vəziyyət arqumentlər baxımından Azərbaycan və Türkiyənin mövqelərini gücləndirdi və Azərbaycanla Türkiyənin yaxınlaşmasına bütün mənalarda - siyasi, hərbi və mənəvi cəhətdən zəmin yaratdı.


- O zaman Şoyqunun səfərini Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı ilə də əlaqələndirmək olar?

 
- Əslində, elədir. Yəni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Tovuz hadisələri və bu kontekstə bağlı Dağlıq Qarabağ probleminin müzakirə edilməsi faktını da bununla əsaslandırmaq olar. Həmin telefon danışığında arqumentlər baxımından güclü tərəf Türkiyə idi. Ona görə ki, Putinə Ərdoğan tərəfindən birbaşa ritorik suallar verildi ki, bu sualların cavabı Putin tərəfindən əsaslandırıla bilmədi və bilməzdi də. Yəni, əgər Rusiya regionu, xüsusilə də Cənubi Qafqazı hələ də özünün “arxa baxçası” hesab edirsə və regiona digər regional və qlobal gücləri buraxmaq istəmirsə, o zaman vassalı olan Ermənistanın ipini çəkməlidir ki, bir neçə aydan bir Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli işğalçı siyasətinin qarşısını alsın. Yox, əgər bunu edə bilmirsə, demək, Rusiyanın bu istiqamətdə hansısa geosiyasi məqsədləri mövcuddur. Yaxud da, bunun əksinə olaraq Rusiya bunu edə bilmirsə, demək Ermənistan müəyyən mənada Rusiyanın nəzarətindən çıxıb ki, bu da region üçün böyük təhlükələr vəd edir. Belə olan təqdirdə isə digər regional güc mütləq mənada regiona və geosiyasətə müdaxilə etmək məcburiyyətində qalır. Məhz bu məsələlər Ərdoğan tərəfindən Putinin qarşısında qoyulmuşdu ki, Türkiyə proseslərə müdaxilə etmək məcburiyyətində qalacaq. Bundan sonra da dövlət başçsı İlham Əliyevin Putinə zəng edərək, Rusiyanın Ermənistana Tovuz təxribatı zamanı 400 tonluq silah daşması və bunun indiki münasibətlərə heç cür uyğun gəlməməsi faktını bidirməsi də Azərbaycanın arqumentlər nöqteyi-nəzərindən güclü olmasını göstərmişdi.
 

- Şoyqunun səfəri həm də Rusiyanın buna qarşılıq verməsi kimi dəyərləndirilə bilər?
 

- Elədir. Rusiyanın buna qarşılıq verməsi, məhz Şoyqunun təcili sürətdə Bakıya səfəri ilə nəticələndi. Bildiyiniz kimi, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya səfər etməli idi. Və bu səfər Azərbaycan Prezidenti İlham Əliyevlə Putin arasındakı telefon danışığında müzakirə edilən danışıqlar çərçivəsində olacaqdı ki, bu istiqamətdə də Rusiyanın arqumentləri o qədər güclü deyildi. Ona görə də bu arqumentləri gücləndirmək üçün Şoyqunu Azərbayacana göndərmək və Azəbaycan hakimiyyəti və cəmiyyətinin qulağından növbəti “sırğanı asmaq” lazım idi ki, biz bunu Şoyqunun Rusiyanın Ermənistana 400 tonluq silah deyil, guya hansısa inşaat materilları göndərdiyini deməsi ilə gördük. Harada görülüb ki, təyyarə vasitəsi ilə 400 ton inşaat materilları Ermənistana, xüsusən də Rusiyanın Ermənistandakı hərbi bazasına göndərilsin? İndiyə qədər heç kim bunu müşahidə etməyib. Bunun başqa yolları var. Yəni, Gürcüstandan dəmiryolu vasitəsi ilə də bunu çox rahatlıqla etmək olardı və çox xərc çəkilməzdi də. Amma, məhz Azərbaycanın mövqelərini zəiflətmək üçün ortaya atılan yeganə bəhanə bu ola bilərdi ki, bundan da istifadə edildi və Şoyqu təcili sürətdə Bakıya göndərildi. Şoyqu da Azərbayacana gələrək qulağımızdan “sırğa asdığını” düşündü.

 
- Baş verən son hadisələr və Rusiyanın Azərbayacana mənfi münasibəti baxımından, düşünənlər var ki, Moskva ilə münasibətlərdə daha ehtiyatlı davranmaq lazımdır...

 
- Əksinə, Azərbaycanın arqumentləri güclü olduğu bir məqamda Rusiyanın üstünə getmək lazımdır ki, Rusiya ən azından bu arqumentlərin qarşısında aciz durumda olduğunu və müəyyən mənada güzəştlərə getmək məcburiyyətində qaldığını qəbul etsin. Çünki Azərbaycanın arqumentləri hər zaman indiki kimi güclü olmur. Ortada səhv buraxan Rusiyadır və bu amili qətiyyən zəifətmək olmaz. Əslində, Türkiyə ilə Azərbaycanın yaxınlaşması, məhz bu kontekstdə təqdim edilərsə, bu, həm də Azərbaycanın Rusiyanın təzyiqlərindən sığortalanması anlamına gəlir. Ona görə də Rusiyanın üzərinə getmək lazımdır ki, Azərbaycanın Türkiyə ilə yaxınlaşmasını bizə digər təxribatlarla gözdağı edə bilməsinlər. Bundan başqa, bu məsələdə qardaş Türkiyəni xəyal qırıqlığına uğratmaq da olmaz. Çünki Türkiyə birmənalı olaraq hərbi-siyasi iradəsini ortaya qoydu. Yəni, bir növ xilaskar ordu kimi Azərbaycana gəlməklə, daha sonra isə hərbi rəhbərliyini Azərbayacana göndərməklə, özünün missiyasını həyata keçirdi və bütün dünya güclərinə konkret mesaj verdi. Düşünürəm ki, Azərbaycan Türkiyənin bu cür fədakar mövqeyini gücləndirmək üçün Şoyqunun asmaq istədiyi “sırğaları” rədd etməlidir. Azərbaycan indiki güclü mövqeyindən çıxış edərək Türkiyə ilə yaxınlaşmanı Azərbaycanın təhlükəsizliyi baxımından məcburi vəziyyət kimi elan etməlidir. Bu da aqrument olaraq çox güclüdür və Rusiya bunun qarşısında heç nə deyə və edə bilməz. Ona görə də Şoyqunun Azərbaycan səfərini bu kontekstdə dəyərləndirmək lazmdır. Bunun alternativi isə Azərbaycan cəmiyyətini aldatmaq olardı.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top