Ramiz Mehdiyev müxalifətə keçir?

GÜNDƏM 27 avq 2020, 09:21

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev növbəti bəyanatla çıxış edib. Bəyanatın ruhu təhdid xarakterlidir. R.Mehdiyev bəyanatına konkret adlar da daxil edib. Bu adlar onun “qara siyahısı” hesab oluna bilər. Çünki o, adlarını yazdığı millət vəkillərini, KİV rəhbərlərini və partiya sədrlərini açıq şəkildə hədələyib.

 

Ramiz Mehdiyev bəyanatında “həqiqi müxalifətə” isə tərif deyib: “Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş”. Bununla faktiki olaraq, onlarla işbirliyinə gedə biləcəyinə də işarə etmiş olub.

 

O, həmçinin Rusiya ilə dolayısı ilə hamını təhdid edib. Bu, şantajdımı, yoxsa arxasında gerçəklik varmı? Ömrü boyu siyasi müxalifətə qarşı olan bir keçmiş məmur nədən belə indi müxalifətin xeyrinə danışsın? Onun müxalifətin hansısa cinahı ilə işbirliyinin baş tutması mümkünmü?

 

AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Mehdiyev 84 yaşında olan ahıl adamdır. Onun hər hansı siyasi perspektivindən, müxalifətdaxili səfərbərlik aparmasından danışmaq qeyri-ciddi olar: “Ona görə də Ramiz Mehdiyevin müxalifətlə yaxınlaşmasını əsassız hesab edirəm. Ramiz Mehdiyevin Rusiya ilə bağlı dediklərini də ciddiyə almaq lazım deyil”.

 

Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr, Mədəniyyətlərarası Dialoq və İnteqrasiya Komissiyasının katibi, deputat Elman Nəsirov isə bildirdi ki, məlum hadisələr fonunda Ramiz Mehdiyev bir neçə dəfə Milli Elmlər Akademiyasının rəsmi saytında yerləşdirdiyi yazılarında radikal müxalifəti həqiqi müxalifət adlandırır: “Ayrı-ayrı müxalifət nümayəndələrinin bu olaylar barədə çıxışlarında nala-mıxa vurduqları da açıq görünür. Onlar bir yandan akademik Ramiz Mehdiyevin indiki halda səsləndirdiyi fikirləri dəstəklədiklərini bildirirlər, onunla həmfikir olduqlarını ifadə edirlər, bir yandan da ittiham edirlər ki, Ramiz Mehdiyev özü də illər boyu müxalifətə qarşı təzyiqləri həyata keçirən şəxslərdən biri olub. Müxalifətin Ramiz Mehdiyevlə bağlı davranışında bax beləcə manevrlərin olduğu diqqətdən yayınmır. O ki qaldı Ramiz Mehdiyevin perspektivdə radikal müxalifətlə əməkdaşlığının, birliyinin mümkün olub-olmamasına, bunu müxalifətdə kimlərsə Ramiz Mehdiyevin hansısa imkanlarından yararlanmaq üçün istəyə bilər. Ramiz Mehdiyevin bunu istəməsinə gəlincə, o, uzun müddət dövlət idarəçiliyində olmuş şəxsdir, böyük təcrübəsi var, ona görə də əgər o, doğrudan da Azərbaycan dövlətçiliyi əleyhinə olan radikal müxalifət dairələri ilə işbirliyi qurmaq yolunu seçsə, bəlkə də bu addım onun həyatının ən böyük və bağışlanmaz səhvi olacaq. Bu yaşında Ramiz Mehdiyev belə bir addımı atsa, bağışlanmaz səhv olacaq. Amma istisna deyil ki, müxalifət dairələri Ramiz Mehdiyevlə ünsiyyət qurmaq, onun imkanlarından istifadə etmək yolunu seçəcək. Ramiz Mehdiyevə bu istiqamətdə müraciətlər olacağı halda o, təcrübəsini işə salıb bilməlidir ki, radikal müxalifətlə yaxınlıq, əməkdaşlıq ona yaxşı heç nə vəd etmir. Azərbaycan dövləti kifayət qədər güclüdür və ölkədə səfərbər olunmuş cəmiyyət, iqtidar-xalq birliyi var. Belə olan vəziyyətdə Azərbaycan Prezidentinin siyasi kursunun əleyhinə olan qüvvələrlə ortaq mövqedən çıxış eləmək, əməli addımlar atmaq hesab edirəm ki, bağışlanmaz səhv olar. Ümid edirəm ki, Ramiz Mehdiyev belə addıma getməyəcək. Bu, ilk növbədə onun özü üçün çox təhlükəli ola bilər. Çünki söhbət dövlətin, xalqın maraqlarından gedir. Xalqın və dövlətin milli maraqları əleyhinə bir siyasətə hansı ad verilməli olacağını təxmin etmək elə də çətin deyil”.

 

Ramiz Mehdiyevin “qara siyahı”ya saldığı müxalifət də var. Onlardan AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əslində  Ramiz  Mehdiyevin onları məhkəmə ilə təhdid  etməsi onların əsl  müxalifət  olaraq  doğru  yolda  olduqlarının isbatıdır: “Əksinə, bu  gün Mehdiyev kimi birisi  bizi  tərifləsəydi,  biz  özümüzdən  və  fəaliyyətimizdən  şübhə duymalı idik. Demək  ki, dediklərimiz  tam  hədəfə  dəyib  ki, kinli  akademik  əlimizdən   bu qədər  qəzəblənib. Bizim  Allahdan başqa kimsədən  çəkindiyimiz və qorxduğumuz  yoxdur. Biz  zamanında  gəncliyimizin  ən  gözəl  illərini  Mehdiyevin  saxta  məhkəmə  qərarları ilə zatən  zindanlarda  keçirmiş siyasilərdənik. Bizlər Ramiz  Mehdiyevin  ən  güclü  olduğu  dönəmlərdə belə ona  sözümüzü  ən açıq  formada  demişik  və  bunun  cavabını  ağır  repressiyalara  məruz  qalaraq  vermişik. İndi  bu qəddar qoca  bizi  nəylə  qorxuda  bilər ki? Əslində  biz  gözəl  bilirik  ki, xalqdan  taladığı  milyardlar  hesabına   Mehdiyevin  xidmətində   əli silahlı  qanunsuz  dəstələr də  var  və istəsə,  bizə  qarşı  onlardan da  istifadə  edər. Necə zamanında  müxtəlif  siyasilərə  və  iş adamlarına  qarşı  bu metoddan  istifadə  edir. Mən anlamıram,  necə  ola  bilər  ki,  5-6  ay  öncəyə  qədər  dövlətə və  dövlətçiliyə  xəyanətdə  ittiham  etdiyi,  məhv  etməyə  çalışdığı  müxalifətə  bu  gün  təriflər  desin?  Məncə, burada xalqın   araşdırmalı   və nəticə  çıxarmalı  olduğu  kifayət  qədər  məqamlar  var. Mehdiyev açıq şəkildə müxalifətə  keçər,  ya yox,  onu  deyə  bilmərəm. Çünki onun  belə  qərarlar  vermək  səlahiyyətinin  olduğunu  düşünmürəm, haradansa tapşırıq  gəlsə,  bəlkə  də,  keçər.  Müxalifətdən  kimlərinsə  ona   qucaq  açmasına  gəldikdə  isə,  deməliyəm  ki,  özünə müxalifət  deyən  kimsə  Mehdiyev  kimi  birisi ilə  eyni  sırada  dayana  bilməz. Əgər  bir  sırada  dayanarsa,   demək  ki, o  heç müxalifət  olmayıb. Ancaq bir tərəfdən də  düşünürəm   ki, dünənə qədər  Avropaya  kürü  daşıyanlar,  müxalifət əleyhinə  Avropada  fəaliyyət  göstərənlər, ölkənin  bu günə düşməsində birbaşa  iştirak etmiş  ekslər  bu  gün  kimlərin tərəfindənsə  müxalifət  liderləri  kimi cəmiyyətə  sırınırlarsa ,  onlar  R.Mehdiyevi  niyə də qəbul  etməsinlər?  Hər  halda  hər  varianta  hazır  olmaq   lazımdır. Məni  artıq  Azərbaycan  siyasətində  təəccübləndirəcək  hansısa  hadisənin  olması  mümkün  deyil”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top