“Qohumluq, tanışlıq, rüşvətlə işə, yüksək vəzifəyə düzəlmək dövrü bitməkdədir”

GÜNDƏM 27 avq 2020, 08:50

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar və Saatlı rayonlarına yeni təyin etdiyi icra başçıları ilə videoformat görüşündə kadr siyasəti haqda net mövqe ortaya qoyub. Prezident bildirib: “Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır”.

 

Ölkə prezidentinin bu fikirləri bütün nazirlərə, rayon rəhbərlərinə və digər yüksək vəzifəli şəxslərə kadr seçimini, kadr təyinatlarını hansı meyarlar əsasında aparmaları üçün tövsiyə yox, konkret göstərişdir. Bu həm də o deməkdirmi ki, qohumluq, tanışlıq, rüşvətlə işə, yüksək vəzifəyə düzəlmək dövrü bitdimi?

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, qohumluq, tanışlıq, rüşvətlə vəzifəyə düzəlmək dövrü bitməkdədir: “Bu dövrün birdəfəlik və tamamilə bitməsi üçün hər birimiz cənab prezidentimizlə bərabər olmalıyıq”.

 

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə bildirdi ki, “kadrlar hər şeyi həll edir” deyimi sovetlər dönəmindən yadlarda qalsa da, bu, əslində bütün dönəmlərdə belə olub: “Çox təəssüf ki, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyildi. Tamahını idarə edə bilməyən və qeyri-peşəkar kadrların şəxsi münasibətlər zəminində vəzifəyə gətirilməsinə dair çoxsaylı nümunələr göstərmək olar. Bu şəkildə seçim edən yüksək vəzifə sahibləri, təbii ki, nə xalqa nə də dövlətə sədaqətlə xidmət edə bilməzlər. Nə qədər acınacaqlı olsa da son illər bu bir ənənəyə çevrilib. Bir çox rəhbərlər utanmadan, çəkinmədən heç bir peşə hazırlığı olmayan, tamahı boyundan yüksəkdə dayanan yaxın qohumlarını rəhbərlik etdikləri qurumların ən mötəbər vəzifələrinə yerləşdirirlər. Sanki rəhbərlik etdikləri dövlət qurumu onların şəxsi kompaniyasıdır. Bu steriotipdən tezliklə yaxa qurtarmaq lazımdır. Cənab prezidentin son açıqlaması ümid yaradır ki, nəhayət, bu steriotipdən qurtulacağıq. Tamamilə dorudur ki, kadrlar bir neçə mühüm kriteriya əsasında seçilməlidirlər. Seçim aparılarkən vətənini sevən, tamahını idarə edə bilən və peşəkarlığı yüksək səviyyədə olan kadrlar üzərində dayanmaq lazımdır. Nazirlik, komitə və dövlət idarəetmə strukturuna daxil olan digər qurumların rəhbərləri tərəfindən yaxın qohumların onların rəhbərlik etdikləri qurumlarda vəzifələrə gətirilməsinin qarşısını almaq üçün aidiyyəti qanunvericilik aktlarında tələblər sərtləşdirilməlidir. Kadrların seçilməsinə bu şəkildə yanaşım ortaya qoyularsa, o halda bir müddətdən sonra, idarəçilikdə peşəkarların, dövlətinə və millətinə layiqli xidmət göstərənlərin xüsusi çəkisi arta bilər”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top