Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mətin Eynullayev haqda MARAQLI MƏLUMATLAR

İQTİSADİYYAT 19 avq 2020, 19:35

Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

 

Demokrat.az xəbər verir ki, Eynullayev Mətin Balasən oğlu 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. "Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb. 

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 

 

Qeyd edək ki, Mətin Eynullayev İqtisadiyyat naziri Mikayıl Cabbarovun tələbə yoldaşıdır. O həm "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, həm Təhsil, həm də Vergilər nazirliyində Mikayıl Cabbarovun tabeliyində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top