"Paşinyan öz siyasi “tilov”una düşəcək" — Politoloq

SİYASƏT 14 avq 2020, 23:37

Ermənistan Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərinin kütləvi köçünü təşkil edib. Bu barədə Ermənistan KİV-də yazılıb. Bildirilir ki, Livana humanitar yardım daşıyan təyyarələr İrəvana geri qaydarkən köçməyə razılıq verən erməniləri də göyərtəsinə götürür. Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ilk 2 reysdə 56 nəfərin, sonuncu reys zamanı isə daha 45 Livan ermənisinin İrəvana  gətirildiyini bildirib. O, köç prosesinin davam edəcəyini və Livan ermənilərinin Ermənistan pasportu alması üçün prosedurun maksimum sadələşdirildiyini də əlavə edib. Qeyd olunub ki, köçürülən ermənilərin bir hissəsinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi planlaşdırılır.


Demokrat.az bildirir ki, siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev bu barədə “Sherg.az”a danışarkən yayılan məlumatı Ermənistanın növbəti təxribatı kimi qiymətləndirib: “Livandakı ermənilər o qədər gözəl şəraiti qoyub nəinki Dağlıq Qarabağa, heç İrəvana da getməzlər. Beyrutda ermənilərin yaşam və biznes şəraitləri çox yaxşıdır. Üstəgəl, dövlətdə təmsilçilik hüquqlarına malikdirlər. Yəni Ermənistana, Dağlıq Qarabağa getmələri üçün əsas yoxdur. Həm də Paşinyan heç Ermənistandan Dağlıq Qarabağa erməni gətirə bilmirsə, Livandakıları necə köçürəcək? Erməniləri Dağlıq Qarabağda saxlamaq mümkün deyil. Bir vaxtlar deyirdilər ki, Dağlıq Qarabağda 90 min erməni var. İndi isə bu rəqəm 60 mindir.


Deməli, 30 min erməni müxtəlif yerlərə qaçır, canını qurtarır. Əgər belə olmasa idi, Ermənistan hakimiyyəti 35-40 yaşındakı zabitləri, ehtiyata buraxılanları və hətta qadınları orduya cəlb etməzdi. Bu da təsadüfi deyil. Çünki insanlar acınacaqlı vəziyyəti görüb qaçırlar. Mən tam məsuliyyətimlə deyirəm ki, Dağlıq Qarabağa Livandan bir nəfər də olsun erməni köçməz. Sadəcə evi dağılanlar ora müvəqqəti - 3, 4 aylıq gediblər. Onlar İrəvanda beş ulduzlu otellərdə qalırlar. Bu isə acından ölən Ermənistan iqtisadiyyatını nisbətən dirçəltmək üçündür. Əlbəttə, Paşinyan vəziyyəti özünə sərf edən formada təqdim edir. Amma o sonda öz siyasi “tilov”un düşəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top