"Bizim xalqın gözü həmişə arxadadır” - DAK rəhbəri xaricdəki azərbaycanlıların uğuruna İNANIR

SİYASƏT 30 sen 2018, 15:18

Bu il İsveçdə mərkəzi və region parlamentlərə keçirilmiş seçkilərdə bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Azərbaycanlı deputatlar bunlardır: xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət parlamentinə deputat seçilib.

 

İsveç Sosial-Demokratlar Partiyasından İradə Əliyeva da Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. 

20 yaşlı gənc Vüsal Quliyev İsveçin Haninge əyalət parlamentinə millət vəkili seçilib. 


Təbii ki, xaricdə yaşayan azərbaycanlıların təmsil etdikləri ölkədə deputat seçilməsi təqdirəlayiq haldır. Çünki illərdir  diaspor sahəsində çalışan həmvətənlərimizin xaricdə deputat seçilə bilməməsindən şikayət etmişik. Bunun səbəblərini araşdırmağa çalışmışıq. Nəhayət son vaxtlar bu sahədə irəliləyiş nəzərə çarpır.
 

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, eks-deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında xaricdə yaşayan azərbaycanlıların deputat seçilməsinə münasibət bildirib. Onun sözlərinə görə, xarici ölkədə əcnəbi millətin nümayəndəsinin millət vəkili seçilməsi adi məsələ deyil. 
 

“5-10 il ərzində deputat seçilmək olmur”
 

“Əvvəla, Azərbaycandan gedənlər gərək getdikləri ölkədə yerli xalqla, yerli cəmiyyətlə qaynayıb-qarışsınlar, siyasi həyatda aktiv olsunlar, vətəndaşlıq alsınlar. Özlərini həmin ölkənin dövlət marağına hazır hiss eləsinlər və yaşadıqları ölkənin vətəndaşı olsunlar. Təbii bu da zaman istəyir. Amma xaricdə yaşayan azərbaycanlılar hələ bir müddət bu sahədən geri qalacaqlar.

Xaricdəki erməni lobbisindən zaman-zaman danışmışıq. Bir çox ölkələrin parlamentlərində ermənilər mütləq təmsil olunur. Amma bir məqama  diqqət etməliyik. Xaricdə deputat seçilən ermənilər hazırkı Ermənistandan gedənlər deyil. Deputat seçilənlər əsasən uzun illərdir ki, həmin ölkələrdə yaşayanlardır. 5-10 il ərzində yaşayıb deputat seçilmək olmur. Onlar İranda, Fransada, İsveçdə  yaşayaraq yerli xalqlara qaynayıb-qarışıblar. Ona görə də həmin ölkələrin vətəndaşı kimi də seçkilərə qatıla bilirlər”. 
 

“Bu sahədə də irəliləyiş olacaq
 

Sabir Rüstəmanlı deyir ki, xaricdə yaşayan azərbaycanlıların bir problemi var:
 

“Xarici ölkələrdə yaşayan azərbaycanlıların çoxu getdiyi ölkələrdə qonaq kimidirlər. Gedib yaşadıqları ölkələrə müvəqqəti baxırlar. Orada çalışıb buradakı ailə üzvlərinə yardım edirlər. Xaricdə yaşayan azərbaycanlıların çoxunun bir arzusu var. Qarabağ azad olunan kimi geri qayıtmaq. Bizim xalqın gözü həmişə arxadadır. Həmişə geri qayıtmağı düşünürlər. Ona görə də xaricdə yaşayan azərbaycanlılar “niyə deputat seçilmir” demək doğru deyil. Bu, zaman istəyir. Təəssüf ki, bizim diaspor rəhbərlərimiz təşkilatlana bilmirlər. 
Azərbaycanda tez-tez mənasız partiyalar, adı olub özü olmayan yüzlərlə mənasız qeyri-hökumət təşkilatı var. Yaxud da ancaq qrant arxasınca qaçan qurumlar var. Xaricdə də elədir. Rusiyada 3 milyondan çox azərbaycanlı yaşayır. Təəssüf ki, biri başını qaldırıb iş görən kimi min dənə quyruq qoşuruq. Onların Rusiyada yaşadığını unuduruq. Onun oradakı işi də Rusiya ilə bağlıdır. Biz bu cür insanlara kömək etməkdən onların orada zəifləməsinə çalışırıq. Belə şəraitdə çalışmaq çox çətindir. Ona görə də bu cür məsələlər zaman istəyir. Vaxt gələcək bu sahədə irəliləyiş olacaq”. 
 

“Təşkilatlanma çox önəmlidir
 

DAK sədri bildirib ki, hazırda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların önə çıxmasına, ictimai-siyasi həyatda aktiv olmasına çalışır.


“Diaspor Komitəsi son vaxtlarda xeyli işlər görür. Ən azından xaricdə yaşayan azərbaycanlıların siyasi-ictimai həyatda aktivliyinə səy göstərir. Yenə deyirəm. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması çox önəmlidir. Bunları bacarsaq, təmsil olunduğumuz ölkənin siyasi-ictimai həyatında fəal ola bilərik. İsveçdə deputat seçilən xanımlara gəlincə, onların ikisi Güney Azərbaycandandır. Onlar çoxdan ordadırlar. Oranın vətəndaşlığını alıblar. Dediyim kimi, bu məsələlər zaman istəyir. Səbrlə bu işlərə başlanılsa, uğur əldə etmək də asan olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top