Daha bir deputat Eldar Həsənovun həbsindən danışdı: "Həbs olunanların fəaliyyəti araşdırılır"

GÜNDƏM 14 avq 2020, 16:42

“Demək olar ki, ölkə başçısı sosial islahlatlarla yanaşı kadr islahatlarını da genişləndirir”.


Bunu KONKRET.az-a danışan və Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsinə münasibət bildirən deputat Müşfiq Cəfərov bildirib.


Deputat qeyd edib ki, kadr və sosial islahatların hər ikisi bir-biri ilə əlaqəlidir: “Bu prosesin davamlı olması  zəruridir. Ümumiyyətlə, artıq çevik və müasir çağırışlara cavab verən idarəçilik sistemi qurulur. Görünür ki, bu mənada bir sıra dövlət strukturlarında yeni yanaşmaların tətbiqinə ehtiyac var.


Bu islahatlara müxtəlif fərqli münasibətlər var. Hətta bunu “ölkəmizdə yeni dövrün başlandığını” deyənlərlə razılaşmamaq mümkün deyil. Azərbaycan dövləti 16 ildir ki, sürətli inkişaf yolu keçir. Bu inkişaf tendensiyasının qorunub saxlanılmasında dövlət başçısının iradəsi, qətiyyəti, uzaqgörənliyi ilə yanaşı, onun komandasının məsuliyyət və peşəkarlığı da xüsusi rol oynayır. Cənab Prezidentin ölkədə aparılan kadr islahatlarını davam etdirmək məqsədilə son günlər imzaladığı sərəncamlar da ictimaiyyət tərəfindən böyük razılıq və məmnunluqla qarşılanıb. Yəni mütəxəssislərin “Azərbaycanda aparılan kadr islahatlarının növbəti mərhələsi” adlandırdığı son günlər imzalanmış sərəncamlar millli dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək mühüm addımlardır”.


Deputat vurğulayıb ki, dövlət strukturunda çox ciddi siyasi, sosial və iqtisadi islahatlar aparılması, Azərbaycanda müsbət dəyişikliklərdən xəbər verir: “Ölkədəki  inkişaf siyasəti nəticəsində bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yarandı. Azərbaycandakı tərəqqinin geniş vüsət almasında və davamlılığında kadr islahatlarının da rolu böyükdür. Prezident İlham Əliyev dövlət idarəçiliyi strukturunu daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, uzaqgörən addımlar atılmaqdadır. Dövlətin bütün sahələrində aparılan islahatlarda xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır.


Dövlət idarəçiliyində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara verilən postlar, yüksək etimadın göstərilməsi təqdirəlayiq haldır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük diqqət və qayğının göstərməsinin təzahürüdür.

 


Ümumiyyətlə, düşünürəm ki, gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir.


Digər tərəfdən, son həbslərlə bağlı qeyd edə bilərəm ki, dövlətçilik naminə aparılan hər islahat yüksək qiymətləndirilməlidir. Həbs olunanların fəaliyyəti araşdırılır. Kimliyindən asılı olmayaraq dövlətçiliyə zidd olan fəaliyyət cəzalandırılmalıdır. Təbii ki, bütün dövlət strukturunun fəaliyyəti başdan-ayağa kimi xalqın, dövlətin rifahı və gələcəyi üçün aparılmalıdır”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top