Qulu Məhərrəmli: “Bu, əsas vermir ki, Operativ Qərargahı lağa qoyaq"

GÜNDƏM 09 avq 2020, 08:23

Tanınmış ictimai xadim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli son zamanlar cəmiyyətdə və sosial şəbəkələrdə qınaq obyektinə çevrilmiş Operativ Qərargahın fəaliyyətini öz arşını ilə ölçüb, tənqidi mülahizələri, məsxərə və ittihamları şərh edib: 


"Əlbəttə, Operativ Qərargahla (OQ) bağlı çox tənqidi yanaşılan ciddi fikirlər var. Mən buna çox təbii baxıram. Amma ümumiyyətlə OQ yaradılması, ölkədə gedən proseslərin idarə olunması hesab edirəm ki, həm idarəçilik, həm dövlət qurumlarının cəmiyyət və media qarşısında hesabatlılığı baxımından çox ciddi bir dönəmdir. 


Burada müsbət cəhətləri də demək lazımdır ki, hər gün proseslərlə bağlı cəmiyyətə canlı yayımda məlumatlar verilir. İndiyədək bizdə nə bu cür komissiya, nə bu cür qurum olmayıb ki cəmiyyətə bu qədər hesabatlılıq versin, cəmiyyəti narahat edən sualları cavablandırsın, əhalini operativ məlumatlandırsın. 


Canlı yayımda müxtəlif qurumları təmsil edən məsul şəxslərin gəlib hesabat verməyini çox müsbət amil kimi qiymətləndirmək lazımdır. Əslində bu hökumət qurumları ilə cəmiyyət, media arasında çox gözəl bir körpüdür. O ki, qaldı işlərin keyfiyyətinə və prosesin idarə olunmasına, nəzərə almaq lazımdır ki, qeyri-standart situasıyadır və bu bəla özünün çox çalarlılğı, mürəkkəbliyi ilə diqqəti cəlb edir. Çünki bu, görünməz bir düşmənə qarşı mübarizədir və burada taktiki addımlar doğru da ola bnilir, təbii ki yanlışlıqlar var. 


Əlbəttə, sosial şəbəkələrdə OQ lağ obyektinə çevirmək cəhdi də var. Məncə bunu məsxərə predmeti kimi yox, bu qurumun fəaliyyətinin populyarlaşması, onun ictimaiyyət arasında söz sahibi olması ilə əlaqələndirmək olar. Bütün hallarda hamımızın həyatımız onların qərarlarından çox asılıdır. 


Avqustun 5-dən gözləntilər çox idi. Cəmiyyət, ayrı-ayrı fərdlər təbii ki, öz maraqları, ehtiyacları üçün çalışırlar, öz gözləntiləri var. Amma bu qərargah statistikaya əsaslanır. Yəni verilən qərarların bir alt yapısı var. Təbii, deməzdim ki ideal qərarlar qəbul olunur. Amma reallığa uyğun addımlar atılır. Məsələn, mənim də düşüncəmə görə, rayonlara gedib-gəlişin bərpa olunması çox vacib olardı. 


Əlbəttə, sosial məsafənin və digər zəruri şərtlərin qurunması ilə kiçik kafe və restoranların, insanlar üçün ünsiyyət məkanlarının açılması arzuolunan idi. Amma görünür buna gedilməməsinin arxasında da müəyyən ciddi arqumentlər və təhlillər var. OQ -ə gələn hökumət adamları içərisindən çox müsbət imici və nüfuzu olan insanlar da var. Cəmiyyətə hesabat vermək üçün ora çıxarılan insanların keyfiyyət baxımından müsbət cəhətlərini də görmək mümkündür. Hiss olunur ki, bu proses arxadan çox diqqətlə idarə olunur. Əlbəttə, cəmiyyət olaraq arzu-istəklərimiz çoxdur və istəyirik ki, bu ağrılı və stresli proses tez bitsin. İndi söz -söhbətlər də gəzir ki, bundan sui-istifadə edilir, insanların azadlıqları boğulur. 


Bu cür fikirlərin tezliklə aradan qalxması üçün addımlar atılmalıdır. Bütün hallarda OQ fəaliyyətinin çox müsbət cəhətləri ilə yanaşı cəmiyyəti qane etməyən məqamları da var. Amma bunların heç biri əsas vermir ki, biz həmin qurumu məsxərə predmetinə çevirək, onu lağa qoyaq, fəaliyyətinə qeyri-ciddi myanaşaq. Amma buna daanlayışlı yanaşmaq lıazımdır, mentalitetdən gəlmə məsələlər də var, insanlrda yumor hissi güclüdür. 


Mən arzu edirəm ki, bu bəla tezliklə yox olsun və OQ da cəmiyyətin qınaq obyektinə çevrilmək əzabından qurtulsun.(Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top