Operativ və çevik addımlar nəticəsində ölkəmizdə koronavirusun qarşısı alınır

GÜNDƏM 07 avq 2020, 13:49

Koronavirus pandemiyasının bəşəriyyəti qorxu içərisində saxlamasının 6-cı ayı tamam olur. Bu müddət ərzində dünya iqtisadiyyatı ciddi ziyanla üzləşdi, çoxlu sayda iş yeri itirildi, insan tələfatı oldu. Dünya sanki belə bir təhlükə ilə ilk dəfə idi üzləşirdi. Hətta inkişaf etmiş qüdrətli dövlətlər belə pandemiyanın qarşısında aciz qalıb. Dünyanın bir parçası olan Azərbaycan ilk gündən koronavirusa qarşı ciddi mübarizə apardı. Operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində koronavirusun geniş yayılmasının, ölkəmizə ciddi zərər vurmasının qarşısı alındı. Avqustun 6-da Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə də bu barədə ətraflı məlumat verildi.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.


“Son 10 günün statistikası da təsdiqləyir ki, koronavirusla düşünülmüş mübarizə öz müsbət nəticəsini göstərir. Artıq on gündür ki, virusa yoluxanların sayı sağalanların sayından qat-qat azdır. Dövlətimizin başçısı dediyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bu, vaxtında görülmüş tədbirlərin nəticəsidir və vəziyyət bu günə qədər nəzarət altındadır. İlk günlərdən, yəni, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşündə də dövlətimizin başçısı görülən işlər barəsində ətraflı məlumat verdi.


Qeyd olundu ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdı. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparıldı. Dövlətimizin başçısının Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırıldı. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edildi. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edildi. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırıldı. Bu gün də metropoliteninin fəaliyyəti bərpa olunmayıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Bütün bunlar ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə edilib”, - deyə Ç.Qənizadə bildirib.


Vurğulanıb ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və dünya ictimaiyyətinin də bu bəladan xilas olmasına öz töhfələrini verir. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə ÜST-ə 10 milyon dollar ianə edib, 30-dan çox ölkəyə humanitar yardım göstərib. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanıb. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib və respublikamızı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib.


Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə də qeyd edildiyi kimi, bütün təşkilati məsələlərin lazımi səviyyədə həlli əhalini bu təhlükəli virusdan tədricən xilas etdi. Qısa müddət ərzində xəstəxanalar yenidən quruldu və xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırıldı. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə çox aşağı səviyyədədir. Hazırda 46 xəstəxana yalnız koronavirus xəstələrinə xidmət göstərir. Qürurverici haldır ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib, əsaslı şəkildə təmir edilib və ya müasir avadanlıqlarla təchiz olunub. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisini xüsusi qeyd etmək istərdim. İndiyədək modul tipli 9 xəstəxana istismara verilib. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində dövlətimizin başçısının iştirakı ilə bu xəstəxanaların açılışı olub. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayının bütövlükdə 16-ya çatdırılacağı qərara alınıb. Bununla da təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Əgər vaxtında bu addımlar atılmasaydı, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik. Artıq bunların hamısı arxada qaldı.


Çingiz Qənizadə deyib ki, ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində insanların sağlamlığının qorunması dövlət siyasətinin prioritetini təşkil edib. Bu müddət ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlərin görülməsi, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsi də bundan xəbər verir. Bu illərdə respublikamızda 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub. Azərbaycanda hər il 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçirilir.


Pandemiyanın yaratdığı işsizlik probleminin də dövlətimizin başçısının diqqətindən kənarda qalmadığını deyən Komitə sədri bildirib: “Virusdan zərər çəkən fiziki şəxslərə, şirkətlərə, o cümlədən aztəminatlı ailələr kompensasiya ödənilib. Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olundu. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu.


Belə faktlardan istənilən qədər göstərmək mümkündür. Faktlar da təsdiqləyir ki, son 17 ildə insanların sağlamlığının qorunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetini təşkil edib”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top