Erkin Qədirli: "Dövlət öz xərclərini azaldıb maliyyə yükünü vətəndaşların üzərinə atmamalıdır"

SOSİAL 06 avq 2020, 22:44

Bu gün (6 avqust) Milli Məclisdə büdcəyə düzəlişlərlə bağlı qanun layihiəsinin ikinci oxunuşu oldu. Təhsli xərcləri ilə bağlı ReAl-ın təklifini birinci oxunuşda səsləndirmişdim (videosu ReAl-ın səhifəsində yerləşdirilib). Bu gün ikinci dəfə söz aldım və təklifimizi fərqli kontekstdə müdafiə etdim (onun da videosu ReAl-ın səhifəsində yerləşdirilib). Təklifimiz budur - bir halda ki, dövlət öz təhsil xərclərini 121 milyondan bir qədər artıq məbləğdə azaldır (karantinə görə), vətəndaşların da 2020-2021 tədris ili üçün təhsil xərcləri ən azı 50% azaldılmalıdır. Yəni, xərclərin azaldılması qarşılıqlı olmalıdır. Dövlət burada öz xərclərini azaldıb maliyyə yükünü vətəndaşların üzərinə atmamalıdır. Nazirlər Kabinetinin 13 aprel 2020 il tarixli qərarı olsa da, orada yalnız xüsusi imtiyazı olan təbəqə əhatə olunub: 1) hər iki valideyni (biri də yox, ikisi də) I və ya II qrup əlil olanlar; 2) işsiz kimi qeydiyyatda olanlar (işsizlərin gerçək sayı qeydiyyata alınmışlardan xeyli çoxdur; 3) yaşına görə pensiya alanlar; və 4) yaşına görə sosial müavinat alanlar. Bunlara, şübhəsiz ki, yardım olunmalıdır. Bununla belə, bu, çox dar bir çevrədir.

 

Təhsil iqtisadiyyatın önəmli bir parçasıdır. Biz bunu çox zaman unuduruq, çünki təhsilə edilən yatırımların faydası uzun illərdən sonra alınır. Üstəlik, vətəndaşların öz övladlarını oxutmaq üçün ödədiyi pul, onların ailə büdcəsinin önəmli hissəsidir. Özü də elə bir hissəsidir ki, başqa xərclərini kəsməyə hazır olan vətəndaşlar, övladlarının təhsilinə ödədiyi pulu kəsmək istəmirlər. Nazirlər Kabinetinin qərarında yuxarıda göstərilmiş 4 kateqoriyadan başqa kimsənin olmamasını anlamaq çətin deyil - bu kateqoriyadan olan şəxslərin elektron bazası var, onları hesablamaq və tapmaq asandır. Hər halda, Nazirlər Kabineti belə düşünür. Hərçənd, yuxarıda yazdığım kimi, işsizlərin gerçək sayı ilə qeydiyyatda olan sayı arasında ciddi fərq vardır və karantin dönəmində işini itirənlərin və ya dayandıranların sayı daha da çoxaldı. İşini itirməyənlərin və ya dayandırmayanların da gəlirləri xeyli azalıb son aylarda. Odur ki, meyarlara yenidən baxmaq gərəkdir.

 

Bu məsələdə profil komitə sayılan İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili müzakirələrin yekununda dedi ki, bu təklifi qanunverici təşəbbüsü hüququnun subyekti (bu halda Prezident) ilə razılaşdırılmalıdır. Burası aydındır, Konstitusiyanın tələbidir. Sonra Maliyyə Nazirinin müavini Azər Bayramov söz aldı və bu təklifi Təhsil Nazirliyi ilə müzakirə edəcəklərini söylədi. Müzakirə və razılaşdırma söhbətini açmaları yaxşı oldu. Görək nə qərara gəlirlər.

 

Milli Məclisin deputatı Erkin Qədirli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top