"Nəvəm deyir ki, görən niyə daş olub mənim atam" — Şəhid zabitin anası

SOSİAL 06 avq 2020, 19:33

“İndi qəbir üstündən gəlmişəm. Kiçik oğlum məni Mirzənin qəbirindən güclə ayırıb evə gətirib. Ağladığıma görə oğlum məni çox vaxt qardaşının qəbiri üstünə aparmır, amma xəlvət özüm gedirəm”

 

Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan Baş-leytenant Mirzə Novruzovun anası Rüxsarə Novruzova deyib. Şəhid anası bu gün daha bir doğum gününü Mirzəsiz keçirdiyini bildirib:

 

“Buna yaşamaq demək olarsa, mən yaşayıram. Mirzəsiz mənə nə həyat? İndi qəbir üstündən gəlmişəm. Kiçik oğlum məni Mirzənin qəbirindən güclə ayırıb evə gətirib. Ağladığıma görə oğlum məni çox vaxt qardaşının qəbiri üstünə aparmır, amma xəlvət özüm gedirəm. Ana üçün birinci övlad həmişə əziz olub. Bütün övladlarım əzizdir, amma Mirzə mənim hər şeyim idi, sirdaşım idi. Ona zəng vuranda deyirdi ki, “ana, darıxma, özüm sənə zəng vuracam”. Kiçik qardaşı dəcəllik edəndə ona zəng vurub gileylənirdim. Qardaşına deyirdi ki, “əsgərlərim mənə qarşı necədirsə, sən də elə ol”. Mirzə mənə ata, yoldaş, oğul kimi dayaq idi. Çox qeyrətli uşaq idi. Qurban bayramında gedib əsgərlərlə heyvan kəsirdi”. 
Şəhid anası oğlunun yadigarları olan nəvələrinin artıq böyüdüyünü bildirib:

 

“Mirzənin övladları böyüyür, Nihadın 12, bacısı Nurayın isə 9 yaşı olacaq. Nihad həmişə danışan uşaq deyil, o gün anasına deyib ki, “hamı deyir ki, atan qəhrəman olub, atam yadımdadı, amma ata deyəndə daş yadıma düşür. Görən niyə daş olub mənim atam?”. Uşağın məntiqinə baxın. Mən həmişə oğlumla fəxr etmişəm. O, dərslərini həmişə yaxşı oxuyub, elə bir başqa cəhətini görməmişəm. Bu gün Mirzənin ad günü idi, elə bilirdik ki, gələcək və ona görə hazırlıq görmüşdüm. Amma gedib yenə də daşla qarşılaşdım”. 

 

Xatırladaq ki, Mirzə Novruzov 1984-cü il avqustun 5-də anadan olub. Silahlı Qüvvlərimizin zabiti 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz İkinci Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. 


Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top