"Büdcədəki yeniliklər vətəndaşların sosial müdafiəsinə yönəlib" — Deputat

SOSİAL 05 avq 2020, 23:53

Büdcə müzakirələri parlamentə bir paket şəkilində daxil olub. Həm dövlət büdcəsinə, həm Sosial Sığorta Fondu, həm də İşsizlikdən Müdafiə Fondunun büdcələrinə dəyişiklik edildi. Bununla yanaşı olaraq məşğulluq və işsizlikdən sığorta haqqında qanuna da əlavələr olundu. Eyni zamanda İnzibatı Xətalar Məcəlləsinə də bir sıra dəyişikliklər təsdiqləndi.

 

Demokrat.az bildirir lki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev bildirib.

 

O qeyd edib ki, bu addımlar vətəndaşın xeyrinə olan pozitiv dəyişikliklərdir.

 

Millət vəkili bildirib ki, büdcədəki yeniliklər işçilərin iş yerlərinin qorunması, bir sözlə, vətəndaşların sosial müdafiəsinə yönəlib:

 

“Büdcə dürüstləşmələrinin əsas səbəbi ilin əvvəlindən başlayaraq karonavirus pandemiyası və bunun nəticəsində iqtisadi fəallığın azalması, neftin qiymətinin aşağı düşməsi, iqtisadi əlaqələrin zəifləməsi nəticəsində gəlirlərin azalması ilə bağlıdır. Koronavirusun törətdiyi fəsadların qarşısının alınmasına, həm iqtisadiyyatı, həm insanları bu prosesdən daha az ziyanla çıxarmaq üçün əlavə xərclərə ehtiyac var idi. Məhz büdcənin dürüstləşməsində də bu istiqamət əsas götürüldü”.

 

Komitə sədri səhiyyə xərclərinin də xeyli miqdarda artırıldığını bildirdi.

 

M.Quliyevə görə, səhiyyə xərclərinin artırılmasının səbəbi koronavirusla mübarizədə əlavə tədbirlərin görülməsi ilə bağlı idi: “Klinikaların tikilməsi, uyğun tibbi ləvazimatların, diaqnostik vasitələrin, testlərin alınması, həkimlərin məvaciblərinin artırılması və digər məsələlər əhatə olunub”

 

Musa Quliyev büdcədə ordunun xərclərinin də artırıldığını bildirdi.

 

“Bu olduqca vacib bir məsələdir. Son Tovuz olayları da göstərdi ki, Azərbaycan Ordusu güclü və müasir silahlarla və texnika ilə təmin edilib. Ordunun tələbatının ödənilməsi üçün büdcə xərclərindən lazımı səviyyədə istifadə etmək vacibdir”

Millət vəkili büdcə dürüstləşməsinin gəlirlərlə, xərclər arasındakı balansı qorumaq və disbalans yaranmasına imkan verməməkdən ibarət olduğunu da diqqətə çatdırıb:

 

“Ona görə də neft gəlirlərinin də qiymətlərinə yenidən baxıldı. Təsdiq olunmuş əvvəlki büdcədə neftin qiyməti 55 ABŞ dollarından götürülmüşdüsə, indi 35 dollar səviyyəsində qəbul edildi və etibarlı bir büdcə formalaşdırıldı. Buna baxmayaraq kifayət qədər ehtiyyat yastığımız və valyuta ehtiyyatlarımız var. O cümlədən Neft Fondunun valyuta ehtiyyatları da kifayət qədərdir. Amma proqnozlaşdırmaq olmur ki, bu pandemiya nə vaxta qədər davam edəcək. Ona görə də belə bir ehtiyyatlı büdcənin təmin olması zəruri idi”.

 

Deputat Dövlət Sosial Sığorta Fondunun və İşsizlikdən Sığorta Fondunun da büdcələrinə də yenidən baxıldığını və uyğunlaşmaların aparıldığını söylədi.

 

O qeyd etdi ki, büdcə dürüstləşmələri imkan verəcək ki, bu ilin sonuna qədər dövlətin bütün büdcə öhdəlikləri yerinə yetirilsin:

 

“Maaşlar, təqaüdlər vaxtlı-vaxtında ödəniləcək və məbləğlərdə azalma baş verməyəcək. İş yerlərində ixtisarlar olmayacaq. əlavə iş yerlərinin açılması üçün yeni proqramlar hazırlanacaq. Sosial müdafiə tədbirləri daha da gücləndiriləcək. Əlillərin, şəhid ailələri üçün mənzillərin, minik avtomobillərinin verilməsi, sosial reabilitasiya tədbirlərinin görülməsi üçün də vəsait ayırılacaq. İşsizlikdən Sığorta Fondunun büdcəsinə də yenidən baxıldı və büdcədə 23 milyon manatlıq bir artım olacaq. Bu artım da imkan verəcək ixtisar edilən işçilərə sığorta imkanları genişlənsin. Peşə hazırlığı, özünü məşğulluq proqramları genişlənəcək. Bu il 12 min, gələn il isə 15 min insan özünüməşğulluq proqramlarına cəlb ediləcəkdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top