"Azərbaycan Ordusu bütün istiqamətlər üzrə güclü hərbi imkanlara malikdir" — Hərbi ekspert

SİYASƏT 27 sen 2018, 10:16

Azərbaycanın son illərdə hərbi sənaye kompleksinin stimullaşdırılması üçün həyata keçirdiyi iri layihələr ölkəmizdə beynəlxalq tədbirlərin, eləcə də müdafiə sərgisinin keçirilməsinə imkan verib.


Bunu AZƏRTAC-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.


R.Məmmədli bildirib ki, artıq 3-cü dəfədir Bakıda keçirilən Azərbaycan Beynəlxalq müdafiə sərgisində Azərbaycan və dünyanın ən iri müdafiə sənayesi şirkətləri öz məhsullarını nümayiş etdirirlər. Bu, ondan xəbər verir ki, artıq ölkəmiz beynəlxalq hərbi sənaye sahəsində işgüzar görüş məkanına çevrilib. “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq müdafiə sərgisində MDB ölkələri ilə yanaşı, inkişaf etmiş dünya dövlətlərinin tanınmış şirkətləri bu gün öz məhsullarını nümayiş etdirirlər. Məsələn, ilk dəfədir ki, Hindistan, İran kimi böyük ölkələrin şirkətləri "ADEX-2018"də iştirak edir. Bu, Bakıda keçirilən sərgiyə olan marağın artmasının göstəricisidir. Bundan başqa, Rusiyanın özəl müdafiə sənayesi şirkətləri də sərgidə öz məhsullarını nümayiş etdirirlər.


R.Məmmədli qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və xüsusi diqqət ilə yaradılan, bu gün də inkişafı göz qabağında olan Müdafiə Sənayesi Nazirliyi Azərbaycanın hərbi texnologiyalarının inkişafını stimullaşdırır. Artıq Azərbaycan müdafiə sənayesi kompleksinin müəssisələrində PUA-lardan tutmuş zirehli döyüş transportyorlarına qədər silahlı qüvvələrin tələbatına uyğun məhsullar istehsal olunur. Bundan başqa, Azərbaycan artıq bu sahədə ixracatçı ölkə kimi də inkişaf etməkdədir. Artıq Azərbaycanın istehsal etdiyi atıcı silahlar, müdafiə sənayesində istehsal olunan qurğular xarici ölkələrin ordularında istifadə edilir.


Müdafiə sənayesi kompleksinin inkişafı Azərbaycan Ordusunun milli texnikalarla təchiz olunmasına səbəb olur. Demək olar ki, orduya vacib olan bir çox texnika və silahlar artıq Azərbaycanın milli istehsalıdır. Bu, milli təhlükəsizliyimiz üçün də vacib məqamlardan biridir. Bununla yanaşı, ordumuz iri şirkətlərin istehsalı olan müasir texnikalarla da silah və texnika arsenalını gücləndirir. Azərbaycan Ordusu bütün istiqamətlər üzrə güclü hərbi texnikaya və silah imkanlarına malikdir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top