Serbiya hakimiyyətindən Azərbaycana və serblərə qarşı XAİN ADDIM

GÜNDƏM 04 avq 2020, 18:43

Tovuz döyüşləri Serbiyanın işğalçı ölkəyə silah satması faktının da ortaya çıxmasına səbəb oldu. Söhbət minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatdan gedir. Bu silahlardan istifadə edən erməni hərbi birləşmələrinin təxribat hücumu nəticəsində Azərbaycan Ordusu 11 şəhid verdi, o cümlədən sərhəd kəndinin bir sakini həlak oldu. 

 

Rəsmi Bakı haqlı olaraq, Serbiyadan bunun cavabını tələb edir. Xüsusilə, Azərbaycanın bu ölkəyə verdiyi dəstək fonunda bu addımın atılması nə diplomatiyaya, nə qarşılıqlı münasibətlərə, nə də siyasi əxlaqa uyğun deyil.


Serbiya prezidenti Aleksandr Vuçiç isə jurnalistlərlə müsahibəsində bu addımlarına haqq qazandırmaq üçün bildirib ki, onların hərbi sənaye kompleksində 17 min insan çalışır və silah sataraq onların yaşayışı təmin edilir. Belə çıxır ki, serbiyalı prezident Azərbaycanın Serbiya üçün etdiklərini ya unudub, ya da xatırlamaq istəmir.


Azərbaycan Kosovonun müstəqilliyini tanımadı və öz hərbçilərini ilk çıxaran ölkələrdən oldu. Bununla yanaşı, Azərbaycan Kosovonun müstəqilliyinə etiraz edən ilk ölkələrdən də biri idi. 2008-ci il fevralın 17-də brifinq keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü dövlətin mövqeyini belə açıqlayıb: “Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur”.


Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarı ilə geri çağırılıb və aprelin 15-də taqım Azərbaycana qayıdıb.


2009-cu ildə Beynəlxalq Məhkəmədə dinləmələr zamanı Azərbaycan Kosovonun müstəqilliyinin qeyri-qanuni olduğunu bəyan edib. 2010-cu ildə Bakıda Serbiya prezidenti Boris Tadiçlə görüşən Prezident İlham Əliyev Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Cənab İlham Əliyev bildirmişdi ki, birtərəfli qaydada Kosovonun müstəqilliyinin elan olunması qeyri-qanunidir. Dünya ölkələri beynəlxalq qanunvericiliyə hörmətlə yanaşmalıdırlar.


Lakin Ermənistan Kosovo məsələsində Serbiyaya zərbə vurdu. 2008-ci il martın 12-də Ermənitan prezidenti Serj Sarkisyan bildirdi ki, onun ölkəsi həmişə “xalqların öz müqəddəratını təyin etmək” hüququnu dəstəkləyir və Ermənistan Kosovonun müstəqilliyini alqışlayır. Ermənistan hərbiçiləri hazırda da Kosovadadırlar.


Bu gün Azərbaycan bütün instansiyalarda Serbiyanın ərazi bütövlyünü dəstəkləyir. Təəssüf ki, Serbiya qeyri-adekvat davranışı ilə ikitərəfli münasibətlərin ruhuna uyğun davranış nümayiş etdirmir. Görünür, bu ölkənin rəhbərliyi öz ərazi bütövlüyünə hörmət etmir, əks təqdirdə, onun ərazi bütövlüyünə qarşı çıxan Ermənistana silah satmazdı.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top