“Toyda kimsə gedib kiminsə ağzını yalamır ki...” — Baloğlan

ŞOU-BİZNES 04 avq 2020, 15:04

Əməkdar artist Baloğlan Əşrəfov müsahibə verib.

 

Demokrat.az həmin müsahibəni təqdim edir:

 

- Baloğlan müəllim, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Operativ Qərargahın qərarı ilə mart ayından bu günə kimi Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulub. Müğənnilər və onları müşayiət edən musiqiçilər necə dolanır?

 

- Toylar onların əlində ən zəif nöqtədir. Çünki mübarizə aparan yox, dərdini deyən yox, gücləri ancaq müğənnilərə və müsiqiçilərə çatır. Çimərliklər açıla bilər, vaqonlar işləyə bilər, təyyarələr uça bilər, hər sahə işləyə bilər, amma toylar ola bilməz. Yazıq musiqişilər... Gündəlik çörək puluna işləyən adamlardır. Hər yerdən əlləri üzülüb. Onların çörək gələn yerini bağlamaq ən asan qərardır. Arxaları yox, dayaqları yox... Musiqiçilərin necə dolandığını məndən deyil, hökumətdən soruşun. Bunu toyların bağlanması ilə bağlı qərar verənlərdən soruşmaq lazımdır. Hansı ki, bu qərarı verənlər hər ay sonu maaşlarını alırlar. Sonra gedib oturub stolda xalqa deyirlər ki, "toy olmamalıdır". Amma mən məsləhət bilərdim ki, onlar 4 ay ərzində öz maaşlarını dövlətə bağışlayardılar. Yaxud da müəyyən fondlara keçirib, millətə paylayardılar. Bu da olardı əla. Biz də bilərdik ki, "toy olmayacaq" deyənlər də bizim kimi maaşa işləyənlərdir. Bizim və musiqiçilərin taleyi necə olacaq, bunu bir Allah bilir, bir də qərar verənlər. Ailədə bir iş olanda evdə ərki çatan uşaqlardan hansı zəif olur, qapazı onun başına vururlar.

 

- Avqustun sonuna kimi toy olmayacaq. Ardınca da Məhərrəmlik ayı başlayır. Bir sözlə, noyabr ayının ortalarına kimi toy olmayacaq...

 

- Onlar bilməli idilər ki, bu məmləkətdə çox adam gündəlik çörəkpuluna işləyir. And olsun Allaha, bu saat elə musiqiçilər var ki, onların yaşayışını görəndə adamın ürəyi kabab olur. Günəmuzd işləyən adamlar pul yığa bilmirdilər. Üstəlik də tarixdə heç vaxt belə bir hadisə olmayıb. Uzağı bir ay Orucluq, iki ay da Məhərrəmlik olurdu. Daha bu formada hadisə olmayıb. Bu üzdən də onlar qara gün üçün pul yığmırdılar, gündəlik qazandıqları puldan balalarını saxlayırdılar. Ona görə də onların başına qapaz vurmağa nə var. Bir iş olan kimi "musiqiçilərə olmaz" deyirlər. Onlar bir şeyi bilməlidirlər ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi təmtəraqlı şadlıq evləri yoxdur. Hamısı da həmin restoranlarda balalarına toy edib. Bizim adətimiz başqa cürdür. Ora girəndə bilirsən ki, burada infeksiya ola bilməz. Hamısı hər gün təmizlənir. Toya da gələnlər ailəvi olur, bacı-qardaş masada otura bilər. Yaxud da dezinfeksiya işləri hər toydan sonra aparılır. Özü də toydan əvvəl və sonra. Toyda kimsə gedib kiminsə ağzını yalamır ki... Hamı mədəni formada oturur öz ailəsi, yaxını və tanışı ilə. İstər yuxarılarda, istər Ümumdünya Səhiyyə Təşkilatında bu qərarlar hazırlananda heç kim Azərbaycanda olan sadlıq evlərinin formasını düşünmür. Hamı elə bilir ki, gündəlik girib-çıxdıqları restoranlar kimidir. Amma belə deyil. Bizim musiqiçiləri, elin adət-ənənələrini, insanların dolanışığını nəzərə almaq lazım idi.

 

Canları sağ olsun, onların yerində olsam ümumiyyətlə, toy olmasın deyərəm. Çünki onların bu qərarı verməyə şansı da var, imkanı da. Şükür Allaha maaşlarını da alırlar. Mən də onların yerində otursam, görsəm ki, mənim heç bir problemim yoxdur, istədiyim formada qərar verərəm. Onlar bilmir ki, bu millətin musiqiçi tayfası mart ayından bu günə kimi nə gündədir? Necə yaşayır? Nə yeyir? Nə ola-olar da.

 

- Operativ Qərargahın keçirdiyi brifinqlərə baxırsınız?

 

- Əlbəttə... Dünən yenə brifinq vardı. Demək olar ki, əvvəldən axıra kimi dəniz, dəniz, çimərlik deyib durdular. Ə, yekə adamsınız, nə qədər çimərlikdən danışarlar? Kim ağızını açır, çimərlik deyir. Dəniz açıla bilər, toylar yox? Dedilər və açmağa da qərar verdilər. Əcəb etdilər, musiqiçilər kimdir axı? Onların əlindən nə gəlir ki, nə etsinlər. Olanı demək lazımdır, musiqiçilərin hamısı bir deyil, onların içində siyasəti bilən, həyatı dərk edənlər var. Musiqiçiləri fikirləşən yoxdur. Mən dövlətimin siyasətini dəstəkləyirəm. Amma siyasətçi deyiləm, siyasətə qarışmıram. Bu ölkənin vətəndaşıyam, bütün qayda-qanunlara əməl etməyi özümə borc bilirəm. Amma tələsik verilən qərarlardan narazıyıq. Musiqiçinin silahı onun ifasıdır. Tanınmış və bu dünyanı tərk etmiş bir musiqiçi deyib ki, "əgər dünyanın hər hansı bir ölkəsində top atılsa, onun qəlpəsi gəlib Azərbaycanda musiqiçilərə dəyir". Koronavirusun mənbəyi xarici ölkədən gəlib. Əgər bu varsa, niyə Rusiyada, Leninqradda, Gürcüstanda neçə gündür toylar keçirilir? Koronavirus ancaq Azərbaycandadır?..”(qaynarinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top