"Düşmən hər an yeni təxribatlara əl ata bilər"

SİYASƏT 03 avq 2020, 23:44

Xəbər verdiyimiz kimi, düşmənin "Twitter"də Azərbaycanın Müdafiə Nazirliyinin adına saxta səhifə yaradıb. Bununla bağlı bəyanat verən Müdafiə Nazirliyi, erməni təxribatı ilə bağlı hər kəsi məlumatlandırıb, səhifənin ləğvi üçün ictimaiyyəti məlum səhifənin şikayət etməyə səsləyib.


Demokrat.az Trend-ə istinadən bildirir ki, bu barədə açıqlama verən Respublika Veteranlar Təşklilatının sədr müavini, polkovnik Cəlil Xəlilov düşmənin təxribatlarına qarşı mübarizədə media və ictimaiyyətin aktiv iştirak etməsinin vacib olduğunu vurğuladı:


"Ermənilərin son addımı düşmənin informasiya təxribatının davam etdiyini, işğalçı dövlətin beynəlxalq ictimaiyyəti aldatmaq üçün yeni təxribatlara əl atdığını göstərir. Bu fakt onu göstərir ki, iyul döyüşlərində məğlub olan Ermənistan, işğaldakı torpaqları azad etmək haqqında deyil, yeni təxribatlar və yalanlar haqqında düşünür. Düşmən yalan informasiyalarla ictimai rəyi çaşdırmağa, xalqımızın və ordumuzun mənəvi-psixoloji durumuna təsir göstərməyə çalışır.


Şübhəsiz, hər bir azərbaycanlı, xüsusilə də milli mediamız düşmən təxribatlarının qarşısının alınmasında yaxından iştirak etməli, bu kimi məsələlərdə Müdafiə Nazirliyinə əlindən gələn dəstəyi əsirgəməməlidir. Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər və odur ki, bir an belə olsun sayıqlığımızı itirməməliyik. Çalışmalıyıq ki, düşmən təxribatlarını vaxtında de-şifrə edək, bu təxribatları birlikdə dəf edək.


Unutmaq olmaz ki, biz düşmənlə bütün müstəvilərdə mübarizə aparırıq və bu mübarizənin uğurla başa çatması üçün hər birimizin dövlətimizin ətrafında sıx birləşməsinə, onun hər bir çağırışına anındaca cavab verməyimizə ehtiyac var. Əminəm ki, bu günə qədər bu mübarizədə böyük əmək sərf edən KİV, bundan sonra da dövlətimizə lazımi dəstəyi verəcək və düşmən təxribatlarının ifşa edilməsində hər zamankı kimi yaxından iştirak edəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top