"Paşinyanın Azərbaycana meydan oxumalarına sərt cavab verilməlidir" - Deputatdan ÇAĞIRIŞ

SİYASƏT 26 sen 2018, 18:26

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri öncəsi Ermənistanın Hərbi Hava Qüvvələri təyyarələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz uçuşlar keçirməsi təsadüfi deyil". 


Demokrat.Az xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fərəc Quliyev deyib.


Onun sözlərinə görə, Rusiya Ermənistanın mundiri altında Dağlıq Qarabağ və digər ərazilərimizi işğal edib: 

"Sadəcə olaraq Rusiya Ermənistanı ora gətirib bağlayıb. Bizim bütün problerimizi törədən Rusiyadır. Moskva Ermənistanın arxasında dayanaraq ona maddi və mənəvi dəstək verir. İndi də ermənilər ağalarına güvənərək işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın iştirakı ilə uçuşlar həyata keçirirlər. Arxalı köpək qurd basar deyiblər. Elə bu məsəl də yerinə düşür".


Millət vəkili hesab edir ki, Azərbaycanın bu təxribatların qarşısını ala biləcək bütün imkanları var: 


"Azərbaycanın müttəfiqləri Ermənistanın müttəfiqi olan Rusiyadan zəif deyil. İmkanlarımız da onlardakından zəif deyil. Hətta bu, Rusiyanın birbaşa özü tərəfindən olsaydı, ölçü götürülməlidir. Ümumiyyətlə istər hərbi təyyarələrin uçuşu olsun, istər Paşinyanın dəfələrlə Dağlıq Qarabağa gəlişi olsun,istərsə də uçan aparatların, təyyarələrin və helikopterlərin Azərbaycan ərazisinə girişi olsun, bütün hallarda raketlərlə və digər vasitələrlə onların vurulması dərhal lazımdır. İmkanımız daxilində hava sərhədlərimizi qorumalıyıq. Söhbət təmas xəttindən getmir. İndi ATƏT və başqaları daha çox təmas xəttindən danışır. Torpaqlarımızın işğal olunmasından sonra yaranmış durumdan danışırlar. Mən birbaşa sərhəddən, Ermənistan-Azərbaycan dövlət sərhədindən danışıram. Ermənistan-Azərbaycan sərhədində hər hansı bir icazəsiz xarici təyyarə, uçan aparat görünürsə vurulmalıdır. Paşinyanın son zamanlar sərsəmlərinə və meydan oxumalarına sərt şəkildə cavab verilməlidir. Başqa yumşaq kompromis variantda onların ayağı yer alacaq".


Rusiya Prezidentinin sabah Bakıya səfəri çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasında mümkün irəliləyişə gəlincə, F. Quliyev qeyd edib: 


"Putinin Azərbaycan səfərində nələrin müzakirə olunacağına dair protokolu bilmirəm. Hər halda Azərbaycan bütün dövlətlərlə "sıfır problemli" qonşuluq siyasəti yürütməkdə maraqlıdır. Bu gün ortada olan problemin səbəbkarı biz deyilik. Rusiya Ermənistana xüsusu dəstək verir. Əgər bu problemi həll etmək istəyirsə, ermənilərin ipindən tutub yuvalarına bağlaması lazımdır. Başqa məsələlər, ticari-iqtisadi məsələlər müzakirə olunacaqsa, bu artıq işçi görüşdür. Bu adi görüşlərdən biri olacaq və xüsusi əhəmiyyət kəbs etməyəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top