Demokratiyanın düşməni demokratiyadan mühazirə oxuyur...

TƏHLİL 30 iyl 2020, 13:55

Mülki geyimli polislər etirazçıları güclə maşına salır və naməlum istiqamətə aparırdılar.


İyulun 28-də baş verən anti-demokratik addımlar daha çox başqa ölkələrlə diktə dili ilə danışması ilə seçilən ABŞ-da baş verdi. İnsanlar Nyu-York şəhərində etiraz aksiyası keçirirdi. Sərbəst toplaşmaq azadlığı onların bu etirazını haqlı edir. Beynəlxalq təcrübəyə görə, polislər etirazçıların təhlükəsizliyini qorumalıdır. Lakin insan haqları, demokratiya və söz azadlığı kimi dəyərlərdən danışan ABŞ-da polislər mülki geyimdə aksiyanı dağıtdılar və etirazçılara qarşı zorakılıq nümayiş etdirdilər.


“Nyu-York Times” yazır ki, şəhərdə təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edib, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək, naməlum istiqamətə aparıblar. Polis saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim edilməyib. Digər tərəfdən, polislərin mülki geyimdə olması da diqqət çəkən əsas məqamlardandır. 

 


Hadisə ABŞ-da böyük səs-küyə səbəb olub, lakin bu, o qədər də təəccüblü deyil. Çünki bu ölkədə insan haqları və söz azadlığını pozulması mütəmadi hal alıb.


Polis zorakılığı, dinc insanların öldürülməsi və sərbəst toplaşmaq azadlığının pozulması. Dünyaya demokratiyadan dərs keçən ölkənin gündəlik həyatı bundan ibarətdir.


May ayında Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi uzun illərdir davam edən rasizmin növbəti təzahürü idi. Nəticədə bu hadisə böyük etiraz aksiyalarına səbəb oldu. Günlərlə davam edən aksiyalarda jurnalistlər də daxil olmaqla onlarla insan yaralandı. Etirazlar polis zorakılığı ilə dağıdıldı. Hətta, rəsmilər polisə istənilən şəxsi vurmaq səlahiyyəti belə vermişdilər. 


ABŞ-ın beynəlxalq səviyyədə “polis dövləti” olaraq qəbul edilməsi təsadüfi deyil. Bu ölkədə polis sıravi vətəndaşı saxlayan zaman həmin şəxs kiçik bir etiraz edərsə, polisin güllələmək səlahiyyəti var. 


Bu, demokratiyadırmı? Xeyr. O zaman ABŞ rəsmiləri öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarmasına nə ad vermək olar?! 

 


Öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər.


Bu onu göstərir ki, ABŞ “güclüyəm, haqlıyam” prinsipi ilə hərəkət edir və başqalarına demokratiya dərsi keçməyə çalışsa da, heç kim ondan baş verənlərin hesabını soruşa bilməz. 


Görünür, heç bir beynəlxalq qınağa məruz qala bilməyən ABŞ başqa ölkələrlə insan haqlarından müharizə oxumağa vərdiş edib.


Bunun ən bariz nümunəsi Azərbaycandır. Bizim ölkədə hər dəfə özünü müxalifət adlandıran bəzi anti-milli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər.


Məsələ həqiqətən demokratik prinsiplərin qorunması, insan haqlarının toxunulmazlığıdırsa, ABŞ rəsmiləri öncə öz evlərində baş verənlərə qiymət verməli, daha sonra başqa ölkələr haqqında danışmalıdır. Əgər ABŞ-da insan haqları hər gün pozulursa, hər gün polis tərəfindən qətllər törədilirsə, bu ölkənin rəsmilərinin başqa ölkələr haqqında danışmaq haqqı yoxdur. Artıq onlar da bu gerçəyi anlamalıdırlar!


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top