Arif Məmmədov: birdəfəlik istifadə üçün...

TƏHLİL 26 iyl 2020, 19:18

Keçmiş səfir, 2015-ci ildə Azərbaycanı satdığı üçün diplomatik missiyadan rüsvayçı şəkildə qovulan Arif Məmmədovun son çıxışı Ermənistanın Azərbaycana qarşı əsas silahlarını aktivləşdirdiyini göstərir.


Azərbaycanı “azərbaycanlıların” dili ilə ittiham etmək. 

 

Tovuz təxribatında məğlubiyyətə uğrayan Ermənistan xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı terror hücumlarına başladı. Bu hücumlarla yanaşı, tarix boyu ermənilərin ən yaxşı bacardığı – özünü məzlum, hücuma məruz qalan tərəf kimi göstərmək təbliğatı da aparılır. 

 

Ermənilər azərbaycanlılara hücum edir, Ermənistan və ermənipərəstlər isə “hücumları Azərbaycan təşkil edir” təbliğatını aparırlar.


Arif Məmmədov məhz bu təbliğatın əsas ruporu rolunu oynayır. Ermənistan üçün bu, əla fürsətdi. Çünki bir dırnaqarası azərbaycanlının onların dediyini təkrarlaması Azərbaycanı ittiham altında qoymaq üçün ən yaxşı vasitədir.

 

Amma Arif Məmmədov doğrudanmı azərbaycanlıdır?


Ermənilər bu sualın cavabına sevə-sevə "hə" deyirlər, amma Arif Məmmədov cibində “azərbaycanlı” kimliyini daşısa da, şəxsiyyət olaraq heç vaxt azərbaycanlı olmayıb.


Moskva Hərbi İnstitutunu bitirən, daha dəqiq desək, QRU (Rusiyanın hərbi kəşfiyyatı) məktəbini keçən Arif Məmmədovun illər sonra öz həqiqi kimliyini ortaya qoyması onun Azərbaycan diplomatik missiyasına yerləşdirilmiş casus olduğunu deməyə əsas verir. 

 


O, diplomatik pillələri asanlıqla qalxmağı bacardı. 2000-ci ildə Arif Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri oldu. 2006-cı ilədək bu vəzifədə çalışdı. 


Eyni zamanda 2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksenburqdakı səfiri oldu. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Fransanın Strasburq şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri olub.


Nəhayət, Arif Məmmədovun casus olduğu 2015-ci ildə üzə çıxdı və diplomatik missiyadan qovuldu. O, Azərbaycana qarşı açıq xainliyə başladı, bir sıra dövlət sirrlərini müəyyən dairələrə ötürdü. O özü də bunu etiraf edib. Sonradan Arif Məmmədovun ortada qaldığı məlum oldu. Görünür, ondan istifadə edənlər artıq yararsız olduğunu anlayaraq, bir küncə tullamışdılar. 


Ömrü boyu satqınlıqla məşğul olan Arif Məmmədov oturmağa yeni qucaq axtarışına çıxdı. Amma öz Vətənini satan, xüsusilə diplomatiya kimi həssas işdə xainlik edəni hər ölkə, yaxud qüvvə qəbul etmir. Ən yaxşı halda bir dəfəlik istifadə edərək, tullayırlar.

 


Ortada qalan Arif Məmmədovun otura biləcəyi yeganə qucaq erməni xüsusi xidmət orqanları idi. Azərbaycana qarşı hər vasitədən istifadə edən düşmən ölkə artıq istifadə olunmuş casusu sevə-sevə qəbul etdi və görünən odur ki, Arif Məmmədovun əsas işi Bakıya qarşı informasiya müharibəsində “azəbaycanlı kimliyi” altında rol almaqdır.


Budur, o ermənilərlə əlbir olduğunu etiraf edir. Soydaşlarımıza qarşı terror hücumları təşkil edən Ermənistan “Hər şeyi Azərbaycan təşkil edib” təbliğatını aparır. Arif Məmmədov isə “Bütün hücumları, qarşıdurmanı Azərbaycan tərəfi təşkil edib” deməklə sahiblərinin sözünü təkrarlayır, qüvvətləndirir və öz xain missiyasını sevə-sevə yerinə yetirir.


Satqının Vətəni olmur, ona görə Arif Məmmədov azərbaycanlı deyil, heç erməni də deyil, sadəcə olaraq, birdəfəlik istifadə üçün lazım olan məlum əşyadır...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top