Ermənilər azərbaycanlılara hücum edir — Bunlar isə Azərbaycana...

TƏHLİL 24 iyl 2020, 15:35

Tovuz döyüşlərində məğlub olan ermənilər tarix boyu ən yaxşı bacardığı vasitəyə - terrora əl atdılar. Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika və Avropanın digər ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə təxribatçı hücumlar edilir, dünyada azərbaycanlılara qarşı vandalizm aktları törədilir.


Los-Ancelesdə 3 min erməni 50 azərbaycanlıya hücum etdi, nəticədə biri qadın olmaqla 7 nəfər müxtəlif bədən xəsarətləri aldılar.


Brüsseldə ermənilər azərbaycanlılara hücum edərək, fiziki xəsarətlər yetirib. 


Bir əsrdən çoxdur davam edən erməni terroru bu gün sivil Avropada yenidən xortlayır. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını öldürüb. 

 


1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirib. Yəni, baş verənlər təəccüblü deyil, bir əsrdən çoxdur davam edən erməni terroru fərqli miqyasda yenidən gün üzünə çıxdı və hazırda bu terrorun hədəfi azərbaycanlılardır.


Mümkündür ki, ermənilərin Avropada yenidən “diplomat ovu”na çıxmaq, ikinci “Orli qətliamı” törətmək planları var. Hazırda Azərbaycan dövləti müxtəlif istiqamətlərdə bu terrora qarşı mübarizə aparır. Bu Vətəni sevən, özünü azərbaycanlı sayan soydaşlarımız da qərib ölkələrdə yumruq kimi birləşərək, erməni terroruna, erməni işğalına qarşı çıxırlar.

 


Bəs, cibində azərbaycanlı kimliyi daşıyanlar, bu xalqa gələcəklə bağlı “vədlər” verənlər və hakimiyyətə gəlmək üçün şeytanla belə bazarlığa hazır olanlar hardadır? 


Niyə səsləri çıxmır?


Əgər onların dərdi hakimiyyətlədirsə, niyə indiki məqamda, işğalçı ölkəyə və erməni terroruna qarşı çox yox, bircə kəlmə heç nə demirlər?


Milli Şuranın sədri, yarımçıq tarixçi və yarımçıq siyasətçi kimi tanınan, hazırda okeanın o tayında olan Cəmil Həsənlinin rəsmi Feysbuk səhifəsinə diqqət edin, hər şeyi özünüz anlayacaqsınız...


Cəmil Həsənli 20 iyul tarixində köhnə ənənəsinə sadiq olaraq, okeanın o tayından Azərbaycanı qaralayır, erməni lobbisi də daxil olmaqla anti-Azərbaycan qüvvələrin leksikonu ilə “Azərbaycanda demokratiya yoxdur” tipli bəyanatlar verir.

 


İyulun 21-də Los-Ancelesdə, Cəmil Həsənlinin hazırda yaşadığı və hər gün Bakıya doğru ittihamlar yağdırdığı torpaqlarda 3 min erməni 30 azərbaycanlını qanına-qəltan elədi. Həmin gün Cəmil Həsənli “yoxa çıxmışdı”. Heç bir paylaşım etmədi, erməni terroruna bir cümlə də olsun etiraz etmədi, soydaşlarımızı müdafiə edən bir kəlmə də bəyan etmədi. 


Erməni terrorundan bir gün sonra – 22 iyulda Cəmil bəy yenidən “meydanlardadır” və yenidən Azərbaycana qarşı qaranlıq mətbəxlərdə hazırlandığına şübhə olmayan ittihamlar səsləndirir. Sonrakı günlərdə də eyni qaydada davam edir. 

 


Bəs okeanın o tayından Bakını görən Cəmil Həsənlinin gözləri yanında ermənilərin soydaşlarımıza qarşı törətdiklərini görmədimi?!


Onu ABŞ-a aparan və orada yaşamağına kömək edən Ramiz Yunus da, hər gün canlı efirə çıxıb, Azərbaycanı söyən Sevinc Osmanqızı da, Osmanqızının efirindən boylanan jurnalist Ələkbər Raufoğlu və onların hamısına “xaç atalığı” edən Əli Kərimli də ağızlarına su alıb oturdular. Doğrudanmı onların heç nədən xəbəri yoxdur, yoxsa “susun!” əmrindən çıxa bilmirlər?!

 

Arif Məmmədovun və Qənimət Zahidin yaşadığı Avropada ermənilər ASALA köynəklərini geyinərək, Azərbaycan səfirliklərinə hücum etdilər. Bir şapalağa dönüb haqdan qaçan Qənimət Zahid isə Milli Şuranın "zoom" konfranslarında, elə öz efirində də gic-gic söhbətlər edir, qabağına keçən hər kəslə öz aləmində “mırt” tutur. Amma erməni terrorundan bircə kəlmə də olsun danışmır.


Belçikada ermənilər azərbaycanlılara hücum etdi, ağır yaralananlar var, "Milli Şura" adı altında toplaşmış bu şəxslər isə sanki "dünyanın ən böyük problemi Azərbaycandır" kimi, yalnız ölkə daxilində danışırlar. 

 


Onlar erməni terrorunu görmürlərmi? Təbii ki, görürlər, amma susurlar.


Bu bir daha onu göstərir ki, hakimiyyətə gəlmək üçün xalqın adını istismar edən bu qüvvələrdə nə millət, nə Vətən sevgisi yoxdur. Onlar üçün ciblərini kim doldurursa, vətənləri də, millətləri də məhz odur.


Bəs, bunların cibini kim doldurur, ipləri kimin əlindədir?


Bir gün tarix bu suala cavab verəcək, amma fakt odur ki, bütün dünya erməni terrorundan danışarkən, bu qüvvələrin “Azərbaycanda insan haqları, demokratiya” kimi nağıllardan bəhs etməsi təsadüfi deyil. İstisna deyil ki, erməni lobbisinin də içində olduğu anti-Azərbaycan dairələr onların dili ilə dünyanın diqqətini erməni terrorundan yayındırmağa çalışır. Əks halda, millətini, Vətənini sevən kəs torpağını işğal edən, soydaşlarına qarşı vandalizm aktlarına əl atan erməniləri heç olmasa bir cümlə ilə qınayardı. Qınamırlar, çünki girdikləri qın bəllidir...


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top