“BU QANSIZLIQ, BU PAXILLIQLA HARA GEDƏCƏKSİNİZ?” – Yıldırım “Vətən” şeirini deyib…- VİDEO

DÜNYA 23 sen 2018, 22:16

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Bakıda keçirilən iclasda çıxışı zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının “Vətən” şeirini deyib.

BakuPost xəbər verir ki, o, şeiri səsləndirməzdən əvvəl məllifin adını ehtiramla qeyd edib.

B.Yıldırımın Milli Məclisdəki çıxışının tam mətni rəsmi KİV-də yayımlansa da, S. Rüstəmxanlının şeiri mətndən çıxarılıb. Ümumiyyətlə onun Xalq şairinin şeirini səsləndirməsinə dair heç bir məlumat verilməyib.

Məsələyə münasibət bildirən S.Rüstəmxanlı rəsmi KİV-lərin bu mövqeyindən təəssüfləndiyini bildirib:

Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi başqanı sayın Binəli Yıldırım Azərbaycan Parlamentinin 100 illik yubiley tədbirində çıxışında mənim “Vətən” şerimdən bir parça söyləyib. Sağ olsun. Ürəkdən təşəkkür edirəm. Söz yox, bu tək mənə yox, bütövlükdə Azərbaycan-türk sözünə, ədəbiyyatımıza sayqının, diqqətin bir nümunəsidir və mətbuatımızın, söz adamlarının, Türkiyə-Azərbaycan qan və ruh birliyinə dəyər verən insanların diqqətindən yayınmamalıydı. Həm də şeirim o məclisdə səslənir ki, orda mən 25 il millət vəkili olmuşam… Maraq üçün açdım rəsmi qəzetləri, bizim rəsmi xəbər agentliklərinin məlumatlarını oxudum və heyrətə gəldim. Sanki qardaş dediyimiz Türkiyənin məclis başqanı bu ölkənin şairindən misal gətirməyib, gərəksiz bir söz deyib və bunu qulaq ardına vurub keçmək lazımdır. Yəqin imkanları olsa Binəli Yıldırım danışarkən mikrofonları söndürərdilər ki, adımızı eşidən olmasın… Bu qansızlıqla, bu paxıllıqla hara gedəcəksiniz, nəyə nail olacaqsınız, cənablar? Rəsmi mətbuat, milli informasiya agentliyi adına neçə yaraşdırırsınız bu kar-kor münasibətini? Şükür, sözümüz çoxdan sizin təsir imkanlarınızdan kənardadır…”

Qeyd edək ki, MM-in bu xüsusi iclasına yalnız rəsmi KİV-lər buraxılıb.

Sözügedən şeiri S.Rüstəmxanlının öz səsi ilə təqdim edirik:

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top